“Naxçıvan
xalçaçılıq ənənəsi bu
gün”
Elmi-praktiki konfrans keçirilir
“Azərbaycan
xalçaçıları” İctimai Birliyi Azərbaycan xalça
sənətinin qorunub saxlanılması və
inkişafı ilə bağlı hazırladığı
2010-2014-cü illəri əhatə edən tədbirlər
planına əsasən Naxçıvan şəhərində
“Naxçıvan xalçaçılıq ənənəsi
bu gün” mövzusunda elmi-praktiki konfrans keçirir.
Konfransın məqsədi muxtar respublikada xalçaçılığın inkişaf şəraitinin öyrənilməsi, xalça toxuculuğunun təbliği və xalça sənətinə gənc nəslin marağının stimullaşdırılmasıdır.
Sentyabrın 13-də işə başlayan konfransın iştirakçıları öncə Naxçıvan xalq sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq Azərbaycan xalçaçılıq sənətinin təbliği ilə bağlı görülən işlərdən danışıb. Qeyd edilib ki, ötən il “Azərbaycan xalça sənəti”nin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması, bu sənətin beynəlxalq miqyasda tanıdılması yönündə çox mühüm hadisə olub.
Daha sonra Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva “Azərbaycan xalçaçıları\" İctimai Birliyi”, muzeyin Kütləvi işlər şöbəsinin müdiri Aygün Abasova “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təhsil proqramları”, xalçaçı rəssam Eldar Mikayılzadə “Naxçıvan xalçaları”, Naxçıvandan memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qəmbərova “Naxçıvan xalçalarının üzərində olan naxışların rəmzi mənaları”, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova “Naxçıvan xalçaçılıq məktəbinin tarixi”, sənətşünas Nizami Əliyev “Naxçıvan ərazisində xalçaçılıq sənətinin arealı”, Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyev “Naxçıvan xalçalarının həndəsi və nəbati ornamentləri, rəng və kompozisiya prinsipləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Çıxışlarda Naxçıvanın toxuculuq və xalçaçılıq ənənələrinin qorunub saxlanılması, təsviri və tətbiqi sənətdə ənənəvi simvolika, gənc nəslin xalça sənətinə marağı, təbliğat və təhsil layihələri və s. məsələlər müzakirə olunub.
Konfrans bu gün (14 sentyabr) başa çatacaq. Tədbir çərçivəsində
Naxçıvanda ənənəvi
xalçaların özəlliklərinin
tədqiqi məsələləri,
Naxçıvan xalça
sənətinin keçmişi
və bu gününə aid elmi, tarixi və təcrübi məsələlərin
məlumat bazasının
yaradılması müzakirə
olunacaq, xalq sənətkarları ilə
görüş keçiriləcək.
Ceyhun
Mədəniyyət.-
2011.- 14 sentyabr.- S. 4.