Ömür kitabı
Abuzər Xələfov - 80
Abuzər Xələfov: “Kitab hər bir xalqın tarixidir, mədəniyyətidir, elmidir, bu günüdür, sabahıdır, gələcəyidir. Kitab hər bir xalqın milli qüruru, Vətənə məhəbbət mənbəyidir”.
Ömrün anları:
Abuzər Alı oğlu Xələfov 1931-ci il dekabrın 25-də Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Toxluca kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1962-ci ildə onun fəal səyi nəticəsində kitabxanaçılıq şöbəsi müstəqil fakültə kimi fəaliyyətə başlayıb. Abuzər Xələfov fakültənin ilk dekanı olub və 25 il fasiləsiz bu vəzifədə çalışıb. 1962-ci ildən bu günədək Kitabxanaşünaslıq kafedrasının müdiridir. Keçmiş SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk tarix elmləri doktorudur.
O, adi insan ömrü yox, həm də kitab ömrü yaşadı...
O, ömrünün
yarım əsrdən çoxunu
kitabların arasında keçirdi...
O, bir xalqın
tarixini vərəqlədi, kitablardan kitabların tarixini
öyrəndi, kitabların dilini bildi...
Ən nəhayət, milli kitabxanaşünaslıq elminin banisi də məhz o oldu: Abuzər Xələfov.
Azərbaycanda
kitabxana işinin tarixinin ilk tədqiqatçısı,
BDU-nun Kitabxanaşünaslıq
kafedrasının müdiri, tarix elmləri doktoru, professor, BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının akademiki,
“Şöhrət” ordenli Abuzər Xələfovla
80 illik yubileyi ərəfəsində
görüşüb ömür
kitabını vərəqləməyə
çalışdıq.
- Ulu öndər Heydər Əliyev deyirdi ki, Allah hər insana bir yaş payı verir, insan o ömür payını yaşamalıdır. Mənə də Tanrı, görünür ki, görüm-baxım eləyib, başqalarından fərqləndirib, bir az çox yaş payı verib. Biz qadir Allahın hökmündən çıxa bilmərik. Mən qəlbən həmişə Allaha inanmışam, Allaha bağlı olmuşam. Baxmayaraq ki, biz sovet dövründə ateist cəmiyyətdə yaşamışıq. Amma qəlbim həmişə Allahla bir olub.
Ona görə də tale qismət elədi Həcc, Kərbəla, Məşhəd ziyarətlərində oldum, bu müqəddəs yerləri ziyarət elədim.
- Həyatda çox nailiyyətlər qazanmısınız. Həyatınızda zəhmətin yeri?
- İnsan şəxsiyyəti bir
günə, iki günə yox, illər boyu
formalaşır. İnsan pillə-pillə,
addım-addım yüksəlir. Zəhməti sevmək müdrik insanın, istedadlı insanın, dahi insanın birinci keyfiyyətidir.
Mən bir kəndli ailəsində
böyümüşəm, həmişə fiziki
işlə məşğul olmuşam. Odun doğramışam, ot
yığmışam, ailəyə kömək eləmişəm.
Zəhmətdən qaçmamışam. Orta
məktəb oxuyanda da
istəmişəm həmişə birinci
olum. Dərk eləmişəm ki, bunu əldə eləmək
üçün zəhmət çəkməliyəm.
O gündən bu günə kimi əldə etdiyim bütün nailiyyətlərin kökündə
zəhmət dayanır. İnsanı ucaldan
onun zəhmətidir.
Nə zamansa insanın
qarşısına xeyirxah insan çıxır, onun həyat
yolunu büsbütün dəyişir. Abuzər Xələfov
o mənada xoşbəxt insandır ki, xeyirxah insanların əhatəsində
böyüyüb, onların xeyir-duası
ilə yola çıxıb.
- Azərbaycan xalqının böyük ürəyi, yüksək mədəniyyəti, yüksək intellektli insanları var. O insanlar insana həm elm, həm ağıl, həm zəhmətkeşlik, həm xeyirxahlıq, həm humanizm, həm də vətənpərvərlik bəxş eləyir. Mən elə adamların arasında böyümüşəm, onları özümə ata hesab eləmişəm. Universitetdə oxuyarkən mənim böyük müəllimlərim olub. Mir Cəlal Paşayev, Məmmədcəfər Cəfərov, Həmid Araslı, Mirzə Feyzullayev və neçə-neçə belə böyük şəxsiyyətlərin xeyir-duası ilə yüksəlmişəm. Bu cür insanların bulağından su içmişəm, onlardan dərs almışam. Cavan vaxtlarımda auditoriyaya girəndə istəyirdim özümü onlara oxşadım. Görürdüm yox, oxşada bilmirəm, onlara oxşamaq üçün gərək daha çox oxuyum. Mən belə nəhəng şəxsiyyətlərin əhatəsində böyümüşəm.
Məni universitetdə Yusif Məmmədəliyev saxlayıb. O vaxt universitetin rektoru idi. Prorektora göstəriş verdi ki, mənə dərs versinlər. Yaxşı yadımdadır, dedi ki, biliyini bilmirəm,
amma çox mübariz adama oxşayır. Bunu saxlayın, bu
ixtisası dirçəldə
bilər.
“Mübariz adam
olmuşam”
Çox keçmir ki,
akademikin uzaqgörənliyi
özünü doğruldur.
Yusif Məmmədəliyevdən sonra
akademik Şəfayət
Mehdiyev rektor olur. Onun dövründə kitabxanaçılıq şöbəsi
müstəqil fakültəyə
çevrilir.
- O vaxt Azərbaycan Respublikası
Nazirlər Kabinetinin yanında Elm və Təhsil Komitəsi vardı və komitənin sədri Abdulla
Qarayev idi. Ondan xahiş etdim ki, kitabxanaçılıq
fakültəsinin yaradılması
ideyasını nəzərə
alsın. Razılıq
verdi. Rektorumuz Şəfayət
müəllim özü
də bilirdi ki, bu sahədə
kadrlarımız yoxdur.
1962-ci ildə kitabxanaçılıq fakültəsi
yaradıldı. Məni də
bu fakültənin dekanı təyin elədilər. 25 il bu fakültənin
dekanı oldum. 50 ilə yaxındır
ki, Kitabxanaşünaslıq
kafedrasının müdiriyəm.
1962-ci ildən universitetin Böyük Elmi Şurasının daimi üzvüyəm.
Böyük, işıqlı insanların sayəsində
yola çıxdım,
onların xeyirxahlıqlarını,
diqqətlərini, qayğılarını
zaman-zaman hiss elədim.
Bunların hamısı haqqında
saatlarla, yorulmadan danışaram.
Onu da deməliyəm
ki, rektorumuz akademik Abel Məhərrəmov
kitaba, kitabxanaya, kitabxanaçılara çox
yüksək qiymət
verən bir şəxsiyyətdir. O gələndən
sonra yeni kafedralar açıldı,
universitetimiz, o cümlədən
bizim fakültəmiz böyük inkişaf yolu keçdi.
- Kitabxanaçılıq
fakültəsinin yaradılmasında
müstəsna xidməti
olan Abuzər Xələfov hər dəfə doğma fakültəyə gələndə,
hansı hissləri keçirir?
- Mən təbiət etibarı ilə mübariz adam olmuşam.
Bu fakültəni öz övladım hesab eləyirəm, bu fakültə mənim canımdır, ciyərimdir. Mən özümü
kitabxanaçı hesab
eləyirəm, çünki
bu sənəti sevirəm. Fakültəyə gələndə belə hesab edirəm ki, mənim də azdan-çoxdan xidmətim
var. Bu xidmət ətrafımda
olan tələbələrimdir,
ətrafımda olan fakültədir, bu fakültənin məzunlarıdır.
Dekan olduğum dövrdə bu fakültəni 6 min tələbə bitirib.
Azərbaycanın hansı rayonuna
getsəm o tələbələrim
ustad kimi mənə hörmət göstərirlər. Bundan
yaxşı nə ola bilər?
“Kitabxana və cəmiyyət”
Abuzər Xələfov həm
də çox sanballı monoqrafiyaların,
kitabların və dərsliklərin müəllifidir.
- İndiyədək
34 kitabım çap olunub. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə “Kitabxana və cəmiyyət” kitabım çap olunmaq üzrədir.
“Kitabxana və
cəmiyyət” adlı
əsəri oxuyan hər bir insan
dərk edəcək ki, kitabxana təhsil
sistemi, mədəniyyət
sistemi ilə yanaşı, cəmiyyətin
inkişafında ən
böyük sistemdir, ən xeyirxah bir idarədir. Kitabxanaçı da Azərbaycan
millətinin formalaşmasında,
milli ideologiyanın yayılmasında, mədəniyyətimizin,
tariximizin inkişafında
böyük xidməti
olan mütəxəssisdir.
Mən ona görə bu sənəti sevirəm ki, bu sənət doğma xalqımın ümumi inkişafına xidmət edir, xalqımın tarixini qoruyub nəsildən-nəslə
ötürür.
- “Kitab
nədir” sualına hər kəsin öz cavabı var. Azərbaycanın baş kitabxanaçısı bu
suala necə cavab verərdi?
- Kitab maddiləşmiş informasiyanın
insanlara çatdırılmasını,
onun mütaliəsini təşkil edən vasitədir. Kitab bilik mənbəyidir,
mədəniyyətin daşıyıcısıdır,
millətin tarixidir.
Kitab milli mənəviyyatdır.
- 34 kitabın hər biri sizin
övladınızdır. Bəs bu
kitabların arasında
ən çox zəhmət çəkdiyiniz
kitab hansıdır?
- Ən
çox zəhmət
çəkdiyim kitab üç cildlik “Azərbaycanda kitabxana işinin tarixindən” kitabımdır. Min səhifə həcmində
olan bu kitab
ta qədim dövrlərdən başlamış,
bizim dövrə qədər Azərbaycanda
kitabxana işinin tarixindən bəhs edir. Bu kitabı
yazmaq üçün
Azərbaycan tarixini dərindən öyrənmişəm.
Çünki kitabxana tarixi
cəmiyyət tarixinin,
xüsusi ilə mədəniyyət tarixinin
tərkib hissəsidir.
Bu tarixi yazmaq
üçün birinci
növbədə cəmiyyətin,
sonra mədəniyyətin
tarixini bilməlisən,
sonra mədəniyyətin
tarixi içərisindən
kitabın, kitabxanaçılığın
tarixini ortaya çıxarmalısan. Ona görə
də mən əvvəlcə xalqımızın
milli tarixini öyrənmişəm, o tarixə
söykənmişəm. Sonra Azərbaycan ədəbiyyatını
dərindən mənimsəmişəm.
Azərbaycan klassiklərinin əsərlərini
oxumuşam, oradan bəhrələnmişəm. Nizaminin əsərlərində var
ki, o zaman Bərdədə kitabxana olub. Bu qiymətli
faktı başqa haradan tapmaq olardı? Bəli, bu kitabı
araya-ərsəyə gətirmək
üçün illər
boyu zəhmət çəkmişəm. Amma hesab
edirəm ki, bu mənim xalqım
qarşısında xidmətimdir.
Çünki mənə
qədər heç kim bu sahədə bir cümlə yazmayıb.
50-60 il ərzində
öz təfəkkürümün
məhsulu kimi bu kitabı yazmışam. Mənim böyük millətimin
tarixinə gətirdiyim
yenilik budur.
- Bu qədər mənbələrə
istisna eləmək həm də böyük səbirdən
xəbər verir.
- Mənim hobbim kitab arasında
olmaqdır. Şəxsi kitabxanamda 5 minə
yaxın kitab var. Belə hesab edirəm ki, bütün biliklərin mənbəyi kitabdır.
Kitab hər bir xalqın
tarixidir, mədəniyyətidir,
elmidir, bu günüdür, sabahıdır,
gələcəyidir. Kitab hər bir xalqın
milli qüruru, Vətənə məhəbbət
mənbəyidir. Çünki Vətəni sevmək üçün onun tarixini bilmək lazımdır. Tarix isə
kitablarda yazılır.
Mən kitabı sevirəm.
Bir də xarakterimdə dönməzlik var. Bir işi ki başladım,
onu axıra çatdırmamış əl
götürən deyiləm.
Ona görə də məni tanıyan hər kəs bu xarakterimi bilir. Əgər fikrim, ideyam
düzgündürsə, bunun
millətə, xalqa, mədəniyyətə, elmə
xeyri varsa, fikrimdən dönən deyiləm.
“Dünyanın
böyük alimlərinin
tərcümeyi-halları ilə
tanışlıqdan sonra
bu qərara gəlmişəm ki, elm ağ saçda gül açır” - deyən Abuzər müəllimin ömür
kitabı olduqca zəngindir. Deyir, xoşbəxtəm
ki, Allah bu ömrü verib yaşamışam, həm
də ona görə xoşbəxtəm
ki, insanların hörmətini, məhəbbətini,
rəğbətini qazanmışam.
Söhbətimizin
sonunda Abuzər müəllim böyük
arzusunu da dilə gətirdi: “Allah mənə o qədər ömür versin ki, Qarabağın azad olmağını görüm”.
Biz də
bu arzuya qoşuluruq və kitabı sevən bütün insanlar adından Abuzər müəllimi qarşıdan
gələn 80 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirik.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 14 sentyabr.- S. 10.