Çexiya və Azərbaycan milli kitabxanaları arasında əlaqələr genişlənir

 

   Əməkdaşlığa dair memorandum imzalanacaq

  

   Çexiya Milli Kitabxanasının baş direktoru Tomaş Bem ölkəmizdə səfərdədir. Sentyabrın 13-də qonaq Azərbaycan Milli Kitabxanasına baş çəkdi. Milli Kitabxananın direktoru Kərim Tahirov qonağa kitabxananın fəaliyyəti barədə məlumat verdi.

  

   Sonra Tomaş Bem Azərbaycanın aparıcı kitabxanalarının direktorlarının qatıldığı dəyirmi masada iştirak etdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Milli Elmlər Akademiyasının Mərkəzi elmi kitabxanasının direktoru Aybəniz Əliyeva və başqaları iştirak edirdi.

   Dəyirmi masanı Milli Kitabxananın direktoru K.Tahirov açaraq Çexiya tərəfi ilə əməkdaşlıqdan danışdı: “Bu ilin aprelində Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Çexiyanın mədəniyyət naziri Yirji Besser də iştirak edirdi. Onun mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə əldə olunan razılığa əsasən, Çexiya Milli Kitabxanasının direktoru ölkəmizə səfərə gəlib”.

   K.Tahirovun sözlərinə görə, iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq üçün imkanlar var. Buraya kitab, informasiya, təcrübə mübadiləsi, əlyazma sahəsində qarşılıqlı yardımın həyata keçirilməsi daxildir.

   Qeyd olundu ki, kitabxanalar arasında əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq. Çexiya Milli Kitabxanasında Azərbaycanla bağlı qədim əlyazmalar var. Həmin əlyazmaların tədqiq olunması, oxunması həyata keçiriləcək. Çexiya Milli Kitabxanasında Azərbaycan guşəsinin, Azərbaycan Milli Kitabxanasında isə Çexiya guşəsinin yaradılması nəzərdə tutulur. Bütün bu məsələlər qarşılıqlı əməkdaşlıq haqqında memorandum layihəsində əksini tapacaq. Sənədin ilin sonunadək imzalanması gözlənilir.

   Tədbirdə çıxış edən T.Bem Azərbaycan Milli Kitabxanasını ilə tanışlıqdan məmnunluğunu bildirdi: “İki ölkə arasındakı əlaqələr genişlənir. Bizim kitabxanalarımızın vəziyyəti demək olar ki, eynidir. Bizdə də rekonstruksiya gedir və yeniliklər olacaq. Tarixi zənginlik kitablardadır. Bu zənginliyi gələcək nəslə çatdırmaq üçün kitablar elektronlaşdırılmalıdır».

   Azərbaycanın Avropada ən qədim mədəniyyət mərkəzlərindən biri kimi tanındığını deyən qonaq ölkəmizə səfər etməklə bunun şahidi olduğunu bildirdi. Onun sözlərinə görə, kitabxanalar arasında əlaqələrin genişlənməsi iki ölkənin mədəni əməkdaşlığına töhfədir.

   Daha sonra Çexiya Milli Kitabxanası haqqında məlumat verildi. T.Bem Bakıda fəaliyyət göstərən kitabxana direktorlarını maraqlandıran sualları cavablandırdı.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 14 sentyabr.- S. 4.