“Azərbərpa»nın
mütəxəssisləri Ukraynada seminarda iştirak ediblər
Qədim
tikililərin bərpa işləri ilə bağlı
geniş təcrübə mübadiləsi aparılıb
Avqustun
22-dən 28-dək Ukrayna Mədəniyyət və Turizm
Nazirliyinin Abidələrin Mühafizəsi Elmi-Tədqiqat
İnstitutunun təşkilatçılığı ilə
Nevitsk qəsrinin bazası əsasında beynəlxalq seminar
keçirilib.
MDB-nin doqquz ölkəsinin təmsil
olunduğu seminarda Azərbaycandan Mədəniyyət və
Turizm Nazirliyinin «Azərbərpa» Elmi-Tədqiqat Layihə
İnstitutunun iki memarı - Çingiz Hüseynov və Sevil Əmiraslanova
iştirak ediblər. Seminar iştirakçıları
Ukraynanın Zakarpatye bölgəsində - Lvov, Mukaçevo,
Ujqorod, Çinadieva, Xust, Nevitsk şəhər və qəsəbələrində
memarlıq nümunələri, kilsə, qəsr və digər
tikililərin tarixi və bərpa konsepsiyası ilə
yaxından tanış olublar.
Seminarda bərpa ilə
bağlı mühazirələr, praktiki məşğələlər
aparılıb. Seminar iştirakçısı S.Əmiraslanovanın
sözlərinə görə, iş prosesindəki
diskussiyalar memarlar üçün çox önəmli olub:
“Seminar Nevitsk qəsrinin bazası əsasında
aparılırdı. İştirakçılar qəsrin
tarixinə və arxeoloji qazıntılar zamanı aşkar
olunmuş faktlara əsasən qəsrin bərpasına dair təkliflərini
eskiz şəklində təqdim edərək digər
iştirakçılarla müzakirə edirdilər. Hər
iştirakçı öz bərpa konsepsiyasını irəli
sürürdü. Bizim təkliflər də maraqla
qarşılandı və təşkilatçılar həmin
təklifləri özlərində saxladılar. Onu da deyim ki,
seminar zamanı biz abidələrin bərpası sahəsi
üzrə çalışan mütəxəssislərlə
- kimyaçı, arxeoloq və s. təcrübə mübadiləsi
apardıq”.
Seminarın digər
iştirakçısı, memar Ç.Hüseynov isə layihənin
çox maraqlı olduğunu bildirdi: “Seminar əlaqələrin
qurulması baxımından da çox önəmlidir.
İştirakçılar bir-birini tanıdı, müxtəlif
layihələr barədə fikir mübadiləsi
aparıldı. Nevitsk qəsrinin bərpa layihəsində
bizim təkliflərdən də istifadə oluna bilər.
Oradakı qəsrlər bizim qalalardan fərqlənir. Müxtəlif
qədim tikililərlə, taxtadan inşa edilmiş kilsələrlə
də tanış olduq”.
“Azərbərpa» Elmi-Tədqiqat
Layihə İnstitutunun direktoru Telman Kərimli da seminarın
azərbaycanlı mütəxəssislər üçün
faydalı olduğunu nəzərə çatdırdı.
Onun sözlərinə görə, Azərbaycanda bərpa
işlərində işlənilən materialların tədqiq
olunması və onların bərpası laboratoriyası
yaradılacaq: «Bizdə belə bir laboratoriya yoxdur.
Ukraynadakı seminardan sonra məlum oldu ki, MDB-də ən
yaxşı laboratoriya Kiyevdə imiş. Onlarla əlaqə
yaradırıq. İstəyirik ki, bizim mütəxəssislər
ora ezam olunsun. Mədəniyyət və Turizm Nazirliyinin də
bu işə marağı var. Respublikada belə bir laboratoriya
yaransa, bir çox üstünlüklərimiz olacaq.
Laboratoriyada bərpa işlərində hansı materiallardan
istifadə olunmalı olduğunu müəyyən edə bilərik.
Bərpa-konservasiya işlərində materialların
eroziyasının qarşısının alınması
üçün hansı kimyəvi materiallardan istifadə
olunması, materialların dayanıqlığını
yoxlamaq üçün bu çox vacibdir”.
T.Kərimli daha sonra Litvadan
aldıqları məktub barədə məlumat verdi. Məktubda
bu ölkənin mütəxəssislərinin Azərbaycanda
birgə seminar keçirilməsi təklif olunur: “Vilnüs
qoruğunun mütəxəssisləri təcrübə
mübadiləsi aparmaq üçün oktyabr ayında
Bakıya gəlmək istəyirlər. 2-3 günlük
seminarda Azərbaycan və Litva mütəxəssisləri
qarşılıqlı əlaqələri müzakirə edəcəklər”.
T.Kərimli “Azərbərpa» tərəfindən
görülən işlərdən də danışdı.
Son bir ildə «Atəşgah» qoruğunun bərpası layihəsinin,
Gəncədə «Şah Abbas» karvansarasının bərpa
layihəsini hazırladıqlarını bildirdi. Qobustan
Dövlət Tarix və Bədii Qoruğun inzibati
binasının layihəsi hazırlanır, Şəkixanovların
evinin layihəsi üzərində iş tamamlanmaq üzrədir.
Həmçinin Füzuli rayonunun Babı kəndində XIII əsrə
aid «Şeyx Babı» kompleksi üzərində də iş
aparılır. Burada aparılan arxeoloji işlər zamanı
yeni abidələr aşkarlanıb. Hazırda Qubanın
Xınalıq kəndində qəza vəziyyətində olan
evlərin dam örtüklərində bərpa işləri də
aparılır.
Gülər Nizamiqızı
Mədəniyyət.- 2011.-9
sentyabr.- S. 4.