Dahi şəxsiyyət - dahi
bəstəkar Üzeyir Hacıbəylinin
xatirəsi anılıb
Məmməd Səid Ordubadinin
xatirə-muzeyində görkəmli bəstəkar Üzeyir
Hacıbəylinin anadan olmasının 126 illiyinə həsr
olunmuş “Dahi şəxsiyyət, dahi bəstəkar”
mövzusunda ədəbi-bədii tədbir keçirildi.
Muzeyin direktoru Lalə Abaszadə
qonaqları salamlayaraq Üzeyir bəyin irsi barədə məruzə
ilə çıxış etdi. Qeyd olundu ki, Üzeyir
Hacıbəyli dahi bəstəkar, gözəl qələm
sahibi, pedaqoq, alim olmaqla yanaşı, həm də
böyük şəxsiyyət, gözəl insan, sadiq dost
olub. Görkəmli yazıçı M.S.Ordubadi ilə
Ü.Hacıbəylinin möhkəm dostluğundan bəhs edən
Lalə xanım bildirdi ki, dahi bəstəkar tez-tez bu evə
qonaq gələrdi. Onların dostluğu
yaradıcılıqlarına da öz töhfəsini verib. Belə
ki, bu böyük şəxsiyyətlərin işbirliyi nəticəsində
“Dəmirçi Gavə” operası ərsəyə gəlib.
1937-ci ildə həmin əsər “Koroğlu”
adlandırılır və şeirləri M.S.Ordubadi yazır.
Elə həmin ilin aprelində əsər səhnəyə
qoyulur. Bundan başqa bu iki dostun birgə yaratdığı
xeyli mahnılar da var.
Çıxış edənlər
Şərqdə operanın banisi, indi UNESCO-nun diqqətini
çəkən muğamlarımızı nota almış,
dahi Üzeyir bəyin milli musiqimizin inkişafına töhfələrindən
geniş söhbət açdılar. Vurğulandı ki, mənalı
ömrünü öz xalqına həsr etmiş dahi bəstəkarın
adı daim yad olunacaq, işıqlı xatirəsi qəlblərdə
əbədi yaşayacaq.
İradə
Mədəniyyət.-
2011.- 16 sentyabr.- S. 14.