Ölkəmiz dünya xalqlarının eposlar festivalında təmsil olunub

 

   Sentyabrın 6-dan 11-dək Qırğızıstanın paytaxtı Bişkekdə MDB məkanında elan edilmiş Tarixi-Mədəni İrs ilinə həsr olunmuş Dünya Xalqlarının II Dünya Eposlar Festivalı keçirilib.

 

   Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilatçılığı və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən festival bu ölkənin dövlət müstəqilliyinin və Müstəqil Dövlətlər Birliyinin 20-ci illiyinə həsr olunmuşdu.

   Keçmiş sovet respublikaları ilə yanaşı, Türkiyə və ABŞ nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Statistikasosioloji tədqiqatlar bölməsinin müdiri Əbülfəz Babazadə təmsil edib. O, festival çərçivəsində təşkil olunanMilli mədəniyyətin ənənəvi dəyərləri və epik irs” adı altında təşkil olunan beynəlxalq elmi-praktiki simpoziumdaYapon xalqının timsalında Uzaq Şərq xalqlarının mədəniyyətində türk eposlarının rolumövzusunda məruzə ilə çıxış edib. Simpozium iştirakçılarına Azərbaycan folkloru və eposları barəsində geniş məlumat verilib, habelə Azərbaycanda maddiqeyri-maddi mədəni irs, şifahi xalq ədəbiyyatı, folklor, epos və dastanların qorunub saxlanılması, populyarlaşdırılması ilə bağlı görülən işlər barədə yazılı məlumatlar paylanılıb.

   Festivalın keçirildiyi məkanın foyesində Azərbaycan üçün nəzərdə tutulmuş guşədə Azərbaycanda mədəniyyət, incəsənət, tarix, milli adət-ənənə, folklor, milli mətbəx və ədəbiyyat sahəsində son on ildə işıq üzü görmüş kitablar, jurnallar, kompaktvideo disklər nümayiş etdirilib, simpozium iştirakçılarına və media nümayəndələrinə təqdim olunub.

   Milli mədəniyyətin ənənəvi dəyərləri və epik irs” beynəlxalq elmi-praktiki simpoziumu memorandumun qəbul edilməsi ilə başa çatıb. Sənəddə qloballaşan dünyada tarixən formalaşan, hər bir xalqın milli mənsubiyyətini özündə əks etdirən eposların öyrənilməsi, tədqiqi və təbliği, xüsusən də gənc nəslə aşılanmasının vacibliyi vurğulanıb.

  

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 16 sentyabr.- S. 6.