Şəhərləri
bəzəyən abidələr
Azərbaycan
musiqisinin şöhrətini dünyaya yayan dahi bəstəkar
Üzeyir Hacıbəylinin surəti incəsənətin
bütün sahələrində əbədiləşmişdir.
Bəstəkara neçə-neçə bədii nümunələr,
rəsm əsərləri, onun həyat və
yaradıcılığını əks etdirən bədii və
sənədli filmlər həsr edilmişdir. Respublikamızda
neçə-neçə elm, təhsil, mədəniyyət
ocağına onun adı verilmişdir.
«Üzeyir Hacıbəylinin
obrazı heykəltəraşlıqda» mövzusu da maraq
doğuran, diqqətçəkən mövzudur. Bu yazıda
dahi musiqiçinin daşlarda əbədiləşən
obrazından söz açacağıq.
Böyük bəstəkarın
adını daşıyan Bakı Musiqi Akademiyasının
qarşısındakı heykəli uzun illərdir bu
nüfuzlu təhsil və sənət ocağının rəmzinə
çevrilmişdir. Heykəltəraş Tokay Məmmədovun
1960-cı ildə qranit postament üzərində tuncdan
yaratdığı monumental heykəl Azərbaycan heykəltəraşlığının
ən uğurlu nümunələrindən biridir.
Professor Tokay Məmmədov
Üzeyir bəy surətinə iki dəfə müraciət
etmiş, bəstəkarın büstünü də işləyib
hazırlamışdır. Hazırda bu büst Üzeyir
Hacıbəylinin ev-muzeyində nümayiş etdirilir.
Azərbaycanın Xalq rəssamı,
heykəltəraş Ömər Eldarovun 1956-cı ildə
tuncdan yaratdığı Üzeyir Hacıbəylinin qəbirüstü
abidəsi də dərin ifadəliliyi, əzəməti ilə
fərqlənir. Bacarıqlı heykəltəraşın
dediyinə görə o, Üzeyir Hacıbəylinin surətini
işləməzdən öncə dəfələrlə
onun musiqisini dinləmiş, yaxınları, qohumları ilə
görüşmüş, hətta Şuşadakı evində
də olmuşdur.
2006-cı il musiqisevərlərin
yaddaşına Vyana şəhərində ölməz bəstəkarın
abidəsinin açılışı ilə həkk olundu.
Bu hadisə Üzeyir musiqisinin bəşəriyyət tarixində
özünəməxsus yeri olduğunu bir daha sübut etdi. Bu
abidənin də müəllifi Xalq rəssamı, Rusiya Rəssamlıq
Akademiyasının müxbir üzvü, heykəltəraş
Ömər Eldarovdur.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Bakıda öz möhtəşəmliyi ilə seçilən binalardandır. Memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilmiş əzəmətli binanın lociyasında Nizaminin, Puşkinin, Sabirin, Bülbülün, Səməd Vurğunun və b. heykəlləri ucaldılmışdır. Bu heykəllər sırasında dahi Üzeyir Hacıbəylinin də abidəsi var. 3 m hündürlüyü olan əzəmətli heykəlin müəllifi heykəltəraş Xanlar Əhmədovdur. O, dahi bəstəkarın surətinə bir daha müraciət etmiş, heykəltəraş Namiq Dadaşovla birlikdə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə tuncdan irihəcmli büstünü düzəltmişdir. Uzun illər bu büst Üzeyir bəyin doğma diyarı olan Şuşa şəhərinin yaraşığı olmuşdur. Üzeyir qüdrətinə gücü çatmayan mənfur düşmənlər onun büstünə güllələr yağdırmaqla özlərinin, bəşəriyyətə əsl şah əsərlər töhfə etmiş Üzeyir musiqisi qarşısında nə qədər aciz olduqlarını bir daha göstərdilər. Büst Bakıya gətirilmiş və burada qorunub saxlanılmaqdadır.
Bəstəkarın
100 illiyi münasibətilə Şuşada ucaldılmış daha bir abidəsinin müəllifi
isə Əhməd Salikovdur. Təəssüf ki, bu monumental heykəlin taleyi bu gün bizə
məlum deyildir. Ə.Salikov Üzeyir
bəyin obrazına hələ 1973-cü ildə
də müraciət etmiş, bəstəkarın
irihəcmli mərmər
büstünü yaratmışdır.
Bu büst hazırda Üzeyir Hacıbəylinin
ev muzeyinin
ən dəyərli eksponatlarındandır.
Bəstəkarın surətini əbədiləşdirənlərdən
biri də ilk azərbaycanlı heykəltəraş
qadın, Bakı Rəssamlıq Məktəbinin
məzunu Zivər xanım Məmmədovadır.
Dahi bəstəkarın yaradıcılığına
vurğunluğunu o, 1950-ci ildə
ucaltdığı heykəllə
bir daha sübut etmişdir.
Azərbaycan heykəltəraşlığında
özünəməxsus yeri
olan sənətkarlardan
biri də Fuad Əbdürrəhmanovdur.
Fuad Əbdürrəhmanov
deyirdi: «Heykəltəraşlığın
musiqi ilə böyük yaxınlığı
vardır. Üzeyir bəy kimi görkəmli şəxsiyyətin,
mənən çox zəngin insanın abidəsini yaratmaq üçün mən illərlə onun yaradıcılığı ilə
tanış olmuş,
ölməz musiqisini dinləmişəm».
F.Əbdürrəhmanov bəstəkarın obrazına dəfələrlə
müraciət etmişdir.
1970-ci ildə düzəltdiyi abidə Üzeyir bəyin doğma şəhəri olan Şuşada ucaldılmışdır. Gipsdən düzəldilmiş, cilalanmış
bu heykəlin də taleyi naməlumdur.
Heykəltəraşın böyük bəstəkarın
xatirəsinə düzəltdiyi
tunc büst isə Üzeyir Hacıbəylinin ev-muzeyində
qorunub saxlanılır.
Mərmər oturacağa bərkidilmiş,
hündürlüyü yarım
metrdən çox olan bu büst
bəstəkarın ev-muzeyinin
ekspozisiya zallarından
birini bəzəyir.
Əməkdar incəsənət xadimi, rəssam Nəcəfqulu İsmayılov
da dəfələrlə
Üzeyir Hacıbəylinin
obrazını yaratmışdır.
Onun böyük bəstəkarın
100 illik yubileyi münasibətilə misdən
hazırladığı masaüstü
büst görünüşü
etibarilə o biri büstlərdən fərqlənir.
Büstün postamentində lira fiquru, fiqurun altında isə kiçik çələng
həkk edilmişdir.
Daha aşağıda isə «Üzeyir Hacıbəyov» sözləri yazılmışdır.
Rəssam «İki dahi»
adlandırdığı əsərində
isə (mis triptix) kompozisiya yaratmışdır. Burada biz XVI əsrin
dahisi Məhəmməd
Füzulini və XX əsrin dahisi Üzeyir Hacıbəylini
görürük. Müəllif Füzulini də, Üzeyir bəyi də dərin düşüncələr içərisində
təsvir etmişdir.
Ortada isə onların müştərək əsəri
olan «Leyli və Məcnun»dan bir fraqment - Məcnun Leylinin məzarı üstündə
- təsvir edilmişdir.
Metal üzərində oyma
hazırda Üzeyir Hacıbəylinin ev-muzeyində
qorunub saxlanılır.
Bu sənət əsərinə olan maraq, heyranlıq muzeyə gələn qonaqların gözlərindən
oxunur.
Bəstəkarın obrazına heykəltəraş
İbrahim Zeynalov da müraciət etmişdir. O, dahi bəstəkarın ağ mərmərdən
büstünü özünəməxsus
orijinallıqla işləmişdir.
Dahi bəstəkarın ev-muzeyini daha bir orijinal sənət
əsəri bəzəyir.
Bu heykəltəraş Oqtay Şıxəliyevin dahi bəstəkarın
100 illik yubileyi münasibətilə yaratdığı
mozaik portretdir. Portret Florensiya mozaikası üslubundadır. Çərçivəsi gözoxşayan inkrustasiyadan
olan, 220 mərmər və qranit parçasından hazırlanmış
əsərin ölçüləri
90x80 sm-dir. Əsər
1986-cı ildən bəstəkarın
ev-muzeyini bəzəyir.
2009-cu ildə Azərbaycanın səfalı guşələrindən
biri olan Şəmkir şəhərində
yeni bir monumental kompozisiya ucaldıldı.
Çox
ustalıqla işlənmiş
bu sənət əsərində bəstəkar
Üzeyir Hacıbəyli
və şair Əhməd Cavad Azərbaycan himnini yaradarkən təsvir edilmişlər. Ölçüləri
34,2x25,3 m olan bu möhtəşəm abidə də mərmərdən, qranitdən
və bürüncdən
hazırlanmışdır. Bu abidənin müəllifi
istedadlı heykəltəraş
Azad Əliyevdir.
Bu ilin
iyun ayında isə Serbiyanın Novi Sad
şəhərində Üzeyir
Hacıbəylinin yeni
bir abidəsinin açılışı oldu.
Məcazi olaraq «Serb Afinası»
adlandırılan Novi Sad şəhərində
Serbiyanın qədim mədəniyyət abidələri,
muzeylər, teatrlar yerləşir. Məhz belə
bir şəhərdə
dünya şöhrətli
bəstəkar Üzeyir
Hacıbəylinin də
abidəsi ucaldıldı.
Abidənin açılışında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev də iştirak edirdi. Böyük bəstəkarın obrazı
bir sıra medalyerlərin də diqqətini cəlb etmişdir. Ü.Hacıbəylinin 85 illiyi münasibətilə
1970-ci ildə buraxılan
medalın müəllifi
heykəltəraş-medalyer P.Xrunyovdur. Medalın üst tərəfində
təsvir edilən böyük bəstəkarın
profili yığcam və cəlbedicidir.
Bu medal Sankt-Peterburqun «Monetnı dvor»ı zərbxanasında tuncdan tökülmüşdür.
Əməkdar incəsənət xadimi Telman Zeynalov
isə Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyi münasibətilə bəstəkarın
yubiley medalını hazırlamışdır.
2008-ci ildə Avstriyanın «Austriant Mint» sikkəxanasında
üzərində Üzeyir
Hacıbəylinin surəti
həkk edilmiş qızıl sikkə hazırlandı. Zavod
istehsalı olan sikkənin çəkisi
31,7 qramdır. Sikkənin arxa tərəfində Üzeyir Hacıbəylinin
şah əsəri olan «Koroğlu» operasından bir fraqment həkk edilmişdir. Diametri 37 mm olan
sikkə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
alınaraq Üzeyir Hacıbəylinin ev-muzeyinə
verilmişdir.
Bunlardan başqa dahi
bəstəkarın surəti
onlarla relyeflərdə,
barelyeflərdə, qorelyeflərdə
əbədiləşdirilmişdir ki, bunlar da
respublikamızın neçə-neçə
küçələrini, muzeylərini,
sərgi salonlarını
bəzəyir.
Gülnarə Çingizqızı,
Üzeyir Hacıbəylinin
ev-muzeyinin şöbə müdiri
Mədəniyyət.-
2011.- 14 sentyabr.- S. 12.