Azərbaycanla Rusiyanın Həştərxan vilayəti arasında mədəni əməkdaşlıq müzakirə olundu

 

   Yaradıcı kollektivlərin qastrol səfərləri, birgə layihələr, mədəniyyət günlərinin keçirilməsi müzakirə edildi

  

   Sentyabrın 7-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Həştərxan vilayətinin mədəniyyət naziri İrina Tarasova ilə görüşdü. Görüşdə Azərbaycanla Rusiya arasında mədəni əlaqələr, eləcə də Həştərxan vilayəti ilə qarşılıqlı əməkdaşlıq, gələcəkdə bu sahədə görüləcək birgə işlər barədə danışıldı.

  

   Həştərxanda ümummilli lider Heydər Əliyevin heykəlinin ucaldıldığını, Heydər Əliyev adına parkın salındığını, Həştərxanda Nəriman Nərimanovun adını daşıyan rayonun olduğunu nəzərə çatdıran nazir Əbülfəs Qarayev bu faktları yüksək səviyyəli ikitərəfli əlaqələrin göstəricisi kimi dəyərləndirdi.

   Nazir Azərbaycanın mədəni həyatı, ölkəmizdə keçirilən festivallar, beynəlxalq mədəni tədbirlər barədə qonağa məlumat verdi. Həştərxanın mədəniyyət, incəsənət kollektivlərini Üzeyir Hacıbəyli, Qara Qarayev, Bülbül adına musiqi festivallarında iştirak etməyə dəvət etdi. Bundan başqa noyabrda Bakıda keçiriləcək Beynəlxalq Kukla Teatrları Festivalında Həştərxan Kukla Teatrının iştirakının mümkünlüyü vurğulandı. Nazir həmçinin Azərbaycan və Həştərxan teatrları, eləcə də Bakı Xoreoqrafiya Məktəbi ilə Həştərxan vilayətinin musiqi təhsili ocaqları arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini qeyd etdi.

   Əbülfəs Qarayev Azərbaycanda turizm sahəsinin inkişafından danışaraq bu sahədə qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd etdi.

   Həştərxan vilayətinin mədəniyyət naziri İrina Tarasova Bakıya səfərindən məmnunluğunu ifadə etdi. O, Müasir İncəsənət Muzeyinə, Dövlət İncəsənət Muzeyinə və Gənc Tamaşaçılar Teatrına baş çəkdiyini bildirdi. Həştərxanda keçirilən festivallardan söhbət açan nazir Azərbaycan kollektivlərini də həmin tədbirlərdə görmək istədiklərini bildirdi.

   Görüşdən sonra Həştərxan vilayətinin mədəniyyət naziri İrina Tarasova səfər təəssüratını, Azərbaycanla Rusiyanın Həştərxan vilayəti arasında mədəni əlaqələrin inkişafı barədə fikirlərini jurnalistlərlə də bölüşdü: “İlk dəfə Bakıya gəlmişəm. Şəhər olduqca gözəldir. Bu gün hər iki tərəf üçün maraqlı olan mədəni məsələləri müzakirə etdik və belə nəticəyə gəldik ki, ümumi dəyərlərimiz çoxdur. Məncə, bu belə də olmalı idi. Bir çox məsələlər, onların həlli yolları barədə ortaq mövqeyimiz var. Yaradıcı kollektivlərimizin qarşılıqlı qastrollarını davam etdirə bilərik. Bu il Həştərxanda Opera və Balet Teatrının açılışı nəzərdə tutulub. Bu böyük teatrdır. Həmçinin Həştərxan vilayətində Xoreoqrafiya Məktəbinin açılması nəzərdə tutulub. Hazırda Rusiyanın müxtəlif yerlərindən xoreoqrafiya üzrə mütəxəssislər Həştərxana gələrək bu məsələ ilə bağlı müzakirələr aparırlar. Azərbaycan Opera və Balet Teatrı, həmçinin Bakı Xoreoqrafiya Məktəbi ilə də birgə işlər görməkdə maraqlıyıq. Bundan əlavə, nazir Əbülfəs Qarayevlə 2012-ci ildə Azərbaycanda Həştərxan mədəniyyəti günlərinin keçirilməsi, 2013-cü ildə isə Həştərxanda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi haqqında da danışdıq”.

  

 

   Reyhan İsayeva

 

   Mədəniyyət.- 2011.- 9 sentyabr.- S. 3.