Ruhun
şəkli
«Arazbarı» kitabı haqqında düşüncələr
Nəğmə
soraqlı, şeir yarpaqlı bu kitabı çox ehtiyatla vərəqlədim.
Doğrudur, əvvəllər Sona Vəliyevanın bir
neçə mahnısına qulaq asmışdım, xoşuma
gəlmişdi, amma şeirlərinə beləcə vurğun
kəsiləcəyimi ağlıma da gətirə bilməzdim.
Açığı, son illər mənə
bağışlanan kitabları - müəllifini tanımasam
- oxumağa vaxt xəsisliyi edirəm. Çünki şeir
adı ilə işıq üzü görən bu makulaturalar
həmişə əsəblərimi dara çəkir.
Şeir ki təmiz hisslərin aynası olmadı, təsiri
yoxdur, heç o kitabı vərəqləməyə də dəyməz.
Qəzetlərdən
aldığım bir xəbər - Sona Vəliyevanın
«Arazbarı» kitabını İranda müsadirə edərək
Naxçıvana aparılmasına icazə vermədilər -
məndə həmin topluya səngiməz bir maraq oyatdı. Elə
qadağa var ki, əsl təbliğata xidmət edir. Məhz bu
xəbərdən sonra oxucularda həmin kitaba böyük bir
sevgi yarandı. Oxuduğum ilk misralar da könül
mülkümə od vurdu:
Sökülən köhnə
evimiz
Əl çəkmir məndən
yuxumda.
Anam oturub səkidə
Əli qoynunda...
Varlığımdan oldum. Bu qəm
və xiffət dolu poetik düşüncə məni elə
silkələdi, ürəyimi elə tərpətdi ki... Bu
tanış və doğma dərdin titrək ahəngində
öz duyğularımın da
çırpındığını hiss etdim. 1988-ci ilin
soyuqlu bir payız günündə ermənilər tərəfindən
zorla evindən çıxardılaraq dərədə
qarın içinə atılan anamın - eləcə də
yüzlərlə həmkəndlimin acı fəryadlarını
eşitdim. İyirmi ildən çoxdur ki,
çırağı söndürülmüş ata yurdumun
xarabalıqları mənim də yuxumdan beləcə çəkilmir.
Ciyəri susuzluqdan alışan
adam kimi «Arazbarı»dakı poetik çeşməni birnəfəsə
qəlbimə çəkdim. Yanğım sönmədi,
tüstüm təpəmdən çıxdı. Müəllifin
hər misrasında kövrək bir ürək
döyünür. Şeirləri oxuduqca könlüm dəli
ruzigarla kökləndi. İtmiş günlərin xəyalı
yaxamdan yapışaraq məni dəli kimi silkələdi.
Duyduğum budur ki, Sona Vəliyevanın «Arazbarı» kitabı əslində
öz ruhunun iç dünyasının şəkilidir.
Müəllif bu şəkli incə bir ruhla, həssas və dərin
hisslərlə elə canlı, cəlbedici, təsirli
naxışlayıb ki, qəlbində uyuyan ruhun rəngini
sözlə ifadə etmək çətinliyi bir yana, onun rəngini
də yaratmaq poetik tapıntıdır: «Ruhum budaqda yarpaq,
küləyə, havaya bənddir». Bu bənzətmənin
özü də qəribədir. Hətta ruhuna səpilən
sözü deyilməmiş bir dərdə çevirmək,
bu da şairin ustalığıdır. Kitabı oxuduqca ürəyimdən
keçən bir fikri ifadə etməkdən
şükranlıq tapdım. Yaxşı ki belə təbii,
ilhamlı şairlərimiz var. Yoxsa sözü urvatdan salan
qafiyəbazların əlindən cana gələrdik.
«Sərçələrin yurd
sevgisi» adlı şeiri isə mənim nə vaxtsa bu vəfalı
quşlara həsr etdiyim nəğmələri yadıma
saldı. Ömürlük vətənə bağlanan sərçələr
heç zaman köçəri quş kimi məlahətli
oxuya bilmir. Amma həmişə də biz «qonaqların»
mahnısına məftun kəsilmişik. Heç vaxt fərqinə
varmamışıq ki, qar-qış gələn kimi
qaranquşlar da, min cür rəngli və adlı qanadlı
gözəllər uçub uzaqlara gedəcəklər. Bizə
qalansa bax bu qədrini bilmədiyimiz, vəfasını,
etibarını dəyərincə qiymətləndirmədiyimiz
sərçələr olacaq. Payız sitəmindən dolan,
ağacların qanadlarına qonaraq cikkildəyən
quşcuğazlar: «Sərçələr yuva qururlar, sərçələr
yuva qoruyurlar». Bu da təbiətin möcüzəsidir, bəlkə
də görküdür.
Bəzən qalın-qalın
kitabları vərəqləyərək içində qəlbdən
xəbər verən, ürəyə təsir edən bir misra
belə tapa bilmirsən. Sona Vəliyevanın elə şeirləri
var ki, tək bircə beytinin qarşısında heyrətlənib
saatlarla düşünmək olur.
Nur dedim, nurumuz hanı?
İnsan oğlu Yer sultanı,
Bu xalqın tale kotanı
Daşa
düşübdü, düşübdü.
Düşündürücüdür.
İllərdir düyünə
düşmüş haqq işimizin min arşın quyunun
dibində dəfn edilməsidir. Bəzən müəllifin
vətənpərvərlik duyğularında bir sərkərdəlik,
bir döyüşkənlik ruhunun at üstündə meydana
çıxdığını,
hayqırdığını hiss edirsən. Ötən
günlərin məğlubiyyət xəcalətindən
sıyrılaraq qəhrəmanlığa - qələbəyə
aparan bu yolun müqəddəsliyi sənə hansı mətləbləri
anlatmır?
Vətən deyib yola varan,
Zülmdə də haqq axtaran,
Şuşaya ilk bayraq asan,
Könlümə
qardaş düşübdü.
Bu qardaşı Tanrı
hamımıza yetirsin, Sona xanım! Şuşada hara bayraq
asılsa, şair Ramiz Qusarçaylının təbirincə
söyləsək, o yerə pir, ocaq deyəcəyik! Bu şərəfli
günün olacağından ümidini üzməyən
şairin İlahidən möhlət istəməsi də təsirlidir:
Əl uzatdım qılınca, əlim
qoldan kəsildi,
Yol başladım
Şuşaya, yolum yoldan kəsildi.
Hanı ağ
atlı oğlan, səbri kəsik-kəsikdir,
Möhlət ver bizə, Allah, bu
torpağı almağa,
Bir az möhlət
ver, Allah, dünyanı tanımağa.
Bu şeir 2002-ci ildə
yazılıb. Dünyanı kifayət qədər
tanıdıq. Torpağı almağa
möhlət də verildi. Şairin ruhu bir
inama söykənərək sanki adamı nağıl
dünyasına çəkir. Əli
qılınclı igidlərin at üstündə meydana
çıxmasını yada salır. Bu
zülmət dünyaya işığın
doğacağına inanır şair.
Vətəndə vətənə
varaq,
Yolu yarıyolda qoyaq.
Haqqa üz tutub yalvaraq,
Çıxaq döyüşdən
qəhrəman,
Yol başlayıb gedən
karvan.
Amin! Müəllifin
«Yollar» adlı şeiri də bugünümüzün
ağrı-acılarından yoğurulmuş, eləcə də
vətən haqqında ən yaxşı şeirlərdən
biridir. Bu şeirdəki ruh insanı
ayıqlığa, sayıqlığa
çağırır. Həqiqətən
də vətəndə bir qərib ömrü yaşayanlar bu
şeiri dinləyərkən ürəyi para-para olur. Azərbaycanın dilbər guşəsi
Naxçıvana ancaq təyyarə ilə gedib-gələ bilərik.
Qonşu ölkədən də keçmək
istəsək, bizi o qədər incidəcəklər. Elə bu «Arazbarı» kimi ruhumuzun şəkli çəkilmiş
kitabları insafsızcasına, qəddarcasına əlimizdən
alacaqlar. Müəllifin bənzətməsi içimizi
doğrayır:
Karvanı kəsilib, qatarı gedib,
Damar tək quruyur bu
cansız yollar.
Xəyalımız
haralara qanadlanmır? Bakı-Naxçıvan qatarı, Bakı-İrəvan qatarı. O bəxtəvər
günlərin boxçası çoxdan bükülüb. Hərdən səmadan seyr etdiyimiz qədim
Göyçə gölü Sevan olub gözümüzə
dağ çəkir. Dünyanın
hansı qitəsinə, hansı başına desən, gedərik.
Doğma Zəngəzurdan, Göyçədən, Dərələyəzdən,
Şuşadan, Cəbrayıldan, Kəlbəcərdən,
Qubadlıdan... başqa! İnsan
özünü nə ovuda bilir, nə də bu dərdlərin
əlində yumağa dönən bir əzizinin
könlünü almağa güc tapır. Müəllifin yana-yana söylədiyi «Mənim
qollarımı körpü eləyin» misraları adamı
dirigözlü öldürür.
İnsan ömrü
boyu bir çox dərdlərə hazırdır. Bilir
ki, qapısını nə vaxtsa qohum-əqrəba, dost, tanış, ata, ana itkisi döyəcək. İnsanın ağlına gətirmədiyi,
hazır olmadığı ən dəhşətli itki isə
vətənin əldən getməsidir. Buna ömrü
boyu tab gətirmək mümkün deyil. Vətənsizlik
insanın ürəyinə elə bir yara vurur ki, həmişə
qan verir. Hər gecə yuxuda kəndi
görürəm. Sona Vəliyevanın
şeirləri mənim ruhumu varlığımdan alaraq haralara
aparmadı? Müəllifin şeirləri mənim
uşaqlıq illərimin xatirələri uyuyan, beşiyi yellənən,
indi viranə qalan, məzarlıqları alt-üst olan
doğma yurduma bir ağı dedi:
Ana köçüb, bacı
köçüb bu kənddən,
Şərbət
köçüb, acı köçüb bu kənddən.
Oğulların tacı
köçüb bu kənddən,
Kimsə yoxdur ağı desin bu kəndə.
Barısı
sökülən, ağacı quruyan, suyu kəsilən,
işığı olmayan, iti zəncirdə ölən o yurd
yerlərində indi bayquşlar ulayır. Ürəyimə
qəm yağışı ələyən bu şeirlərin
ahənginə qoşulub getmək istədim. Qollarımdan yapışan misraların harayı,
görün, nələr pıçıldadı?
Bu necə yolçuluq, bu necə
qismət,
Bir qara qorxunu
içimə udub.
Bu siyah gecənin ucundan tutub,
Baş alıb hara
gedirəm belə?
Gedən yerimmi var?!
Yolları bağlı dağların dumanı
çox qatıdır.
Sona Vəliyevanın
şəninə həzin nəğmə söylədiyi
müqəddəs varlıqdan biri də Anadır. Bizi
dünyaya gətirən, böyüdən, tərbiyə edən,
hər cür ülfətlə, məhəbbətlə, sevgi
ilə əzizləyən Ana! Sonra da heç nə
olmayıbmış kimi həyatımızdan uzaqlara çəkilən
müqəddəs qadın! Yaşdan asılı olmayaraq onun
bir «can» kəlməsi üçün nələrdən
keçmərik? Titrək əllərinin
sığalını görmək üçün
ömrümüzü qurban vermərikmi? Dünyada elə
bir qüvvə yoxdur ki, onun qarşısında bu qədər
həlim, müti, sevimli ola bilək. Ana,
Ana, Ana!.. Amma biz onun borcunu
qaytara bilirikmi? Görün, Sona Vəliyeva analı
günləri ilə bağlı nə gözəl deyib:
Bitdi o nağılım, bitdi,
Mən ölüncə əmanətdi,
Əlini mənə verdi
getdi,
Balamı əzizləyin!
Həqiqətən də
itməyən, bitməyən ana ömrünün davamı
belə yaşanır. Biz ana borcunu öz
balamıza qaytara bilirik. Müəllifin anaya
ünvanlanmış şeirləri hissə, duyğuya qəribə
bir kövrəklik ələyir və bu tanış,
doğma xiffətin ahəngində sanki özünü,
uşaqlığını görür, ananla
görüşür, boyundan yuxarı dayanan dərdin, dizinə
belə çatmayan sevincin içində
yırğalanırsan. Bütün
varlığın göynəyir. Allah
insaf versin Sona xanıma. Analı günlərimizi
yada salaraq bizə nələri xatırlatmır? Sakit ürəklə oxumaq olmur bu şeirləri.
Yanağımda iz salan gümüşü sular
sanki yenidən məni o çağlara qanadlandırır.
Kaş ki qapımıza yetəydim. Anamın qarşısında diz çöküb
başımı onun qollarına söykəyəydim.
Allah bütün analara cansağlığı, dünyasını
dəyişmişlərə behişt rahatlığı
versin:
Oğulsan, döz görüm bu
ehtiyaca,
Dözülməz,
satılmaz, çəkilməz bu dərd.
Yanımda bir kimsə ana
çağırsa,
Burnumun ucunda bir kənd
göynəyər.
Bu misralarda taleyimi
görürəm. Ürəyim
şan-şan olur. Çünki anamla kəndimizi
qoşa itirmişəm. Nə edirsən
Sona xanım? Köksündə nə boyda
həssas ürək çırpınır? Təkcə öz ruhunun yox, dərddaşlarının
- oxucularının da ruhunun şəklini çəkirsən.
Bu kitabı başa vurduqca ruhum neçə dəfə
bədənimdə oynadı. Sən
yadıma nələri salmadın? Qəmimin, nisgilimin
sarbanını misralarına bəndləyib məni ulu
Tanrının dərgahına apardın:
Bir yol açılar, gəlləm,
Bir gün seçilər, gəlləm,
Bir gün öncədən biləm,
Deyəm ki, gəldim, İlahi!
Əlavəm yalnız budur ki, o
gün əllərimi səmaya qaldırıb şükür
edəm, İlahi, yurduma gəldim!
Təkcə ruhunun
şəklini çəkməyib Sona Vəliyeva, həm də
misralarla qəlbinin kamanını da çalıb. Gah lay-lay deyib, gah ağı çəkib. Gah
da qüdrətli bir Ana kimi hayqırır: «E-hey, igidlər, Vətən
sizi gözləyir, yollar sizi səsləyir». İçindən
gələn bütün nəğmələri «Arazbarı»
üstündə oxunur:
Göyçə, Şuşa,
Təbriz dərdi
Köhnəldikcə
təzələndi.
Sönüb külümdən
közərdim,
Odum boyumdan yuxarı -
«Arazbarı».
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2011.- 14 sentyabr.- S. 13.