Ötən
20 ildə mədəniyyətimiz mühüm
inkişaf yolu keçib
“Dünyanın özü də
yeni mədəniyyət hadisələrində
maraqlıdır. Amma əsas odur ki, mədəniyyət hadisəsi
stabil və ardıcıl şəkildə millətin göstəricisi
kimi, onun mövcudluğunun, müstəqilliyinin əlaməti
kimi dünyada tanıdılsın. Bu sahədə ölkəmizdə
son illər çox işlər görülüb. Azərbaycan
mədəniyyətinin dünyada layiqincə
tanıdılması müstəqilliyin verdiyi yeni keyfiyyətdir”.
Müsahibimiz filologiya elmləri doktoru, Milli Elmlər
Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Nizami Cəfərovdur. Onunla Azərbaycanın
dövlət müstəqilliyinin bərpa olunmasından ötən
20 ildə mədəniyyət sahəsində qazanılan
nailiyyətlər və bu sahədə görülməsi
vacib olan işlər barədə söhbət etdik.
- Nizami müəllim, böyük
çətinliklərlə əldə etdiyimiz müstəqillik
mədəniyyətimizə, onun inkişafına nə verdi?
Ümumiyyətlə, bir xalqın mədəniyyətinin
inkişafında müstəqillik faktoru nə kimi rol
oynayır?
- Mədəniyyətin
inkişafı üçün hər bir xalqın müstəqilliyi
çox böyük şərtdir. Bütünlükdə
tariximizə nəzər salsaq, görərik ki, mədəniyyətin
inkişafı daim milli ruh və onun yüksəlişi ilə
bağlı olub. Bu XI-XII əsrlərdə Nizami Gəncəvi
dövründə, XV-XVI əsrlərdə Füzuli
dövründə, XVIII əsrdə Vaqif dövründə,
eləcə də XIX əsrin sonu - XX əsrin əvvəllərində
Azərbaycanda milli hərəkatın güclənməsi
zamanında da olub. Məhz bu dönəmlərdə
böyük bir mədəniyyət yaranıb. Əlbəttə,
sovet dövründə də Azərbaycanda mədəniyyət
inkişaf edib. Bütün ideoloji təpkilərə
baxmayaraq, mövzu, məzmun, sosialist düşüncəsinin
təzyiqlərini etiraf etmək baxımından o dönəmdə
də mədəniyyətimiz inkişaf yolu keçib.
Müstəqillik dövründə
isə Azərbaycan mədəniyyətinin inkişafı yeni
müstəviyə keçdi. Müasir Azərbaycan dövlətinin
banisi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
həyata keçirilən dövlətçilik xəttinin
mühüm bir qolu kimi məqsədyönlü mədəniyyət
siyasəti həyata keçirilməyə başlandı. Bu
siyasətinin əsas göstəricilərini qeyd etmək istəyirəm.
Birincisi mədəniyyətin tarixinin dirçəldilməsi
idi ki, bu sahədə həqiqətən böyük işlər
görüldü. Tarixi-memarlıq abidələri, muzeylərimiz
bərpa olundu, onların ekspozisiyası zənginləşdirildi,
muğam, aşıq sənəti, İçərişəhər,
Qobustanla bağlı irimiqyaslı layihələr həyata
keçirildi.
Ümumiyyətlə, mədəniyyət,
incəsənət hansı baza üzərində inkişaf
etməlidirsə, o baza müəyyənləşməli,
konturları aydın görünməlidir. Bunu
yaşadığımız dövr, gedən mədəni
proseslər tələb edir. Hər bir xalq başqa
xalqların mədəniyyətindən də yararlanır,
başqa xalqların mədəniyyəti də o xalqın
zaman-zaman sərvətinə çevrilir. Belə olan vəziyyətdə
eyni zamanda başqa bir proses də gedir: bəzən xalqlar
bir-birlərinin mədəniyyətinin tarixini mənimsəyirlər
və onu öz tarixləri kimi təqdim etməyə
çalışırlar. Buna görə də öz mənsub
olduğun millətin tarixini hər bir Azərbaycan vətəndaşına
çatdırmaq, təbliğ etmək, göstərmək və
millətin bu tarixi mənimsəməsinə nail olmaq, bundan
sonra onu millətin yaradıcılıq hadisəsi kimi
dünyaya çıxartmaq lazımdır. Bununla bağlı
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
gördüyü işləri xüsusi vurğulamaq istərdim.
Fondun ardıcıl və planlı şəkildə həyata
keçirdiyi layihələr sayəsində mədəniyyətimizin
tarixi xeyli canlandırıldı. Biz bu gün də
çalışmalıyıq ki, bir çox sahələrdə
yaratmış olduğumuz o tarixi mədəniyyətin yenidən
müxtəlif məqamlarını, janrlarını, rənglərini,
motivlərini, spektrlərini, yəni həm elmi, həm də
praktik olaraq ortaya çıxaraq. Odur ki, dövlətimizin mədəniyyət
siyasətində müstəqillik dövründə həyata
keçirdiyi birinci məsələ bu idi.
Mədəniyyətin
inkişafı ilə bağlı ikinci çox mühüm məsələ
müasir tarixi şəraitdə, müasir üsullarla mədəniyyət
və incəsənətin yaradılması və təqdimatıdır.
Yəni tarixi mədəniyyəti dirçəltmək bir məsələ,
onu müasir metodlarla həm respublikada, həm də dünyada
təqdim etmək də ayrı bir məsələdir. Bu sahədə
də dövlət siyasətində çox böyük
nailiyyətlər, uğurlar qazanıldı.
- Qeyd etdiyiniz prosesdə hansı
vasitələr əsas götürüldü?
- Əvvəlcə deyim ki, bu
gün Azərbaycan bütün dünyaya açıq ölkədir.
Dünyanın hər yerindən Azərbaycana müxtəlif mədəniyyətlərin
daşıyıcısı olan insanlar gəlir və onlar mədəniyyətimizi
görürlər. Onlar Azərbaycanın hansı mədəniyyətə,
milli dəyərlərə, mentalitetinə nə dərəcədə
malik olduğunu dərk edirlər. Buna görə də mədəniyyət
və incəsənət nümunələri beynəlxalq
standartlara uyğun şəkildə təqdim
olunmalıdır. Yəni istər-istəməz bir
böyük mədəniyyət abidəsinin təqdimatı
üçün müəyyən infrastruktur olmalı, onu
müşahidə edənə, ondan zövq alana şərait
yaradılmalıdır. Bu şərait hazırda Azərbaycanda
yaradılır və mənə elə gəlir ki, mədəniyyətin
inkişafında ən böyük uğurlarımızdan
biri də budur.
Bundan başqa, muğam sənəti
Azərbaycanda çox yüksək səviyyədə təbliğ
və təqdim olunur. Muğamın fəlsəfəsini,
tarixi zənginliyini dərk etmək üçün çox
böyük işlər görüldü. Ən böyük
uğurlardan biri o oldu ki, gənclik muğama qayıtdı, bu
sahədə yeni istedadlar ortaya çıxdı və onlar
bütün dünyaya göstərdilər ki, bu ənənə
Azərbaycanda hələ də yaşayır. Bu modernləşməni
həyata keçirmək üçün ölkəmizdə
dünya muğam ustalarının məclisləri
keçirildi ki, bu sənət mübadiləsinin özü də
çox böyük hadisə idi. Beləliklə, tarixən
yaradılmış mədəniyyət dirçəldi və
burada da müasir mədəniyyət texnologiyalarından
istifadə olundu.
Nəhayət, müstəqillik
dövründə digər bir yenilik hər bir sənət
adamına, hər bir istedada dövlət
qayğısının göstərilməsidir. Bu mədəniyyət
və incəsənət sahəsində çox böyük
məsələdir. Bir çox musiqi, teatr xadiminə, digər
mədəniyyət və incəsənət ustalarına təqaüdlər,
fəxri adlar verildi. Dövlətin maliyyə imkanları
genişləndikcə, bu sahəyə mümkün qədər
vəsait ayrılır. Ümumilikdə, ötən 20 il mədəniyyətin
inkişafını sürətləndirən digər amillərlə
yanaşı, dövlətin uğurlu mədəniyyət
siyasəti ilə də xarakterizə olunmalıdır.
- Mədəniyyət siyasətinin
möhkəmlənməsi, onun qanunvericilik bazasının
yaradılması üçün hansı tədbirlər
görüldü? Bu sahədə hansı boşluqlar
mövcuddur?
- Etiraf edim ki, bu gün Azərbaycan
mədəniyyətində baş verənlərin miqyasına
baxanda bizim qanunvericiliyimiz hələ ki, bu inkişafın
ardınca gedir. Doğrudur, biz mədəniyyətin
ayrı-ayrı sahələri üzrə sahə qanunları
qəbul etmişik. 1998-ci ildə «Mədəniyyət
haqqında» qanun qəbul olunub. Mədəniyyətlə
bağlı xeyli məsələlər müzakirə olunur,
qanunvericilik şəklində ortaya çıxır. Məsələn,
bu gün Azərbaycanda şou-biznesin fəaliyyəti ilə
bağlı məsələlər ümumi ictimai mühitdə
çox tez-tez müzakirə olunur. Mən deməzdim ki,
qanunvericiliyimizdə az işlər görülüb, amma Azərbaycan
mədəniyyətinin inkişaf sürətinə nəzər
salsaq görürük ki, biz hələ çox işləməliyik.
Ona görə də bu yaxınlarda bir neçə illik
araşdırmalardan, təhlillərdən sonra Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə «Mədəniyyət
haqqında» qanunun yeni redaksiyasını hazırladıq. Milli
Məclisin üzümüzə gələn sessiyasında yəqin
ki, bu məsələyə baxılacaq. Düşünürəm
ki,«Mədəniyyət haqqında» qanun təkcə millət
vəkilləri ilə deyil, mədəniyyət işçiləri,
incəsənət xadimləri ilə müzakirə edilməlidir.
Biz də buna çalışacağıq. Mən real hadisələrdən
təcrid olunmuş deklorativ qanunların tərəfdarı
deyiləm. Əslində bu gün Azərbaycanda buna ehtiyac da
yoxdur. Çünki mədəniyyət və incəsənətin
inkişafında dövlət siyasətinin kifayət qədər
mükəmməl olması imkan verir ki, biz ən yüksək
səviyyəli və hətta iddialı qanunlar hazırlayaq.
Çünki praktik iş artıq buna şərait
yaradır. Bununla belə çalışacağıq ki,
perspektivlər daha çox nəzərdə tutulsun. Məsələn,
bu gün mədəniyyət, incəsənət inkişaf
edir, amma bununla yanaşı onun idarə olunması, dünyaya
çıxarılması, istehlakçıya
çatdırılması sahəsində problem var. Bu da Azərbaycanda
prodüser institutunun zəif inkişaf etməsi ilə
bağlıdır. Və yaxud yaradıcılıq təşkilatlarının
statusu ilə bağlı məsələlər. Hətta
parlamentdə də yaradıcı təşkilatların
qeyri-hökumət təşkilatı statusunda olması və
onların özü-özlərini maliyyələşdirmələri
ilə bağlı bəzi fikirlər səslənir. QHT-lərlə
yaradıcı təşkilatları eyniləşdirmək nəticə
etibarilə bizim mədəniyyətimizə və incəsənətimizə
zərbə vura bilər. Sabah millətin mənəviyyatının
tarixi bu yaradıcıların əsərləri ilə ortaya
çıxacaq. Mədəniyyət və incəsənət
millətin bütün xarakterini, mentalitetini ifadə edir. Onun
tərcümeyi-halını yazacaq bir yaradıcı təşkilat
QHT kimi taleyin ümidinə buraxıla bilməz.
- Məlumdur ki, sovetlər
dövrü ilə müqayisədə müstəqillik illərində
Azərbaycan mədəniyyətinin dünyada
tanıdılmasında daha böyük imkanlar əldə
etmişik. Bu baxımdan ötən 20 ildə mədəniyyətimizin
beynəlxalq aləmdə təbliğini necə dəyərləndirirsiniz?
- Bu sahədə də son illər
çox işlər görülüb. Azərbaycan mədəniyyətinin
dünyada layiqincə tanıdılması müstəqilliyin
verdiyi yeni keyfiyyətdir. Əlbəttə burada da müəyyən
çətinliklər var. Çünki Azərbaycan
Respublikası gənc dövlət, özünü dünyada
tanıtmağa çalışan bir ölkədir. İstər-istəməz
bu mədəniyyət dünyada böyük mədəniyyətlərlə
yarışmalı, onlarla üz-üzə gəlməlidir. Hətta
onlarla rəqabətə çıxmalıdır. Bu isə o
qədər də asan məsələ deyil. Müxtəlif sərgilərin,
mədəniyyət günlərinin təşkil olunması,
Azərbaycanın mədəniyyət və incəsənət
əsərlərinin dünyaya çıxarılması və
beynəlxalq mədəni tədbirlərdə ölkəmizin
təmsil olunması ilə bağlı çoxlu işlər
görülüb.
Dünyanın özü də
yeni mədəniyyət hadisələrində
maraqlıdır. Amma əsas odur ki, mədəniyyət hadisəsi
stabil və ardıcıl şəkildə millətin göstəricisi
kimi, onun mövcudluğunun, müstəqilliyinin əlaməti
kimi dünyada tanıdılsın. Bunun üçün, əlbəttə,
mərkəzlər, xüsusi missiyalar olmalıdır ki, mədəniyyətimiz
tanıdılsın. Bu işlər kifayət qədər
planlı, əsaslı və ciddi şəkildə gedir.
Xarici ölkələrdəki səfirliklərimizin nəzdində
və yaxud müstəqil şəkildə Azərbaycan Mədəniyyət
Mərkəzlərinin açılması olduqca vacibdir və
dövlət rəhbərliyinin bu məsələyə
xüsusi diqqət göstərməsi bizi sevindirir.
Mehparə
Mədəniyyət.-
2011.- 16 sentyabr.- S. 5.