“Mədəniyyətdə
tarixilik və müasirlik”
kitabı işıq üzü görüb
Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilik və müasirlik” kitabı “Təhsil” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb. Müəllifin yeni kitabı Azərbaycan mədəniyyəti və incəsənəti tarixinə, həmçinin bu sahədə bəzi nəzəri problemlərə həsr olunub. Tanınmış tədqiqatçı əvvəlki əsərlərində olduğu kimi, bu kitabında da mədəniyyət və incəsənət tarixinə ümummilli və ümummədəni konsepsiyadan yanaşıb, qədim zamanlardan başlamış müasir dövrədək olan Azərbaycan mədəniyyətini mərhələlər əsasında şərh edib.
Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilik və müasirlik” kitabında Azərbaycan mədəniyyətinin müxtəlif sahələri - teatr, kino, musiqi, memarlıq və təsviri sənət müvafiq fəsillərdə yer alıb. Bütün bunlarla yanaşı, müəllif yeni kitabında bu və ya digər sahələri tədqiq edən ictimai fənlərin - teatrşünaslığın, kinoşünaslığın, musiqişünaslığın, sənətşünaslığın tarixini də özünün tədqiqat obyektinə daxil edib, onların yaranma tarixi və inkişaf mərhələləri barədə müfəssəl məlumat verib.
Kitabda həmçinin müəllifin çağdaş Azərbaycan mədəni və elmi fikrində önəmli yer tutan kulturologiya və muzeyşünaslığın inkişaf meyillərinə münasibəti də öz əksini tapıb. Diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, müəllif hər iki sahəni həm nəzəri, həm də tarixi baxımdan dolğun işıqlandırmağa nail olub.
“Mədəniyyətdə tarixilik və müasirlik” kitabında Azərbaycan incəsənətinin dünəni və bu günü haqqında həm əyani, həm də dolğun təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünya şöhrətli rəssamlarımızın məşhur əsərlərindən nümunələr yeni nəşri daha oxunaqlı edir.
Azərbaycanın
çağdaş mədəni həyatında
mühüm hadisə olan
yeni kitab elm və mədəniyyət xadimləri, təhsil
işçiləri, tədqiqatçılar, tələbələr,
milli mədəniyyətimiz və incəsənətimizlə
maraqlananlar və geniş
oxucu auditoriyası üçün
nəzərdə tutulub.
Mədəniyyət.-
2011.- 16 sentyabr.- S. 6.