Növrəs
İmanın sirli dünyası
Haqq aşığı
İslam Ələsgər: “Növrəs İman
böyük bir dəryadır ki, ondan bir damla bizə gəlib
çatıb”
Üstündən uzun illər keçsə belə Azərbaycan
aşıq ədəbiyyatının klassiklərindən
sayılan Növrəs İmanın uğursuz və müəmmalı
taleyi insanları hələ də kədərləndirməkdədir.
Bu nakam taleli şairin həyatı niyə sirlər, müəmmalarla
doludur? Suallara cavab tapmaq üçün zamanın gəldiyi
yolla ötən əsrin əvvəllərinə
qayıdırıq.
Növrəs İman kimdir
sualına cavab tapmaq üçün Aşıq Ələsgərin
nəvəsi, folklorşünas alim İslam Ələsgərə
müraciət etdik.
- Növrəs İman aşıq
sənəti tariximizdə özünün yeri olan sənətkarlardan
biridir. O, 1903-cü ildə Göyçə mahalının
Ağkilsə kəndində anadan olub. Aşıq Ələsgərin
qardaşı oğlu Məşədi Salehin oğludur.
İman uşaqlıqdan çox zəkalı bir uşaq
olduğuna görə Məşədi Saleh oğlunu
mollaxanaya qoyur. Vaxtı ilə İmanla mollaxanada oxuyan
Aşıq Bəhman sonralar danışarmış ki,
İman öz zəkası ilə, hamını heyran
qoyarmış. Aşıq Ələsgərin şeirlərini
əzbər bilən İman yeniyetmə yaşlarından
şeir yazmağa başlayır. Rəhmətlik Aşıq Nəcəf
danışırdı ki, Növrəs İmanın
yazdığı şeirlər o vaxt dilimizdə əzbər
idi.
“Bu
təb səni puç edəcək”
Aşıq Talıb söhbət eləyir ki, bir gün Nəcəf əlində bir kağız gətirdi, Aşıq Ələsgər dedi a bala, o nə kağızdır? Nəcəf deyir ki, İmanın şeiridir. Nəcəf şeiri oxuyur, dədəm (Aşıq Ələsgər) şeirə qulaq asandan sonra deyir, a bala, gedin, İmanı tapın, deyin, şeirlər yazdığı dəftəri də götürüb bura gətirsin. İman gəlir, bir şeir, iki şeir oxuyandan sonra görürlər ki, Aşıq Ələsgərin gözündən yaş axır. İman soruşur ki, dədə, niyə ağlayırsan? Aşıq Ələsgər deyir ki, oğul, sənin halına ağlayıram. Bu təb ki, səndə var, bu səni axırda puç eləyəcək, ona indidən ağlayıram.
İman da deyir ki, ay dədə, səndə olan təb heç kəsdə yoxdur. Bəs o təb səni niyə puç eləmədi? Aşıq Əlsəgər deyir ki, a bala, mənə də bax, özünə də bax. Mənim bədənim səndən iki-üç dəfə böyük olar. Bir də mən səbirli olmuşam, özüm-özümün həkimi olmuşam, özümü istidən-soyuqdan gözləmişəm, amma sən bunu eləməyəcəksən. Zəmanə bəd gəlir, sən zəmanə ilə düz gəlməyəcəksən.
Deyir, dədəm bunu dedi, sonra dəsmalla gözünün yaşını sildi.
Növrəs İman nadir istedad sahibi olduğundan tezliklə Ələsgər ocağının ən istedadlı nümayəndələrindən biri kimi ad qazanır.
Yaralı gəlmişəm fani dünyaya,
Mənim sağalmağa dərmanımmı var?
Əzrayıl gələndə canım almağa,
Onu verməməyə fərmanımmı var?
İti yaddaşa, coşqun təbə və bədahətən şeir demək qabiliyyətinə malik olan Növrəs İman haqqında məlumatlara ötən əsrin 20-30-cu illərindəki dövrü mətbuatda rast gəlinir.
“Yeni kənd” jurnalı 1927-ci ildə İman haqqında çox qısa məlumat verir. Məlumatda deyilir: “İmanın yaşı hələ çox cavan olub, özünün də savadı vardır. Bunun gələcəyindən istedadlı el şairi çıxacağını gözəlmək olar”.
Göyçə mahalının Hüseynquluağalı kəndində molla məktəbində oxuyan Növrəs İman sovet hakimiyyəti qurulduqdan sonra bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləyir, eyni zamanda, aşıq şeirinin bütün janrlarında gözəl sənət nümunələri yaradır.
İmanın həyatındakı
faciə
- Zaman keçdikcə çox əhvalatlar baş verdi. Çar hakimiyyəti yıxıldı, sovet hakimiyyəti quruldu. O vaxtlar idarələrdə işlətmək üçün savadlı adamlar axtarırdılar. İmanı Kəlbəcər rayonunun Seyidlər kəndində kənd şurasının sədrinin katibi vəzifəsinə qoyurlar.
Sovet hakimiyyətinin ilk illərində İman da yeni quruluşa şeirlər yazır. Amma bir qədər sonra görür ki, onlar adət-ənənələrimizə çox xor baxırlar, məscidləri təhqir eləyirlər, o zaman İmanda bu quruluşa qarşı bir etiraz yaranır. Başa düşür ki, bu quruluşa qulluq eləmək olmayacaq. O vəzifədən imtina eləyir, 1925-ci ildən saz götürüb aşıqlıq eləməyə başlayır.
İman qələm çalır, nə xoş səfadır,
Nə nizam qoyulub, nə xoş səfadır,
Pərişan xəyalım nə xoş səfadır,
Xain bəd qandırar a yara məndən.
Növrəs
İmanın həyatı barədə məlumatlar olduqca
azdır. Şeirlərində nakam bir məhəbbət
yaşamış şairin iztirabları duyulmaqdadır. Bəs əslində Növrəs İmanın
sevgisi barədə nə bilirik?
- İmanın həyatında
başqa bir faciəvi hadisə də baş verir. İman qonşularında yaşayan bir qıza
nişanlanır. Amma İmanın
böyük qardaşı Aşıq Qurban bu zaman vəfat
edir. Aşıq Ələsgərin
qızı Gülnisə də Qurbanın yoldaşı
imiş. Bir neçə il keçəndən
sonra Saleh məsləhət görür ki, İman
nişanlısından ayrılsın, Qurbanın arvadı
Gülnisə ilə ailə qursun. Bu fikri
Aşıq Ələsgərə deyəndə Aşıq Ələsgər
razılaşmır. Deyirlər, Məşədi Saleh
ağladı, gözünü silə-silə dedi ki, ay
qardaş, Qurban öldü, bir evim yıxıldı, istəmə
ki, Gülnisə də evimdən çıxıb getsin, bir də
evim yıxılsın. Həmin vaxtı
Gülnisənin iki uşağı varmış. İman bu xəbəri eşidəndə ipə-sapa
yatmaq istəmir. Danlamaqla, öyüd-nəsihətlə
birtəhər onu yola gətirib kəbin kəsdirirlər.
Bu hadisədən sonra İman çox
sarsılır. Ona elə gəlir el içində
hamı onu qınayır ki, adam da
qardaşı arvadı ilə evlənərdimi? İman bu xəcalətə görə kəndin
içinə çıxıb heç kimlə
görüşmək istəmir. Həm
quruluş-dövran, həm də ailə daxilində olan bu faciəvi
əhvalat İmanı tamamilə sarsıdır.
Növrəs İman
1932-ci ildə müəmmalı şəkildə itkin
düşür. Onun müəmmalı
şəkildə yoxa çıxması haqqında isə bu
günə qədər müxtəlif fikirlər mövcuddur.
- Deyilənlərə görə,
İman şeirlərini çox vaxt gecələr
yazarmış. Məlum hadisələrdən
sonra İman gecələr yazdığı şeirləri səhər
cırıb atarmış. Səbəbini
soruşanda deyərmiş ki, şeirə qiymət verən
yoxdur. Bir dəfə də
yazdığı dəftərləri - deyilənə görə
içində dram əsəri də varmış - alovlu təndirə
töküb yandırmışdı.
Bəziləri onun bu
hərəkətini dəli olmaq kimi yozurdular. Amma İman dəli olmamışdı, onu zəmanə
dəli etmişdi.
1927-1928-ci illərdə
İman bir neçə dəfə evdən getməyə təşəbbüs
göstərir. Ələsgərin oğlu Aşıq
Talıb, Aşıq Ələsgərin qardaşı oğlu
Aşıq Nəcəf, bir də İmanın qardaşı
Aşıq Musa onu axtarıb Azərbaycanın ayrı-ayrı
kəndlərindən tapıb gətirirlər. Onun
itkin düşməsi barədə bir neçə mülahizə
var. Belə deyilir ki, İman haradasa qəzaya uğrayıb,
meyitini basdırıblar. Bəziləri
hesab edirdi ki, onun paxıllığını çəkən
aşıqlar onu öldürtdürüblər. Ən axırıncı mülahizə odur ki,
İman ölkədən baş götürüb gedib. Əvvəlki variantlar səhvdir, çünki
düşmən də olsa İman kimi vücuda
qıymazdı. Amma ölkədən getməsi
inandırıcıdır.
1935-ci ildə Hümbət Əlizadə
“Ədəbiyyat” qəzetində Növrəs İman barədə
belə bir məlumat verir: “Aşıq İmana son zamanlar bədbəxt
hadisə üz vermiş, o, dəli olaraq evlərindən
qaçıb getmiş, harada olması indi də məlum
deyildir”.
- İman qeyri-adi
istedad sahibi olmaqla yanaşı, həm də onda elə
qüdrət varmış ki, söhbət etdiyi adamın
fikrindən keçənləri bilirmiş, hətta gələcəkdən
xəbər verirmiş. O, itkin düşəndən
sonra belə haqqında rəvayətlər, xatirələr
dildə-ağızda dolaşır.
Tarixin
ən böyük silahı faktdır
Tarixin
yaddaşında Növrəs İmanla bağlı faktlar hələ
də qalmaqdadır. Aşıq Məsim
1966-cı ildə bir xatirəsində danışır ki,
1928-ci ildə Qazaxda Azərbaycan aşıqlarının
toplantısı keçirilirmiş. Məclisə
100 aşıq dəvətli olur, Növrəs İman da
xüsusi olaraq çağırılır. Tədbirin sədri Aşıq Əsəd,
müavini (katibi) Aşıq İmirzə Bayramov imiş.
Səməd Vurğun isə kənd müəllimi
olaraq o tədbirdə iştirak edirmiş. Məclis
başa çatanda yerdən deyirlər ki, kim
bu gün - 30 mayda Qazaxa bir şeir deyə bilər. Sədr də, müavin də, eləcə də bir
çoxları çiyinlərini çəkir ki, hazır
deyilik. Növrəs İman ayağa
qalxıb, bədahətən Qazaxın şəninə bir
şeir deyir. Alqışlar zalı titrədir,
ona qızıl saat hədiyyə verirlər. O vaxtlar
Cahandar ağanın oğlu Qiyas bəy Şıxlinski Qazax qəzasının
milis rəisi işləyirmiş, o da orada imiş. Növrəs
İmanın istedadı onu heyran edir, aşığı evinə
dəvət edir, onun şəninə təzədən bir məclis
başlayır...
Növrəs
İmanın şeirləri qanadlı, ruhla, ilhamla
yazılmış şeirlərdir.
Bir tanrı nurudur hüsnü-kənanın,
Söylə, dərd
əhlinə varmı dərmanın?
Növrəs İman kimi qəmli
cavanın,
Yaralı
könlünə yar olan dağlar.
Eyni zamanda Növrəs
İmanın şeirləri kədərli şeirlərdir.
Sanki şair sonrakı taleyini duyurmuş kimi o
nisgili, kədəri, ayrılığı, qəmi şeirinə
köçürüb.
“Var” adlı
qifılbəndinin sonunda Növrəs İman deyir.
Mən istərəm, bu gün
açam ər aşıqlar meydanı,
Pirim mənə
nüsrət versə, tək alaram dünyanı.
Toxunmayın, incitməyin, siz bu
Növrəs İmanı,
Tifil vaxtdan qəm əhliyəm,
canda qəm dəryası var.
- Bayaq dedim ki,
İman yazdıqlarını sonradan cırıb
atırmış. Xoşbəxtlikdən Tovuz
rayonunun Aşağı Ayıblı kəndində Məşədi
Qədim adlı bir nəfər İmanın şeirlərini
qoruyub saxlamışdı. İman o tərəflərə
gedəndə Məşədi Qədimin qonağı
olarmış. Hətta İmanı
görmədən onun şeirlərini ondan-bundan oxuyub
yazırmış. İman ora gedəndən
sonra xahiş eləyir ki, İman bu şeirləri öz xətti
ilə yazsın. İllər keçir, Məşədi
Qədim ömrünün son illərində oğluna deyir ki,
a bala, mən dünyadan köçürəm, bu əmanəti
Aşıq Ələsgərin qohumlarına çatdır.
Mənim qardaşım Haqverdi o vaxt Gəncədə
oxuyurdu. Həmin adamlar gəlib Haqverdini
tapıb şeirləri ona verirlər. Haqverdi
də o şeirləri mənə çatdırdı. Növrəs İmanın yüz illiyində bu
şeirləri kitab halında çap etdirdim.
İman ən
çox qoşmalar yazıb, 35-dək təcnisi, 10 divanisi, 7 qəzəli
əlimizə gəlib çatıb.
İmanın 22
yaşı olanda şeirləri dillər əzbəri
imiş. O çox yaşamadı, cəmi 27 il ömür sürdü. İman
böyük bir dəryadır ki, ondan bir damla bizə gəlib
çatıb.
Növrəs İmanın müəmmalı
yoxa çıxmasından çox illər keçir, lap
çox... Ancaq Növrəs İmanın nakam taleyi, kədərli
şeirləri dildən-dilə, eldən-elə dolaşıb
onu unudulmağa qoymur...
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 16 sentyabr.- S. 13.