Qala Arxeoloji-Etnoqrafik Muzeyi turistlər üçün cəlbedici
məkana çevrilib
Sentyabrın 7-də Azərbaycan
prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
Xəzər rayonundakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində
aparılan tikinti-quruculuq işləri ilə tanış
olmuş, Əntiq Əşyalar Muzeyinin
açılışında iştirak etmişlər.
Heydər Əliyev Fondunun dəstəyi
ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən
olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya
Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin
yaradılması tarixi keçmişimizi qoruyub saxlamağa,
ölkəmizi turizm mərkəzlərindən birinə
çevirməyə xidmət edir. Azərbaycan tarixinin, mədəniyyətinin,
xalqımızın adət-ənənələrinin
yaşadılmasında, gələcək nəsillərə
ötürülməsində mühüm rolu olan qoruğun ərazisində
son vaxtlarda aparılan tikinti-quruculuq işləri bu məkanın
əhəmiyyətini daha da artırmışdır.
Dövlət
başçısına məlumat verildi ki, Heydər Əliyev
Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər”
ASC tərəfindən pilot ərazi kimi Qala qəsəbəsində
“Təmiz Qala” layihəsinin icrasına
başlanılmışdır. Layihənin məqsədi qəsəbə
ərazisində tullantıların yığılması,
daşınması və təkrar emalı proseslərini
müasir standartlara uyğun təşkil etməkdir. Əraziyə
su xətti çəkilmiş, 15 bulaq istifadəyə
verilmişdir.
Qala İnformasiya Mərkəzi turistlərin xidmətindədir
Prezident İlham Əliyev və
Mehriban xanım Əliyeva əvvəlcə Qala İnformasiya Mərkəzi
ilə tanış oldular. Məlumat verildi ki, mərkəz
vasitəsilə turistlər, qonaqlar qoruq ərazisindəki
muzeylər barədə ətraflı məlumat əldə edə,
elektroavtobuslar və velosipedlər icarəyə götürə
bilərlər. Qoruğun ətrafı
abadlaşdırılmış, ərazidə 170 min ağac və
bəzək kolu əkilmişdir.
Sonra dövlət
başçısı və xanımı elektroavtobusla Qala
parkının ərazisini gəzdilər, görülmüş
işlərlə tanış oldular, parkın əvvəlki
görünüşünü əks etdirən stendə
baxdılar, Qala parkında ağac əkdilər. Buradakı
göl və onun ətrafındakı 24,2 hektar ərazi
tullantılardan təmizlənərək
abadlaşdırılmış, ərazinin ekoloji vəziyyətində
mühüm dəyişikliyə nail olunmuşdur. Ərazinin
işıqlandırılmasında günəş
batareyalarından geniş istifadə edilmişdir. Parkda
yaşıllaşdırma işləri aparılmış,
uşaqların maraqlı istirahəti üçün əyləncə
meydançası istifadəyə verilmişdir.
Ərazidə yerləşən XII-XIV əsrə aid Qum hamamı isə tarixi-məişət abidəsidir. Qum hamamında qədim zamanlarda su, qaz və kanalizasiya sistemlərindən istifadə olunmuşdur. Bu, xalqımızın qədim məişət mədəniyyətindən xəbər verir.
Etno-Ekoloji Mərkəzdə
xalqımızın mədəni irsi təbliğ olunur
Buradakı Etno-Ekoloji Mərkəzdə isə uşaqlar və gənclər üçün hər cür şərait yaradılmışdır. Qeyd olundu ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ötən il keçirilmiş Qala festivalına Bakının müxtəlif orta və internat məktəblərindən, uşaq evlərindən 2500 uşaq qatılmışdı. Festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini yaşadan sənətkarların əl işləri nümayiş etdirilmişdi. Festival çərçivəsində uşaqlar üçün ustad dərsləri təşkil olunmuş, gənc nəslin nümayəndələrinə qədim məişət və etnoqrafik ənənələrimizlə yaxından tanış olmaq imkanı yaradılmışdı. Festivalın çox maraqla qarşılanması, layihəyə göstərilən diqqət Qalada Etno-Ekoloji Mərkəzin yaradılması ideyasına təkan vermişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Etno-Ekoloji Mərkəzdə uşaqların istirahəti, onların xalqımızın qədim tarixini, mədəniyyətini dərindən öyrənməsi, qədim el sənətlərinin müxtəlif növlərinə yiyələnməsi, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Qala abidə kompleksi
qədim tariximizin nişanəsidir
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qoruq ərazisində X-XIV əsrlərə aid Qala abidə kompleksi ilə də tanış oldular. Bildirildi ki, elmi, tarixi, bədii əhəmiyyət daşıyan
bütün tarixi və mədəniyyət
abidələrinin qorunması,
eləcə də Abşeron yarımadasında
aşkar edilən digər arxeoloji tapıntılar hesabına
qoruğun daha da zənginləşdirilməsi
məqsədilə Qala
qəsəbəsində son illərdə genişmiqyaslı
layihə həyata keçirilmişdir. Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya
və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası
2010-2011-ci illərdə burada
qazıntı işləri
aparmışdır. Qazıntılar nəticəsində e.ə.
III-II minilliyə, həmçinin
XIV-XV əsrlərə aid müxtəlif
tapıntılar aşkar
edilmişdir. Tunc dövrünə
aid qayaüstü və
qayaaltı yaşayış
məskənləri, qayaüstü
təsvirlər, qədim
özüllər, ibtidai
divar qalığı,
X-XIV və X-XV əsrlərə
aid Xəzər dənizi
və Bakı şəhəri istiqamətində
iki yeraltı yol, XVIII əsrin yadigarı təndir Qala abidə kompleksində nümayiş
etdirilir. Buradakı qayaların
üzərində əsasən
insan və heyvan fiqurları, müxtəlif fraqmentlər
həkk olunmuşdur.
Kompleksə daxil olan X-XIV əsrə aid Qala qəsri qüllədən
və istehkamdan ibarətdir. Müşahidə
və mühafizə məqsədilə istifadə
olunmuş X-XIV əsrə
aid qüllənin hündürlüyü
13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə
aid qızıl pullar,
qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir.
Burada həmçinin Zirə yaşayış məskənində
tapılan e.ə.
III-II minilliyə aid qayaüstü
rəsmlər nümayiş
etdirilir.
Əntiq Əşyalar Muzeyi
Heydər Əliyev Fondunun
təşəbbüsü ilə qoruq ərazisində Qala Əntiq Əşyalar Muzeyi yaradılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin rəmzi açılışını bildirən lenti kəsdilər.
Muzeyin təməli ötən
ilin iyununda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı
ilə qoyulmuşdur.
Fondun təşəbbüsü və
dəstəyi ilə inşa olunan muzey Şahid Həbibullayevin şəxsi
kolleksiyası əsasında
yaradılmışdır. Uzun illər ərzində yığılan zəngin
kolleksiya hazırda üç minədək maddi mədəniyyət nümunəsini əhatə
edir. Kolleksiyanın
əsasını təşkil
edən Azərbaycan sənətkarlarının yaratdığı
əntiq əşyalar
dəfələrlə beynəlxalq
sərgilərdə, o cümlədən
Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Rabat, Bişkek, Daşkənd və digər şəhərlərdə nümayiş
etdirilmişdir.
Muzeydə bu nadir toplunun
800 eksponatı nümayiş
olunur. Üçmərtəbəli
binanın birinci və ikinci mərtəbələrində Azərbaycan
xalqının əsrlər
boyu yaratdığı
müxtəlif dekorativ-tətbiqi
sənət inciləri,
üçüncü mərtəbədə
isə respublikanın
müxtəlif bölgələrindən
toplanmış, ABŞ, Almaniya,
Avstriya, Rusiya, Fransa, İngiltərə,
Belçika, İran, Özbəkistan, Polşa,
Türkiyə və digər ölkələrdə
istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə
daxil olmuş əşyalar sərgilənir.
Dövlət başçısı və
Heydər Əliyev Fondunun prezidenti burada nümayiş etdirilən mis məişət əşyaları
ilə tanış
oldular. Bildirildi ki, muzeyin ekspozisiyasını tutumu yarım litrdən 90 litrə qədər olan 156 samovar zənginləşdirir.
Əksəriyyəti Rusiyanın
Tula, Moskva, Sankt-Peterburq,
Ural və digər şəhərlərindən gətirilən
XVIII-XIX əsrlərə aid samovarların bir qismi Polşa, İran, Avstriya, ABŞ və başqa ölkələrdə istehsal
olunmuşdur.
Məlumat verildi ki, burada Azərbaycan samovarları da nümayiş etdirilir.
Yaşı 3 min 700 il olan ən
qədim Azərbaycan samovarı Şəkidə
tapılmışdır. Bu, iki min il
yaşı olan Misir samovarından daha qədimdir. Ekspozisiyada qədim kişi və
qadın kəmərləri,
sinəbənd və bilərziklər, silahlar,
o cümlədən təbərzinlər
və xəncərlər
yer almışdır.
Muzeyin diqqəti cəlb edən eksponatlarından olan fayton Lüdviq
Nobelin maşınqayırma
zavodunda yığılmış,
Şəkidə qorunub
saxlanmışdır. Burada həmçinin Şəki
və Şirvan xanlıqları dövrünə
aid pullar nümayiş
etdirilir. Muzeydə müxtəlif
məişət əşyaları
- ütü, maşa,
sini, masaüstü lampalar və tərəzilər də
var. Binanın birinci mərtəbəsində konfrans
zalı, inzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası
fəaliyyət göstərir.
Aşkar
olunan qədim əşyalar emalatxanada bərpa edilir.
Dövlət başçısı və
xanımı orijinal üslubda inşa edilmiş karvansara-restoran ilə də tanış oldular. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
inşa edilmiş karvansara-restoranda turistlər
Azərbaycan mətbəxinin
ləziz nemətləri
ilə tanış
olacaqlar. Çoxsaylı turist axını
nəzərə alınaraq
inşa edilmiş restoranın birinci mərtəbəsi kafe, ikinci mərtəbəsi isə restoran kimi fəaliyyət göstərəcək.
Qoruq ərazisində quyu
və ovdanlar bərpa olunmuş, 35 min kvadratmetr sahədə avtomobil dayanacağı, elektromobillər üçün
qaraj tikilmişdir.
Qəsəbədaxili əsas yollara
asfalt salınmış,
işıqlandırma dirəkləri
quraşdırılmış, qaz və su
təchizatını yaxşılaşdırmaq
məqsədilə borular
çəkilmiş, kompleksin
ətrafındakı meydan
yenidən qurulmuşdur.
Prezident İlham Əliyev görülmüş
işlərdən razılığını
bildirdi, tövsiyə
və tapşırıqlarını
verdi.
Mədəniyyət.-
2011.- 9 sentyabr.- S. 8.