Gədəbəydə turizmin bütün növlərinin inkişafına zəmin var

 

   Azərbaycanda “Turizm ili” çərçivəsində ölkə prezidenti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq sentyabrın 10-11-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı nümayəndəliyinin və “Eldorado” mehmanxanasının təşkilatçılığı ilə Gədəbəy rayonuna ikigünlük infotur keçirildi.

  

   Səfərdə iştirak edən 48 nəfərlik heyətə Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin və turizm şirkətlərinin nümayəndələri, Ukrayna səfirliyinin əməkdaşları və xarici turistlər daxil idi. Azərbaycan Turizm İnstitutunun müəllimi Gülşən Abbasova səfərboyu “Böyük İpək Yolumarşrutu üzərində yerləşən tarixi abidələr haqqında iştirakçılara ətraflı məlumat verirdi. Bu, xüsusilə xarici qonaqların ölkəmizin tarixi, mədəniyyəti haqqında təəssüratının zənginləşməsi üçün maraqlı informasiyalar idi.

  

   Dağlar qoynundaEldorado

  

   Səfərin ilk günü infotur iştirakçıları Gədəbəy rayon mərkəzinin bir neçə kilometrliyində yerləşən «Eldorado» hoteli ilə yaxından tanış oldular. 3 hektar ərazidə yerləşən hotel müasir standartlara tam cavab verir. Hotelin biriki otaqlı nömrələri, VİP otaqları, 150 nəfərlik restoranı, açıq hava altında yeməkxanası və kottecləri, bar, sauna, idman zalı, 150 nəfərlik geniş konfrans zalı var. Hotelin ərazisində diqqəti cəlb edən yerlərdən biri də vaxtilə köçəri tayfaların istifadə etdiyi alaçıqlar formasında istirahət guşələridir. Özünəməxsus dizaynı ilə seçilən alaçıqların içərisində qonaqların rahatlığı üçün bütün şərait yaradılıb.

   Nahardan sonra «Eldorado» hotelinin konfrans zalında iştirakçılar üçün dəyirmi masa keçirildi. Tədbiri «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubunun və «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev açaraq bildirdi ki, bu, son üç il ərzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən 18-ci, 2011-ci ildə isə 4-cü infoturdur: «Gədəbəy Azərbaycanın ucqar qərb rayonudur. Bizimburaya infotur təşkil etməkdə məqsədimiz həm rayonun turizm potensialı ilə yaxından tanış olmaqdır, həm də yerli turizm müəssisələri ilə əməkdaşlıq qurmaq. Səfərimiz «Azərbaycanda yeni marşrutlar kəşf edək» layihəsi çərçivəsində reallaşdırılır. Rayonun geniş turizm potensialı var. Bu potensialı tanıtmaq üçün imkanlar da çoxdur. Vaxtilə Simens qardaşlarının Gədəbəydəki fəaliyyətini əks etdirən məkanlar, tarixi faktlar təkcə Almaniyadan deyil, Avropanın digər ölkələrindən turistlər üçün də maraqlıdır. Burada turizmin əksər növlərinin inkişafı üçün zəmin var. Biz turizm işçilərinin də əsas məqsədi Azərbaycanı dünyada yeni bir turizm istiqaməti kimi tanıtmaqdır. Builki «Turizm ili»ndə reallaşdırılan çoxsaylı tədbirlər və ümumiyyətlə, ölkəmizdə 2011-ci ilin «Turizm ili» elan edilməsi də buna xidmət edir”.

   Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə Gədəbəy rayonunun tarixi, mədəniyyəti, turizm potensialı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Qeyd olundu ki, Gədəbəy həm sənaye, həm kənd təsərrüfatı, həm də turizm potensialı baxımından ölkənin mühüm bölgəsidir: «Gədəbəy eyni zamanda Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Rayon ərazisində 130-dan çox tarixi abidə var. Onların əksəriyyəti qorunan abidələr siyahısındadır. Bəziləri dünya əhəmiyyətli abidədir. Bu abidələr eramızdan əvvəl XII-VII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olunub. XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilib, 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilib istifadəyə verilib. Daha sonra həmin zavod Almaniyanın “Simens” şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulub. Bütün bunlar Gədəbəy torpaqlarının təbii sərvətlərlə zənginliyindən xəbər verir. Təbiət hər baxımdan Gədəbəydə turizmin inkişafı üçün yüksək zəmin yaradıb».

   İcra başçısı son illər rayon ərazisində regionların sosial iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində böyük işlər görüldüyünü, nəticədə turizmin inkişafı üçün də əlverişli infrastruktur qurulduğunu qeyd etdi: «Azərbaycan müstəqillik əldə etdikdən sonra Gədəbəydə güclü turizm infrastrukturu inkişaf etməyə başladı. Qərb bölgəsində Gədəbəy qədər turizm üçün geniş imkanları və hazırlığı olan rayon yoxdur. Hazırda rayonda 4 istirahət mərkəzi var. Bu məkanlarda eyni vaxtda 200 qonağı rahat şəkildə qarşılayıb yola salmaq üçün imkanlar mövcuddur».

   «Eldorado» hotelinin nümayəndəsi Vəkil Süleymanov bildirdi ki, cəmi 5 il əvvəl Gədəbəy rayonuna gələn qonaq gecələmək üçün başqa rayonlara getmək məcburiyyətində idi: «Amma bu gün rayonumuzda tikilən istirahət mərkəzləri, qonaq evləri gələn qonağımıza yüksək səviyyədə qulluq etməyə imkan verir. Bu, bütün ölkəboyu gedən sosial-iqtisadi inkişafın göstəricisidir. «Eldorado» hotelinin istifadəyə verilməsi də bu inkişaf yolunda atılmış bir addımdır”. V.Süleymanov turizm şirkətləri ilə hər cür əməkdaşlığa hazır olduqlarını dedi.

   Səfərin ikinci günü infotur iştirakçıları Gədəbəy rayonu ərazisində vaxtilə Simens qardaşları tərəfindən inşa edilən dəmir yolu xətti üzərində yerləşən tarixi abidələrlə tanış oldular.

  

   Xarici turistlər Gədəbəyin təbiətinə heyran oldular

  

   Səfər iştirakçılarda Gədəbəy rayonu haqqında zəngin və gözəl təəssüratlar yaratdı. İnfotur xarici turistlərin yaddaşında da dərin izlər buraxmışdı. Bunu qəzetimizə açıqlamasında özləri də qeyd etdilər:

   Almaniyalı qonaq Peter Hentschel: ”Azərbaycanın bütün bölgələri gözəldir. Amma Gədəbəy mən deyərdim ki, xüsusi bir aurayaheyranedici təbiətə malikdir. Belə fikirləşməyim bəlkə də vaxtilə mənim həmvətənlərimin də Gədəbəydə yaşamasından, onların bu bölgəyə olan xüsusi marağından irəli gəlir. Qayıdanda bölgə haqqında məlumatların yer aldığı məlumat kitabını özümlə aparacağam. İstəyirəm, Almaniyada tanışlarım da Gədəbəy haqqında məlumat alsınlar”.

   Rusiyanın Sankt-Peterburq şəhərindən gəlib Naftalanda istirahət edən Yuliya Nazarova da Gədəbəyi çox sevdiyini bildirdi. Onun sözlərinə görə, bu rayon təbiəti sevən insanlar üçün çox gözəl bir turizm məkanıdır: «Cəmi bir gündür buradayam. Amma o qədər böyük zövq almışam ki, artıq növbəti illərdə mütləq buraya səfər edəcəyimə qərar vermişəm. Məncə, burada insanın sağlam olması üçün heç bir müalicəyə ehtiyac yoxdur. Havası gözəl, suyu təmiz, yeməkləri təbii və keyfiyyətli. Mən bu sözləri Azərbaycanın əksər bölgələri haqqında da deyə bilərəm. Bakı şəhəri isə nəhəng bir meqapolisdir. Naftalana gələrkən yolüstü 3 gün Bakıda qalmaq imkanım oldu. Şəhər çox inkişaf edib. Sonuncu dəfə mən 2008-ci ildə Bakıda olmuşdum. 3 il ərzində baş vermiş inkişaf və tərəqqi diqqəti dərhal cəlb edir».

 

 

     Fəxriyyə Abdullayeva

 

     Mədəniyyət.- 2011.- 14 sentyabr.- S. 9.