Azərbaycan
kitabını beynəlxalq aləmdə layiqincə
tanıtmağa çalışırıq
Bəhruz
Axundov: «Beynəlxalq kitab sərgi-yarmarkası ölkəmizin
dünyaya təqdimatıdır»
Sentyabrın 28-30-da ölkəmiz ikinci dəfə
möhtəşəm kitab bayramına ev sahibliyi edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçiriləcək II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
Azərbaycanın Respublikasının dövlət müstəqilliyinin
20-ci ildönümünə həsr olunur. Sərgi-yarmarkada
yerli nəşriyyatlarla yanaşı, xarici ölkə nəşriyyatları
iştirak edəcək. Sərgi-yarmarkanın miqyas və əhəmiyyətini
nəzərə alan nəşriyyatlarımız tədbirə
məsuliyyətlə hazırlaşırlar. Sevindirici
haldır ki, bu sahədə artıq özünü təsdiq
edən, işini müasir standartlar səviyyəsində
quraraq beynəlxalq arenada uğur qazanan, Azərbaycan
kitabını dünyaya tanıdan nəşriyyatlarımız
var. Belə müəssisələrdən biri də “Təhsil”
nəşriyyatıdır.
Artıq 18 ildir ki, fəaliyyət
göstərən nəşriyyat bu dövrdə böyük
inkişaf yolu keçib. Nəşriyyatın qurucusu və
direktoru Bəhruz Axundov deyir ki, müəssisə fəaliyyətə
başlayanda cəmi 8 işçisi olub. İlk aylarda maliyyə
imkanı, hətta binası belə olmayan müəssisədə
qısa zamanda yığcam, bacarıqlı, öz işinə
güvənən professional bir kollektiv formalaşıb:
“Hazırda müəssisəmizdə nəşrlərin
yüksək səviyyədə hazırlanmasını təmin
etmək üçün ixtisaslaşmış redaksiyalar və
ən müasir poliqrafiya bazası fəaliyyət göstərir.
“Təhsil” nəşriyyatı öz işini beynəlxalq
standartlara uyğun şəkildə qurub. Bunun nəticəsidir
ki, müəssisəmiz respublikamızı ən nüfuzlu
beynəlxalq kitab müsabiqələrində uğurla təmsil
edir, dünyanın inkişaf etmiş ölkələrində
nüfuzlu nəşriyyat kimi qəbul olunur. Müəssisə
nəinki Azərbaycanda, hətta regionda, o cümlədən
Avropada öncül yerlərdən birini tutur. Səudiyyə Ərəbistanı,
İran, Türkiyə, Rusiya, Almaniya və digər ölkələrdə
keçirilən beynəlxalq müsabiqələrdə, sərgilərdə
vaxtaşırı iştirak edir, dünyanın
aparıcı nəşriyyatları ilə
qarşılıqlı əməkdaşlıq edirik.
Artıq bir ildir ki, nəşriyyatın “Kitab evi” dərslik, dəftər,
məktəb ləvazimatları satış mərkəzi də
fəaliyyət göstərir. “Kitab evi”ndə elektron kartoteka
açılıb. Buraya gələn hər bir oxucu və ya
alıcı istədiyi kitabın müəllifi, məzmunu, həcmi,
harada çap olunması və sair haqqında istədiyi məlumatı
ala bilər. Biz çalışırıq ki, “Kitab evi” vasitəsilə
Azərbaycanda kitaba hörməti, münasibəti, məhəbbəti
artıraq”.
Qarabağ həqiqətləri haqqında kitaba beynəlxalq
mükafat
Müasir dövrdə kitab həm
də hər bir xalqın mədəni irsini, tarixini,
inkişaf səviyyəsini beynəlxalq arenaya çıxaran,
tanıdan, təbliğ edən mühüm vasitədir. Hər
bir xalq onun içində yetişən
yazıçının, alimin yazdığı əsərlə
tanına bilər. Eyni zamanda bu əsəri dünyaya yüksək
kitab mədəniyyətinə uyğun səviyyədə, nəfis,
diqqətçəkən tərtibatlı nəşrlə
tanıtmaq gərəkdir. «Təhsil» nəşriyyatı indiyədək
Azərbaycanı, onun mədəniyyətini, tarixi həqiqətlərini
dünyaya təbliğ edən kitabların məzmun və tərtibatına
görə bir çox önəmli beynəlxalq müsabiqələrdə
öncül yerlərə layiq görülüb. Məsələn,
tarixçi alimlər Yaqub Mahmudov və Kərim
Şükürovun “Qarabağ - real tarix, faktlar, sənədlər”,
tanınmış şair Çingiz Əlioğlunun
«Atlantlar» kitabları 2005-ci ildə Moskvada keçirilən MDB
ölkələrinin II Beynəlxalq «Kitab sənəti»
müsabiqəsində ən yüksək balla - I yerə layiq
görülüb. Bu, «Təhsil» nəşriyyatının
böyük uğurudur: “Ümumiyyətlə, hər iki
kitabın müsabiqədə birinci yer tutmasının səbəbi
çap mədəniyyəti, dizaynı və mövzu
seçimi ilə bağlı olub. Baxmayaraq ki, həmin
müsabiqənin münsiflər heyətində ermənilər
də yer almışdı, amma onların bütün cidd-cəhdlərinə
rəğmən Azərbaycan kitabları müsabiqədə ən
yüksək xalları topladı. «Qarabağ: real tarix, faktlar,
sənədlər” kitabı, Qarabağ həqiqətləri
haqqında fundamental əsər olmaqla, dünyanın 6 dilinə
tərcümə olunub. Sevinirik ki, bu gün beynəlxalq səviyyədə
tanınmış nəşriyyat olduğumuzdan kitabla
bağlı bütün beynəlxalq müsabiqələrə
dəvət alırıq. Hətta bir neçə il əvvəl
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf
Amerikada çap olunmuş kitabının «Təhsil» nəşriyyatı
tərəfindən nəşr olunmasını istəmişdi.
Kitab işıq üzü görəndən sonra nəşriyyata
minnətdarlığını bildirdi”.
Tərcümələr
Qeyd etdiyimiz kimi, «Təhsil» nəşriyyatı
kitab sahəsində ölkəmizi beynəlxalq arenaya
tanıtmaq, Azərbaycan reallıqlarını dünyaya təbliğ
etmək istiqamətində önəmli nəticələrə
nail olub. Bu sahədə kitab nəşri ilə yanaşı,
tərcümələrə də üstünlük verilir.
Hollandiyada yaşayan Azərbaycan
diasporunun fəal üzvü Gülşən Lətifxanın
milli məsələlərdən bəhs edən «Azər və
Aida» romanı da iki dəfə dalbadal bu müəssisədə
işıq üzü görüb. Əsər Moskvada
“Qızıl qələm” mükafatına, Avropada isə fəxri
fərmana layiq görülüb. Müəllifi Pakistan vətəndaşı
olan Məsum Axbar Şeyxin «Yalanlar, yalanlar, yenə də
yalanlar» kitabının isə maraqlı tarixçəsi var.
B.Axundov bu barədə deyir: «Bu yaxınlarda istefada olan
polkovnik- leytenant Məsum Axbar Şeyxin ermənilərin
türklərə qarşı uydurmaları və
iddialarını ifşa edən «Yalanlar, yalanlar, yenə də
yalanlar» adlı kitabını türk dilindən Azərbaycan
dilinə çevirib çap etmişik. Ona görə ki,
müəllif həm hərbçi, həm də tarixçi
olduğundan hadisələrə peşəkar nöqteyi-nəzərindən
yanaşıb və tarixi əsər ortaya qoya bilib. Bununla
bağlı məlumatlı olduğumuzdan əsərə
maraq yarandı və Azərbaycanın o zaman Pakistanda səfiri
olan Eynulla Mədətli ilə (hazırda Azərbaycanın
Ukraynada səfiridir) əlaqə saxlayıb kitabın əldə
olunmasını xahiş etdik. Kitabı türk dilində
aldıq və Azərbaycan dilinə tərcümə etdik.
Çap edilməli və dünyaya çıxarılmalı
kitablar çoxdur. Biz də Azərbaycan kitabını beynəlxalq
aləmdə layiqincə tanıtmağa, bu yolla Azərbaycan həqiqətlərini
dünyaya yaymağa töhfə verməyə
çalışırıq”.
Azərbaycan
kitabının böyük uğuru - “Qran pri”
2010-cu il isə Azərbaycanın nəşriyyat
tarixində çox önəmli bir hadisə ilə yadda
qaldı. Şair Çingiz Əlioğlunun «Təhsil» nəşriyyatı
tərəfindən çap edilən «Çərçivə»
kitabı Moskvada MDB ölkələrinin VII Beynəlxalq “Kitab
sənəti” müsabiqəsinin baş mükafatına - «Qran
pri»yə layiq görüldü. Bu vaxta qədər heç
bir Azərbaycan kitabının belə yüksək
mükafata layiq görülmədiyini deyən Bəhruz Axundov
kitabın 20-dən çox ölkədə
yayıldığını bildirdi: «Bizə pul
mükafatı da ayrılmışdı. Lakin biz onu
müsabiqənin təşkilat komitəsinə verdik. Bildirdik
ki, həmin məbləğin müqabilində 20-dən
çox ölkədə bizim kitabları yaysınlar. Eyni
zamanda vəsait hesabına Azərbaycanda da müəyyən təşkilatlara
həmin kitabları verdik və həm də hədiyyə
etdik. Bu uğuru təkcə «Təhsil» nəşriyyatının
deyil, ölkəmizin uğuru hesab edirəm. Çünki beynəlxalq
aləmdə sadəcə «Təhsil» nəşriyyatını
deyil, Azərbaycanı təmsil edirik».
Bakıda keçiriləcək II
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilat
komitəsinin üzvü Bəhruz Axundov tədbirin əhəmiyyətindən
də danışdı: «Bakıda birinci dəfə iki il
bundan əvvəl 23 ölkənin iştirakı ilə belə
bir sərgi-yarmarka keçirildi. Tədbirin nəticəsi
gözlədiyimizdən daha uğurlu oldu. Həmin sərgi bir
neçə suala cavab verdi, Azərbaycanda nəşriyyat
işinin inkişafını göstərdi, ölkəmizdə
kitaba böyük marağın olduğunu nümayiş
etdirdi. İndi mətbuatda tez-tez belə fikirlər səslənir
ki, guya bizim xalq kitab oxumağa o qədər də meyl göstərmir,
çox kitab almır. Amma həmin sərgiyə insanların
kütləvi şəkildə marağı bunun əksini
göstərdi və sübut etdi ki, Azərbaycanda kifayət qədər
insan kitabı sevir və qiymətləndirir.
İnanırıq ki, budəfəki sərgi-yarmarka da möhtəşəm
kitab bayramına çevriləcək”.
Söhbət əsnasında
müsahibimiz ölkədəki nəşriyyatların fəaliyyətinə
də toxundu: “Son 15 ildə, xüsusilə də axır 6-7
ildə Azərbaycan bütün sahələr üzrə
böyük inkişafa nail olub. Digər sahələrlə
yanaşı, bu inkişaf tempi nəşriyyat sahəsinə
də aiddir. Nəşriyyatlar inkişaf edir, xüsusilə də
müasir tipli poliqrafiya bazaları yaranır. Beynəlxalq səviyyədə
qazandığımız uğurlar işimizə də
müsbət təkan verir. Məsələn, “Təhsil” nəşriyyatı
«Qran pri» alandan sonra dünyanın poliqrafiya avadanlıqları
istehsal edən 4 tanınmış müəssisəsinin Azərbaycanla
yanaşı Türkiyə, Ukrayna, Gürcüstan,
Qazaxıstan üzrə səlahiyyətli nümayəndəsidir.
Bizim təqdimatımız olmadan Türkiyə kimi ölkə
həmin zavoddan avadanlıq ala bilməz. Bu böyük səlahiyyətdir.
Xarici ölkələrdə bizim uğurlu
iştirakımız, «Qran pri» almağımız Azərbaycan
kitabına marağı artırıb. Bizə sual verirdilər
ki, doğrudan bu kitabı Azərbaycanda hazırlayırlar?
Axı bizim kitab mədəniyyəti sahəsində
mühüm tariximiz var. Sadəcə olaraq texnologiyamız yox
idi. İndi isə var. Hazırda inkişaf etmiş ölkələrin
nəşriyyatları bizimlə işbirliyinə, sifarişlərə,
müştərək müqavilələr bağlamağa
çalışırlar. Beynəlxalq sərgidə nəşriyyatlarımız
uğurla iştirak edir. Bu sahədə Mədəniyyət və
Turizm Nazirliyinin nəşriyyatlarımıza göstərdiyi
dəstəyi xüsusi qeyd etmək istərdim. Nazirliyin dəstəyi
və köməyi ilə nəşriyyatlar beynəlxalq kitab
sərgilərində iştirak edir. Azərbaycanda son illər
yaxşı kitablar buraxılır, yaxşı nəşriyyatlar,
poliqrafiya bazaları var ki, müasir texnologiyalar ilə təchiz
olunub, müasir kitablar nəşr edirlər”.
“Təhsil” nəşriyyatının II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakına gəlincə, Bəhruz Axundov bir məqamı xüsusi qeyd etdi: “Yaxşı olar ki, hər bir nəşriyyat özünün ən yaxşı nəşrləri ilə təmsil olunsun: özlərinin kataloqlarını hazırlasın, orada elektron nümayişlər olsun. Biz nəşriyyat olaraq bunların hamısına hazırlaşırıq və edəcəyik. Çünki nəşriyyatlarımızın səviyyəsi ümumilikdə ölkəmizin səviyyəsinin göstəricisidir. Biz gərək daha yüksək səviyyədə Azərbaycan kitabını sevdirə, Azərbaycan mədəniyyətini tanıdaq. Çünki bu, Azərbaycanın dünyaya təqdimatıdır”.
Mehparə
Mədəniyyət.-
2011.- 14 sentyabr.- S. 6.