Naxçıvanda
beynəlxalq ekspedisiyaların yekunları müzakirə olunub
Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan bölməsində Oğlanqala, Ovçular təpəsi
və Duzdağda aparılan beynəlxalq ekspedisiyaların
yekunlarına həsr olunmuş tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin
sədri, akademik İsmayıl Hacıyev muxtar respublika ərazisində
son illərdə 10 qədim yaşayış yerində
arxeoloji qazıntı işlərinin
aparıldığını, tədqiqatlardan 3-nün beynəlxalq
səviyyəli ekspedisiya olduğunu bildirib.
Muxtar respublikanın qədim
yaşayış yerlərində aşkar olunmuş maddi-mədəniyyət
nümunələri haqqında məlumat verən Fransa Beynəlxalq
Araşdırmalar Mərkəzinin əməkdaşı
Katerina Marro burada Kür-Araz mədəniyyətinin erkən
yaranmasının diqqəti cəlb etdiyini söyləyib.
Tapıntılar Cənubi Qafqaz, Şərqi Anadolu və
Şimali Mesapotomiya arasında sıx mədəni əlaqələrin
olduğunu göstərir.
AMEA-nın müxbir üzvü Vəli
Baxşəliyev Oğlanqala, Ovçular təpəsi və
Duzdağda aparılan tədqiqatlar barədə
danışıb. Onun sözlərinə görə, Şərur
rayonu ərazisində yerləşən Ovçular təpəsi
yaşayış yerində Alt Paleolit dövrünə aid əmək
alətləri aşkar olunub. Qazıntılar zamanı
körük ucluğunun aşkar olunması bu
yaşayış yerinin əsas metalişləmə mərkəzlərindən
biri olduğunu deməyə imkan verir.
AMEA Naxçıvan bölməsinin
əməkdaşı Nizami Alıyev Duzdağ ərazisində
aparılan kəşfiyyat xarakterli qazıntı işləri
barədə məlumat verib. Burada qazıntılar zamanı da
qədim daş alətləri, keramikalar, ocaq yerləri,
kömür qalıqları aşkar edilib. Ərazidə olan
tapıntıların GPS (uzaqdan mövqenin təyini) ilə
qeydiyyatı aparılıb, hər platformanın xəritəsi
hazırlanıb.
Ceyhun
Mədəniyyət.-
2011.- 16 sentyabr.- S. 15.