Sərgi-yarmarka
kitab sənətinin inkişafına yeni təkan verəcək
Vaqif Bəhmənli: “Kitabın böyük
gününü birlikdə qeyd edək”
Sentyabrın 28-30-da II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
keçiriləcək. Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının 20 illiyinə
həsr olunan beynəlxalq tədbirə ölkəmizdə fəaliyyət
göstərən nəşriyyatlarla yanaşı, xarici
ölkələrin nəşriyyatları da qatılacaq.
II
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq
barədə ətraflı məlumat almaq üçün Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili
və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənliyə
müraciət etdik.
- Vaqif müəllim, müasir
dünyanı kitabsız təsəvvür etmək olarmı?
- Kitab bəşəriyyətin ən
böyük mədəniyyət sərvətlərindən
biridir. Bütün sivil ölkələrdə olduğu kimi,
Azərbaycan xalqının ictimai fikrinin formalaşmasında,
milli özünüdərkində kitabın böyük rolu
olub. Əgər mədəniyyətimizin şah damarı olan
“Kitabi Dədə Qorqud”da “kitab” sözü varsa, bu o deməkdir
ki, Azərbaycan xalqı, Azərbaycan milləti bütün
zamanlarda kitaba ehtiram bəsləyib. Ona görə ki,
xalqımız qüdrətli istedada malik xalqdır. Mirzə Fətəli
Axundov deyirdi ki, mənim xalqım Avropa xalqlarından qat-qat
istedadlıdır. İstedadlı xalq isə elmə,
işığa can atır. Bu mənada Azərbaycan mədəniyyətində
kitaba həmişə böyük maraq olub və bu gün də
belədir. Həqiqətən də kitab ümumbəşəri
bir sərvətdir. Q.Markes müsahibələrinin birində
söyləyir ki, ədəbiyyat olmasaydı dünyada
heç nə dəyişməzdi, amma polis olmasaydı
dünya başqa cür olardı. Əlbəttə, burada
doğru söz zarafat üslubunda deyilib. Məncə,
kitabsız dünya tamamilə başqa bir səviyyədə
qərar tutardı. Şəxsən mən
öz-özümün nə keçmişini, nə indisini,
nə də gələcəyini kitabsız təsəvvür
edə bilmirəm.
- Sovet sisteminin süqutu və Azərbaycanın
müstəqilliyinin ilk illərində kitab sahəsində
böyük bir boşluq yarandı. Hazırda vəziyyət
necədir?
- Həqiqətən də müstəqillik
illərində kitab yaradıcılığı sahəsində
yeni bir mühit formalaşdı. “Nəşriyyat işi
haqqında” qanun qəbul olundu. Sərbəst fəaliyyət
tezliklə sahənin fəaliyyətinin sabitləşməsinə,
dinamik inkişafına, nəşriyyat işinin yüksəlməsinə
şərait yaratdı. Bu gün ölkəmizdə yüksək
texnikaya malik mətbəələrimiz, ən yüksək
poliqrafiya bazası olan peşəkar nəşriyyatlarımız
var ki, bu bizi sevindirir.
- Bəzi nəşriyyatların
kitab adına xələl gətirən dırnaqarası
kitablar nəşr etmələri barədə nə deyə
bilərsiniz?
- İndi azadlıqdır, sərbəstlikdir.
Mətbəə azad, nəşriyyat azad, müəllif azad.
Belə bir zamanda mətbəə maliyyə imkanını
tarazlamağa məcburdur. Çünki bu bir biznes sahəsidir.
Nəşriyyat ona müraciət olunan bütün sifarişlərə
həssasdır. Elə müəlliflər var ki, sadəcə
pulu var, istəyir ki, özünün düşüncələrindən
ibarət kitab çap etdirsin. Ancaq heç bir müəllif
unutmamalıdır ki, poliqrafiya baxımından nə qədər
təmtəraqlı kitablar çap olunsa da, oxucu
üçün qiymətli olan kitabın içindəkilərdir.
Yaxşı ki, son illər nəşriyyatlar kitaba yalnız əmtəə
kimi yox, həm də mədəniyyət hadisəsi kimi
baxırlar. Nəticədə son illər həm məzmun, həm
poliqrafiya etibarı ilə çox gözəl kitablar
çap olunur.
- Bilirik ki, Bakı Beynəlxalq
Kitab-Sərgi Yarmarkası ikinci dəfədir keçirilir.
İstənilən sahədə sərgi o zaman keçirilir
ki, o sahə inkişaf edir, öz məhsullarını
nümayiş etdirməyə zərurət duyur. İstərdim
bu barədə danışasınız.
- Bəli, dünyanın əsasən
inkişaf etmiş ölkələrində kitab sərgi-yarmarkaları
keçirilir. Artıq bizim də kitab sərgi-yarmarkaları
keçirməyə əsasımız var. Çünki,
bayaq dediyim kimi, az vaxt ərzində ölkəmizdə nəşriyyat-poliqrafiya
sahəsi inkişaf edib. Bu səviyyə bizə imkan verir ki,
kitab sərgi-yarmarkaları keçirək. Kitab mədəniyyətin
bir qoludur və bu sahəyə dövlət yetərincə
qayğı, diqqət göstərir. Bu mənada Mədəniyyət
və Turizm Nazirliyi belə hesab edir ki, sərgi-yarmarkanın
keçirilməsi Azərbaycanda kitab sənətinin
inkişafına yeni təkan verəcək. Birinci sərgi-yarmarkada
60-a yaxın milli, 25 xarici dövlətdən nəşriyyat
iştirak edirdi.
- Builki sərgidə yəqin ki,
iştirak etmək istəyənlərin sayı daha
çoxdur?
- Son məlumata görə 80-ə
yaxın milli, 10 əcnəbi nəşriyyat sərgidə
iştirak eləmək üçün müraciət edib.
Sentyabrın 15-dək müraciətlər qəbul olunur.
Düşünürük ki, ölkədə fəaliyyət
göstərən nəşriyyatların 90 faizi, habelə
30-dək xarici ölkə bu sərgidə təmsil olunacaq.
Ümumiyyətlə, sentyabr-oktyabr
ayları bütün dünyada kitab sərgiləri
keçirilir. Biz də çalışırıq ki, digər
ölkələr gəlib bizim sərgilərimizdə
iştirak etsinlər. Çünki bu, böyük bir kitab
bayramıdır, böyük bir mədəniyyət
bayramıdır. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
Əl Oyunları Sarayında keçiriləcək. Geniş,
rahat və insanların çox üz tutduğu bir məkan
olduğuna görə sərgi üçün bu yer
seçilib. Sərgidə stend yerləri pulsuz olacaq.
- Təşkilati məsələlər
nə yerdədir?
- Sərginin yüksək səviyyədə
keçirilməsi üçün Mədəniyyət və
Turizm Nazirliyinin mütəxəssislərindən, nüfuzlu
yaradıcı insanlardan ibarət təşkilat komitəsi fəaliyyət
göstərir, işçi qrupu yaradılıb.
Hazırlıq işləri gedir. Mədəniyyət və
Turizm Nazirliyi çalışır ki, budəfəki sərgi-yarmarkanın
işi məzmun etibarı ilə daha da yaxşı olsun. Sərgi-yarmarkanın
tədbirlər proqramı var. Orada bir çox maraqlı tədbir
nəzərdə tutulub. Məsələn, bu il Azərbaycanda
“Turizm ili” elan olunub. Bununla bağlı Birləşmiş Ərəb
Əmirliklərində nəfis bir kitab çap olunub. Sərgidə
həmin kitabın təqdimatı da nəzərdə tutulur.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamına əsasən
professional teatr binaları son illər yüksək səviyyədə
təmir olunub. Bu sadəcə təmir deyildi, o binaların
memarlıq üslubuna toxunulmadan, binalar məzmun etibarı ilə
tam yeniləşdi. Artıq o salonlarda dünyanın ən
mürəkkəb quruluşa malik tamaşalarını
göstərmək mümkündür. Bunlar haqqında Mədəniyyət
və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə
İlham Rəhimlinin “Yeniləşən mədəniyyət
- yeniləşən ünvanlar” seriyasından beş
kitabı çap olunub və o kitabların təqdimat mərasimini
planlaşdırırıq.
Prezident İlham Əliyevin sərəncamı
ilə 2004-2008-ci illərdə Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşr layihəsi həyata
keçirildi. Təxminən 400 adda kitab nəşr olundu. Bu
kitabların üst-üstə tirajı milyonu ötür. I
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Milli
Kitabxananın ekspozisiyasında həmin kitabların
böyük təqdimatı keçirildi. Bu kitablar ölkəmizin
demək olar ki, bütün kitabxana sistemini məzmun
etibarı ilə zənginləşdirdi. Hazırda cənab
prezidentin sərəncamı ilə 150 cildlik “Dünya ədəbiyyatı”
seriyası nəşr olunur. Çox istəyirik ki, sərgidə
150 cildliyin indiyə qədər çap olunmuş nümunələrinin
təqdimatını keçirək.
- Sərgi-yarmarkada başqa təqdimatlar
da gözlənilirmi?
- MDB məkanında mədəniyyət-kulturologiya
layihələri həyata keçirilir, Azərbaycan da
çox fəal şəkildə bu layihələrdə
iştirak edir. Eyni zamanda bizim böyük sənətkarların
yubileyləri də MDB məkanında yaşayan xalqlar tərəfindən
qeyd olunur. Sərgidə dünya ədəbiyyatının
parlaq simalarından Ukrayna şairi Taras Şevçenko və
tatar şairi Abdulla Tukayla bağlı tədbirlər
keçirməyi nəzərdə tutmuşuq. Bilirsiniz ki,
TÜRKSOY tərəfindən 2011-ci il “Abdulla Tükay ili” elan
olunub.
“Azərbaycanın dövlət
müstəqilliyi və kitab sənətinin inkişafı”
adlı simpoziumun təşkilini də
düşünürük.
Bundan əlavə, sərgi-yarmarkada
müəllif görüşləri olacaq. Hər bir nəşriyyata
imkan yaradılacaq ki, maraq doğuran kitab müəlliflərinin
imza mərasimlərini keçirsinlər.
Mədəniyyət və Turizm
Nazirliyi iki ildən bir “Qızıl kəlmə” ədəbi
mükafatı üzrə müsabiqə keçirir. Builki
qaliblərlə görüş keçirməyi də
planlaşdırırıq.
Nazirlik Yazıçılar Birliyi
ilə birgə Gənc Ədiblər Məktəbinə dəstək
verir. Təcrübə göstərdi ki, iki il ərzində Gənc
Ədiblər Məktəbi maraq doğuran neçə-neçə
imzanı tanıda bildi. Bu məktəbin müdavimləri ilə
görüş də nəzərdə tutulur. Bir sözlə,
tədbirlər çoxdur.
- Sərginin quruluşu barədə
nə deyərdiniz?
- Mədəniyyət və Turizm
Nazirliyi Milli Kitabxana ilə birlikdə Azərbaycanda kitabın
bugünkü mənzərəsini əks etdirən
böyük bir ekspozisiyanın təşkilini nəzərdə
tutub. Bu sərgi Azərbaycan Respublikasının müstəqilliyinin
bərpasının 20 illiyinə həsr olunacaq.
İstəyirik ki, sərgidə
ayrıca “Qarabağ” stendi olsun. Çünki Qarabağ
münaqişəsi Azərbaycan xalqının ən
böyük problemidir. Hansı sahədə işləməyindən
asılı olmayaraq hər bir azərbaycanlı
çalışmalıdır ki, Qarabağ dərdini
dünyanın diqqətinə çatdırsın.
Naxçıvan Azərbaycanın ən
qədim torpaqlarından biridir, məsafə etibarı ilə
də paytaxtdan xeyli uzaqdır, gediş-gəliş çətindir.
Azərbaycan mədəniyyətinin bir çox parlaq səhifələrinin
yazılmasında Naxçıvan ziyalılarının
böyük rolu var. Naxçıvan
yazıçılarının, alimlərinin çox sayda
ciddi kitabları çap edilib. İstərdik ki, sərgi-yarmarkada
Naxçıvan Muxtar Respublikasının ayrıca stendi olsun.
Əcnəbi nəşriyyatlar
üçün ayrıca yer nəzərdə tutmuruq, istəyirik
ki, onlar milli nəşriyyatlarla qarışsınlar,
qonşuluq eləsinlər, çünki nəşriyyatların
hamısının hüququ eynidir. Bizim əsas qüvvəmiz,
ekspozisiyanın əsas canı milli nəşriyyatlarımız
olacaq.
Sərgidə dərsdənkənar
vəsaitlərin, məktəb ləvazimatlarının
satışı da olacaq. Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına
40 minə yaxın insan qatıldı.
Çalışırıq ki, insanların kitaba olan
marağı daha da artsın. Yəqin belə də olacaq.
- Sərgidə
mükafatlandırma nəzərdə tutulubmu?
- Sərgidə ən yaxşı
kitab, öz dəst-xətti olan ən yaxşı nəşriyyat
mükafatlandırılacaq. Bu bir yarışmadır. Nəşriyyatlar
öz güclərini biləcəklər. Eyni zamanda Azərbaycan
oxucusunun kitaba marağı bilinəcək.
Keçən sərgidə belə
bir təcrübə oldu. Nazirliyin rəhbərliyi ən fəal
nəşriyyatları sərginin ardınca dövlət xətti
ilə Almaniyanın Frankfurt şəhərinə beynəlxalq
sərgiyə ezam etdi. Yeri gəlmişkən, sərgidən
sonra milli kitabımızın Frankfurt, İstanbul sərgilərində
nümayişi gözlənilir.
Sonda bütün nəşriyyatlarımızı,
oxucularımızı, kitabsevənləri sərgiyə -
kitabın böyük gününü birlikdə qeyd etməyə
dəvət edirəm.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 9 sentyabr.- S. 5.