Azərbaycan
mədəniyyət sahəsində dinamik inkişaf edən
müasir ölkədir
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva Parisdə UNESCO-nun
xoşməramlı səfirlərinin 11-ci illik
toplantısında çıxış edib
Sentyabrın
12-də Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin
11-ci illik toplantısı keçirilmişdir. Azərbaycanın
birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
toplantıda iştirak etmişdir.
25 xoşməramlı səfirin
iştirak etdiyi toplantını UNESCO-nun baş direktoru
İrina Bokova açaraq ötən dövrdə həyata
keçirilən layihələr, görülən işlər
barədə məlumat verdi. UNESCO-nun dünyada təhsil, səhiyyə,
mədəniyyət və digər sosial sahələrlə
bağlı problemlərin həllini daim diqqətdə
saxladığını vurğulayan baş direktor dövlətlər
və beynəlxalq təşkilatlar arasında bu istiqamətdə
əməkdaşlığın inkişafında maraqlı
olduqlarını dedi. UNESCO-nun baş direktoru bir müddət əvvəl
Haitidə baş verən təbii fəlakətin aradan
qaldırılması üçün daim öz nəcib təşəbbüsləri
ilə seçilən Azərbaycanın birinci xanımı,
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
yardımını yüksək qiymətləndirdi, ona dərin
minnətdarlığını bildirdi.
Daha sonra çıxışlar
oldu. UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva
toplantıda çıxış etdi. UNESCO-nun xoşməramlı
səfirlərinin illik toplantısının
iştirakçılarını salamlayan Mehriban Əliyeva Azərbaycanı
burada təmsil etməkdən böyük şərəf
hissi duyduğunu dedi: “Bu ilin yazında biz Azərbaycanın
müstəqilliyinin iyirminci ildönümünə həsr
olunmuş Azərbaycan Gününü UNESCO-nun qərargahında
təşkil etdik. Ölkəmiz ötən illər ərzində
bir çox problem və çətinliklərlə üzləşdi,
lakin biz həmin gərgin şəraitdən layiqincə
çıxdıq və öz dövlətçiliyimizi
qurduq. Bu gün Azərbaycan həyatın bütün sahələrində,
o cümlədən mədəniyyət, elm və təhsildə
dinamik inkişaf edən müasir ölkədir. Eyni zamanda, Azərbaycanın
iqtisadiyyatı yüksək templə inkişaf edir və
ölkəmiz regionun şəksiz iqtisadi lideridir”.
Mehriban Əliyeva vurğuladı ki, UNESCO ilə Azərbaycan arasında güclü və dəstəkləyici tərəfdaşlıq təşəkkül tapıb: “UNESCO həm Azərbaycan hökuməti, həm ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eləcə də Heydər Əliyev Fondu ilə əməkdaşlığını inkişaf etdirir. UNESCO və Heydər Əliyev Fondunun dəstəyi ilə biz yeni muzey və mədəniyyət mərkəzləri tikir, Azərbaycanda yüksək səviyyəli musiqi festivalları təşkil edir və beynəlxalq konfranslar keçiririk”.
Mədəni irsin qorunması
UNESCO-nun əsas prioritetlərindəndir
Azərbaycanın
birinci xanımı
UNESCO-nun bəşəri mədəni
irsin qorunması və təhsilə daha geniş çıxışın təmin
edilməsi, ən vacibi isə, yoxsul ölkələrdə
və ehtiyac duyan ailələrdə uşaqlara təhsilin verilməsi kimi bir çox vəzifələrin həllində
mühüm fəaliyyət
göstərdiyini nəzərə
çatdırdı: “Bu toplantının
mövzusu təbii fəlakətlər və
münaqişələr sahəsində
təşkilatımızın üzərinə götürdüyü
öhdəliyə həsr
olunub. Azərbaycan bu məsələlərə
öz təcrübəsindən
bələddir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ
də həll olunmayıb. Ölkə torpaqlarının
böyük bir hissəsi işğal altındadır. Bir milyondan
artıq azərbaycanlı
öz doğma yurdlarına qayıtmaqdan məhrumdur. Qaçqın və məcburi köçkün düşərgələrində
anadan olmuş və böyümüş
uşaqlardan ibarət
yeni nəsil öz yurd-yuvaları barədə məlumatı
yalnız ata və babalarından öyrənir. Böyüklərlə yanaşı, bu uşaqların da təhsil və tibbi yardım almaq, inkişaf etmək və parlaq gələcəyə
malik olmaq hüququ vardır. Buna görə də
biz hərbi münaqişələr
və təbii fəlakətləri yaşamış
bütün ölkə
və xalqların ağrılarını anlayırıq
və bölüşürük.
Dünyadakı bütün uşaqlar
kimi, müharibə və təbii fəlakətlərin acılarını
yaşamış gənclərin
də xoşbəxt gələcəyə haqqı
vardır.
Qarşımızda duran digər
mühüm və ağır vəzifə hərbi əməliyyatlar
və münaqişələr
zonalarında tarixi abidələrin qorunmasından
ibarətdir. Bu abidələr qorunmur və bir çox
hallarda məhvə məruz qalır. Belə cinayətlər bəşəriyyətin
irsinə qarşı
yönəlir. Bu irsin qorunması və mühafizəsi təşkilatımızın əsas
prioritetlərindəndir”.
Heydər Əliyev Fondu UNESCO ideallarının
yayılmasına böyük
töhfə verir
Gənclərin
təhsili və inkişafı üçün
yeni imkanların açılmasının UNESCO-nun prioritetləri sırasında
olduğunu deyən Mehriban Əliyeva ölkəmizin bu sahədə gördüyü
işlər barədə
də danışdı:
“2007-ci ilin noyabrında
Forum Heydər Əliyev
Fondunun və bir sıra beynəlxalq
təşkilatların dəstəyi
ilə Bakıda “Sivilizasiyalar Alyansı naminə Gənclər” adlı beynəlxalq konfrans təşkil etdi. Gənc liderlər Sivilizasiyalar
Alyansına dəstək
olaraq qlobal gənclər hərəkatının
yaradılması ilə
bağlı təklifimizi
tam şəkildə dəstəklədilər.
Dörd il
gərgin iş apardıqdan sonra Sivilizasiyalar Alyansı naminə Qlobal Gənclər Hərəkatı
Heydər Əliyev Fondunun himayəsi ilə Bakıda aprel ayında keçirilmiş birinci toplantıda təsis edildi.
Mədəniyyətlərarası
dialoqa gender aspektini daxil etmək və qadın liderləri sülh mədəniyyəti mühitində
formalaşdırmaq məqsədilə
biz İslam Konfransının
Dialoq və Əməkdaşlıq naminə
Gənclər Forumu ilə “Mədəniyyətlərarası
Dialoqda Qızlar və Gənc Qadınlar” adlı xüsusi proqramı təqdim etdik. Bu iş 2008-ci ilin iyun ayında Bakıda UNESCO və
İSESCO-nun birgə təşkil
etdiyi Mədəniyyətlərarası
dialoqda qadınların
rolunun gücləndirilməsinə
həsr olunmuş Beynəlxalq Forumda başlandı.
Biz informasiya
və kommunikasiya texnologiyaları sahəsində
gənclərin yeni və yaradıcı ideyalarını dəstəkləməkdə
davam edirik. Bakıda 2009-cu ilin noyabrında keçirilmiş
və təxminən
50 ölkədən gələn
gənc İKT peşəkarlarını
bir araya gətirmiş “Yeni nəslin İKT biliklərinin
və bacarıqlarının
gücləndirilməsi” adlı
beynəlxalq konfrans bu cür töhfənin
bir təzahürüdür”.
Mehriban Əliyeva bu ilin noyabr ayında
Azərbaycanın paytaxtında
digər beynəlxalq təşəbbüs - İKT ölkələri
üçün Gənc
Sahibkarlar Şəbəkəsi
həyata keçiriləcəyini
də bildirdi: “Bu şəbəkə müsəlman
ölkələrində gənclər
arasında işsizliyin
azaldılması, gənclərin
radikallaşması və
ekstremizm, eləcə
də cinayətkarlıq
və digər əməllərə qoşulma
kimi problemlərin həllində gənclərə
müxtəlif yollarla
yardımçı olacaqdır”.
* * *
Xoşməramlı səfirlərin 11-ci toplantısında UNESCO-nun fəaliyyəti
ilə bağlı məsələlər və
təşkilatın dəyərlərinin
dünyada dəstəklənməsi
yolları müzakirə
edildi. Sonra
UNESCO-nun gender bərabərliyindəki fəaliyyəti, münaqişə
və təbii fəlakətlərdən sonrakı
vəziyyət, “Təhsil
hamı üçün-2011” Ümumdünya məruzəsinin
təqdimatı və
digər məsələlərlə
bağlı məruzələr
dinlənildi, müzakirələr
aparıldı. Bundan başqa,
toplantıda iştirakçılar
gənclərin problemləri,
vətəndaşların sülhün
və mədəniyyətlərarası
dialoqun möhkəmlənməsindəki
iştirakının genişləndirilməsi
məsələlərinə toxundular.
Bildirildi ki, UNESCO-nun xoşməramlı
səfirlərinin illik
toplantısı təşkilatın
təhsil, səhiyyə,
mədəniyyət və
digər sahələrdə
fəaliyyətinin əlaqələndirilməsi,
yeni istiqamətlərin
müəyyən olunması
baxımından xüsusi
əhəmiyyət daşıyır.
Toplantı ölkəmizdə də həmin sahələrdə həyata
keçirilən proqram
və layihələr,
əldə olunan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat vermək üçün
çox önəmli
auditoriyadır. Bu gün bütün dünyaya məlumdur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri
kimi çox böyük işlər görür, mühüm layihələr reallaşdırır.
Sonda xatirə şəkli
çəkdirildi.
* * *
UNESCO-nun mənzil-qərargahında Heydər
Əliyev Fondunun bir-birindən maraqlı nəşrləri də təqdim olundu. Burada Azərbaycanın müasir
inkişafını əks
etdirən şəkillərlə
yanaşı, Qala Dövlət Tarix-Etnoqrafiya
Qoruğunun da maraqlı fotoları var idi. Fondun Azərbaycan tarixi və mədəni abidələri, təbiəti,
səfalı yerləri,
xalçaçılıq sənəti, mətbəxi
barədə kataloqları
da maraqla qarşılandı. Avropa ailəsinin
üzvü olan respublikamızın zəngin
mədəniyyəti, tarixi
irsi haqqında Avropada daha güclü
təbliğat aparmaq baxımından Heydər Əliyev Fondunun nəşrləri çox
böyük əhəmiyyət
daşıyır.
Mədəniyyət.-
2011.- 14 sentyabr.- S. 8.