Bişkekdə
beynəlxalq festivalda Üzeyir
Hacıbəylinin musiqisi səslənib
Qırğızıstanın Dövlət Akademik
Simfonik Orkestrini azərbaycanlı dirijor Əyyub Quliyev idarə
edib
Qırğızıstanın Milli Akademik Opera və
Balet Teatrında “Beynəlxalq İncəsənətlər Akademiyası”
festivalı başa çatıb. Festivalda Rusiya, Azərbaycan,
Qırğızıstan, Moldova və Ukraynadan dəvət
olunmuş tanınmış incəsənət xadimləri
iştirak ediblər. Festivalın proqramında müxtəlif
konsert axşamları, yaradıcılıq gecələri,
habelə ustad sinifləri olub.
Festivalın təntənəli
bağlanış mərasimində beynəlxalq müsabiqələr
laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə
A. Cumaxmatov adına Qırğızıstanın Dövlət
Akademik Simfonik Orkestri çıxış edib. Konsert dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu”
operasından “Uvertüra” ilə başlayıb. Beynəlxalq
müsabiqələr laureatı, istedadlı pianoçu
Gülşən Konuşevanın Frederik Şopenin fortepiano ilə
orkestr üçün 1 saylı konsertinin özünəməxsus
ifası tamaşaçıları heyran edib. Birinci
şöbənin sonunda Qırğızıstan Milli Akademik
Opera və Balet Teatrının solisti, tanınmış
müğənni Sadırbek Jumaşov Ciakomo
Puççininin “Toska” və “Turandot” operalarından
ariyaları ifa edib. Konsertin sonunda Pyotr Çaykovskinin 5-ci
simfoniyası səslənib.
Mədəniyyət.-
2011.- 14 sentyabr.- S. 7.