Gədəbəy
yaxın illərdə turizm mərkəzinə
çevriləcək
Kamran Rzazadə: “Rayonumuzda turizmin inkişafı
üçün geniş təbii imkan və şərait var”
Ötən həftəsonu Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi, «Skal İnternational» beynəlxalq
turizm təşkilatının Bakı nümayəndəliyinin
və “Eldorado” mehmanxanasının təşkilatçılığı
ilə Gədəbəy rayonuna təşkil edilən infotur
zamanı fürsətdən istifadə edib rayon İcra
Hakimiyyətinin başçısı Kamran Rzazadə ilə
söhbət etdik. Maraqlı söhbət əsnasında icra
başçısının bizə verdiyi məlumatlar
ölkəmizin füsunkar bölgəsi olan Gədəbəy
rayonu haqqında təsəvvürümüzü daha da zənginləşdirdi:
- Prezident İlham Əliyevin sərəncamı
ilə 2011-ci ilin ölkəmizdə «Turizm ili» elan edilməsi
böyük turizm potensialı olan Gədəbəy rayonunda da
rəğbətlə qarşılanıb. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə rayonumuza infoturun təşkil
olunmasını yüksək qiymətləndirir, bu diqqətə
görə nazirliyə təşəkkürümüzü
bildiririk.
Gədəbəy turizm
üçün olduqca əlverişli təbii şəraiti
olan bölgədir. Rayonun qədim və zəngin tarixi var. XIX
əsrin ortalarında Simens qardaşları burada misəritmə
zavodu inşa ediblər. Həmin vaxt bu zavod nəinki Avropada, hətta
dünyada ən böyük sənaye müəssisələrindən
biri idi. Lev Polonski «Simens Qafqazda» adlı kitabında yazır
ki, Avropanın mərkəzi şəhərləri olan London,
Paris, Sankt-Peterburq kerosin lampa istifadə etdikləri dövrdə
Gədəbəy rayonunda elektrik işığı yanıb.
Cənubi Qafqazda dəmir yolu xətti 1883-cü ildə çəkilib,
bizim rayonda isə 1879-cu ildə dəmir yolu nəqliyyatı fəaliyyət
göstərib, yolun uzunluğu 37 kilometr olub. İndi də həmin
dəmir yolunun keçdiyi körpülər XIX əsr
arxitektura abidəsi kimi qalır. 1870-ci ildə Almaniya mətbuatı
yazırdı ki, Gədəbəy Qafqazın mühərrikidir.
Bu ilin martında Azərbaycan Turizm İnstitutunun təşkilatçılığı
ilə Almaniyada səfərdə olarkən Berlin muzeyinə
getdik. Muzeyin Qafqaz bölməsində Gədəbəy
xüsusi yer tutur.
- Hazırda Azərbaycanda qeyri-neft
sektoru, o cümlədən də turizm sahəsi sürətlə
inkişaf edir. Gədəbəy rayonunun bu inkişafda payı
nə qədərdir?
- Bu gün ölkəmizdə
bütün sahələrdə davamlı inkişaf var. Qeyri-neft sektoru sürətlə inkişaf edir. Gədəbəydə qızıl emalı zavodunun istifadəyə verilməsi də buna sübutdur. Yeri gəlmişkən, Gədəbəy
Qızıl Zavodunun turizm marşrutuna salınması maraqlı olardı. Bu gün rayonda güclü turizm infrastrukturu yaradılır.
Elə götürək təqdimatını
keçirdiyimiz «Eldorado» hotelini.
Buraya gələn qonaqlar hoteldəki rahatlıqdan çox razılıq edirlər. Son illər rayonda Narzan bulaqlarının üzərində turizm obyektləri tikilib, Novosaratovka kəndində daha bir obyekt
fəaliyyətə başlayıb.
Yeni tikilən mehmanxanalarımız
da var. Hazırda eyni vaxtda 200 qonağı qəbul edib yerləşdirməyə
imkanımız çatır.
- Gədəbəy
həm də tarixi abidələr diyarıdır. Bu abidələri turizm marşrutuna salmaqla rayona daha çox
turist cəlb etmək olarmı.
- Gədəbəydə
130-dan çox tarixi abidə mövcuddur. Burada dünya memarlıq incisi kimi qorunub
saxlanan Qız qalası var. Bəzi mənbələrdə bu
qalanın IX əsrdə
tikildiyini yazırlar.
Amma o, IV
əsrin abidəsidir.
Qız qalasının ətrafında
Məhrasa deyilən bir tikili də
var. Bu, vaxtilə Nəsrəddin
Tusi tərəfindən
inşa edilən Marağa rəsədxanasının
filialı olub. Qız qalası ətrafındakı
mənzərəli yerlər
olduqca cəlbedicidir.
İnsan
bura gələndə
getmək istəmir.
Bu abidəyə 12-15 kilometr uzunluqda at marşrutu təşkil etmək olar. Bu marşrut dağlardan,
çaylardan, meşələrdən
keçir. Bu yay Türkiyədən və Kanadadan qonaqlarımız gəlmişdi,
oraya at marşrutu təşkil etdik. Bu gəzinti onlarda
gözəl təəssürat
yaratdı.
- Rayonda daha hansı turizm növlərinin inkişafı üçün
perspektiv var?
- Hazırda biz
əhalini əsasən
kənd-yaşıl turizmi
istiqamətində maarifləndiririk.
Mən özüm yerli camaatla bütün görüşlərimdə onlara
bu barədə məlumat verirəm, kənd turizminin əhəmiyyətindən danışıram.
Əhali
özü də turistləri evində saxlamaqda maraqlıdır.
Bu yay mövsümündə
əsas yolun üzərində yerləşən
Slavyanka kəndində
bir dənə də boş ev olmayıb.
Ümumiyyətlə, Gədəbəyin hər qarışı turizm potensiallıdır.
Rayonun ərazisindən böyük
çaylar keçir.
Zəyəm, Şəmkir, Tovuz
çayları öz
mənbəyini Gədəbəydən
götürür. Bu çayların ətrafında
nəhəng meşə
massivləri var. Bu meşələr
və dağlar gözəl görünüşü
ilə yanaşı, turizmin bəzi növləri üçün
zəngin potensialdır.
Bütün dağlarımız Alp çəmənliyindən ibarətdir.
Gədəbəy dağlarının
bir kvadrat metr ərazisində 100-dən
çox ot
və dərman bitkiləri var. Burada yetişdirilən yüksək
keyfiyyətli kənd təsərrüfatı məhsulları
- kartof, ət, su, pendir, bal və s. hər yerdə tanınır. Rayonda mineral və süfrə sularının qablaşdırılması
ilə bağlı müəssisə işləyir.
Müəssisənin gündəlik istehsal
gücü 200 tondur.
Bu isə bütün
Azərbaycanı su ilə təmin etməyə yetər.
Hazırda regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı çərçivəsində Gədəbəyin bütün
sərhəd kəndləri
qazlaşdırılır. Kəndlərdə yeni məktəblər,
xəstəxanalar, mədəniyyət
ocaqları yenidən,
müasir standartlara uyğun tikilir. Rayonda üç kənddə ruslar yaşayır: Slavyanka, Novosaratovka, Novoivanovka. Bu kəndlərin əhalisi ilə azərbaycanlı əhali
arasında mehriban münasibətlər var.
- Bu il
rayona gələn turistlərin sayı barədə nə deyə bilərsiniz?
- 2011-ci ilin yay turizm mövsümündə
rayona ötən illərdən daha çox yerli və xarici turist gəlib. Hazırda statistika dəqiqləşməyib.
Amma qeyd edim ki,
əsasən Türkiyə,
İran, Avropa ölkələri, o cümlədən
Britaniyadan, Almaniyadan qonaqlarımız olub.
Turist artımının mühüm səbəblərindən
biri, bütün ölkəmizdə olduğu
kimi, rayonda da aparılan geniş tikinti-quruculuq işləridir. Yol infrastrukturu
qurulur. Ölkənin sosial iqtisadi
inkişaf dinamikası
artır. Bütün bunlar
regionlarda turizmin inkişafı üçün
gözəl zəmindir.
Bundan əlavə, turizm fəaliyyəti ilə məşğul olan sahibkarlara şərait yaradılır. Azərbaycanda 2011-ci ilin «Turizm ili»
elan edilməsi ilə bağlı həyata keçirilən
tədbirlər turistlərin
sayına əhəmiyyətli
dərəcədə müsbət
təsir edib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 16 sentyabr.- S. 9.