Səhnə ustalarımız:

 

   Mirseyfəddin Kirmanşahlı

 

   İlk addımlarını Tiflis Azərbaycan teatrında atan, bu teatrın uğurlarında və təşkilatlanmasında xüsusi əməyi olan səhnə fədailərindən biri də Mirseyfəddin Kirmanşahlı olub. O, teatr tariximizdə öz sənət dostları - Mirzəli Abbasov, Mirzəxan Quliyev və İbrahim İsfahanlı kimi aktyor və rejissor, eyni zamanda, dramaturq, pedaqoq, nəzəriyyəçi və teatr təşkilatçısı kimi tanınır.

  

   Mirseyfəddin Kirmanşahlı əslən Cənubi Azərbaycanın Kirmanşah şəhərindəndir. Valideynləri XIX əsrin sonlarında Tiflisə köçmüş və Mirseyfəddin də 1892-ci ildə burada doğulmuşdur. Doğmalarını çox tez itirən Mirseyfəddin kiçik yaşlarından özü-özünü dolandırmağa məcbur olsa da, həyat sınağından şərəflə çıxmış, ehtiyac içində yaşasa da, qürurunu itirməmiş, heç kəsə baş əyməmişdir.

   Sənətkarın uşaqlıq dostu və həmkarı Mustafa Mərdanovun xatirələrində onun həyatının ilk və sonrakı dövrləri, habelə fəaliyyəti ilə bağlı xüsusi maraq doğuran bir sıra məqamlarla rastlaşırıq.

   Ehtiyac içində yaşayan bu uşaq təhsil almaq, biliyini artırmaq üçün fədakarlıq etmiş, eyni zamanda, teatra da xüsusi həvəs göstərmişdir. O, əvvəlcə Tiflisdə xeyriyyə məktəbində, sonra isə rus-tatar məktəbində təhsil almışdır.

   Mustafa Mərdanovun yazdıqlarından: “Hər gün Mirseyfəddin dərsdən sonra bizə gələrdi, verilən dərsləri bərabər hazırlayardıq. Bizi birləşdirən və dostluğumuzu get-gedə artıran bir amil də var idi; o da teatra, səhnəyə böyük həvəs və məhəbbətimiz idi. Biz bu barədə çox söhbət edərdik, teatra aid kitablar oxuyardıq. İmkanımız olanda teatra gedər, Azərbaycan artistləri ilə tez-tez görüşməyə və söhbət etməyə can atardıq. Teatrda tamaşalara baxdıqdan sonra Mirseyfəddini tanımaq olmurdu. O, atəş içərisində yanırdı. Onu qəhrəman rolları və səhnə tərtibatı olduqca maraqlandırırdı. İllər keçdikcə Mirseyfəddində səhnəyə həvəs və məhəbbət daha da artırdı».

   Bu mənbədən məlum olur ki, səhnəyə həvəs tezliklə onu teatra gətirir. Həvəskar aktyor əvvəllər sözsüz rollarda, bir qədər sonra isə kiçik rollarda səhnəyə çıxır. Tiflis Azərbaycan teatrının yaranmasında müstəsna xidmətləri olan Mirzəli Abbasov və Əşrəf Yüzbaşov ona inanır və məsul rollar verməyə başlayırlar. Mirseyfəddin Kirmanşahlı həmin vaxtlar Mirzəli Abbasov, Əşrəf Yüzbaşov, Mirzəxan Quliyev, Həbib Köçərlinski kimi tanınmış səhnə ustaları ilə birlikdə «Ağa Məhəmməd şah Qacar», «Nadir şah», «Qaçaqlar», «Dağılan tifaq», «Bəxtsiz cavan», «Arşın mal alan», «O olmasın, bu olsun", «Hacı Qara», «Yağışdan çıxdıq, yağmura düşdük», «Zorən təbib», «Müsyö Jordan və dərviş Məstəli şah» tamaşalarında çıxış edir.

   Tiflis Azərbaycan teatrının truppası 1911-ci ildə iki dəstəyə bölünür və dəstələrdən birinə Mirseyfəddin Kirmanşahlı rəhbərlik edir. 1912-ci ildə Tiflisdə «Auditoriya» açılır (bu barədə «Mədəniyyət»in oxucularına məlumat vermişik) və bu dəstələr birləşir.

   Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» kitabından: «Tiflisdə Azərbaycan Xalq Evi - «Auditoriya» açıldıqdan sonra Tiflis Azərbaycan teatrının tamaşaları musiqi və tərtibatın dərinliyi, aktyor oyununun təzəlik və orijinallığı ilə fərqlənir, ayrı-ayrı tamaşalar qızğın müzakirə və mübahisəyə səbəb olur. Tiflis Azərbaycan teatrı öz ətrafında güclü və istedadlı aktyor kollektivini birləşdirir, qadın rollarını ancaq aktrisalar aparırdı. Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov, Həbib Köçərlinski, Mirzəxan Quliyev, Panfiliya Tanailidi, Əşrəf Yüzbaşov və başqaları nüfuzlu, şüur, düşüncə və mənəviyyata təsir edə bilən sənətkar kimi tanınırdılar».

   Həmin vaxtdan başlayaraq Kirmanşahlı həm də rejissor kimi fəaliyyət göstərir.

   Müasirlərinin yazdıqlarından məlum olur ki, o, səhnə fəaliyyətinin ilk illərində Pərviz və Gavə («Gaveyi-ahəngər»), Əlmənsur («Əlmənsur»), Əsgər («Arşın mal alan»), Sərvər («O olmasın, bu olsun»), Qurban («Pəri cadu»), Heydər bəy («Hacı Qara»), Nəcəf bəy («Dağılan tifaq») və başqa rollarda çıxış etmiş, tamaşaçı rəğbəti qazanmışdır. Lakin Kirmanşahlı özünü hələ yetkin aktyor hesab etmir, daim axtarışlar aparır, öyrənirdi. Bu məqsədlə o, Tiflisdəki digər teatrların aktyorları ilə, habelə şəhərə qastrola gələn aktyorlarla görüşür və söhbətləşir, böyük sevinclə onlarla eyni tamaşada oynayırdı.

   1916-cı ildə Tiflis teatrının bir dəstə aktyoru İrəvana qastrola gedir. Truppanın repertuarına «Gaveyi-ahəngər», «Arşın mal alan», «Ölülər» və «Bəxtsiz cavan» tamaşaları daxil edilmişdi. Tamaşaların rejissoru Mirseyfəddin Kirmanşahlı idi. «Ölülər»də İsgəndər rolunun ifaçısı Nadir İbrahimov qastrola gedə bilmədiyinə görə əsərin müəllifinin - Cəlil Məmmədquluzadənin tövsiyəsi ilə bu rolda Kirmanşahlı özü çıxış edir və uğur qazanır.

   Bu qastroldan sonra o, xeyli məşhurlaşır, yeni tamaşalarda yeni obrazlar yaradır. Tiflis teatrının 1919-cu ildə Türkiyəyə qastrolu nəticəsində isə bu truppanın üzvlərinin, o cümlədən Mirseyfəddin Kirmanşahlının şöhrəti daha geniş miqyasda yayılır.

   Qeyd edək ki, bu illərdə artıq Kirmanşahlı yalnız istedadlı aktyor və rejissor kimi yox, həm də bacarıqlı bir təşkilatçı kimi özünü təsdiq etmişdi. Buna görə də həmkarları qastrol müddətində truppaya rəhbərliyi ona həvalə etmişdilər. Bundan başqa, Kirmanşahlı qastrol müddətində göstəriləcək bir çox tamaşaların rejissoru və əsas iştirakçılarından biri idi. Qastrol müddətində «Gaveyi-ahəngər», «Əlmənsur», «Arşın mal alan», «O olmasın, bu olsun», «Əsli və Kərəm», «Ağa Məhəmməd şah Qacar», «Nadir şah», «Pəri cadu», «Dağılan tifaq», «Bəxtsiz cavan», «Əlli yaşında cavan», «Leyli və Məcnun», «Evliykən subay» tamaşaları göstərilmişdir.

   Əvvəlki yazılarımızda Tiflis teatrının Türkiyəyə qastrolu barədə «Mədəniyyət»in oxucularına məlumat vermiş və mənbələrə istinadən yazmışdıq ki, tamaşaların göstərilməsi ərəfəsində Türkiyə mətbuatında ayrı-ayrı tamaşalar və aktyorlar haqqında məlumat verilmiş, truppanın repertuarı təqdim edilmişdi. Qastrol zamanı isə Türkiyə mətbuatında ayrı-ayrı tamaşalar, habelə aktyorlar haqqında müsbət rəylər dərc edilirdi.

   İstanbul mətbuatında dərc edilmiş elan: «Şahzadəbaşında Millət teatrı, Azərbaycan kompaniyasının böyük müsamirəsi, səhnəmizdə misalına nadir təsadüf edilən məşhur tarixi faciə: Ə.Haqverdiyev - «Ağa Məhəmməd şah Qacar».

   Ağa Məhəmməd şah - M.S.Kirmanşahlı. Rejissor - M.S.Kirmanşahlı». (Qulam Məmmədli. «Azərbaycan teatrının salnaməsi», Bakı, 1975, s. 519).

   İstanbulda çıxan «Tamaşa» dərgisinin 1919-cu il 1 mart tarixli sayında məşhur türk aktyoru və rejissoru Ərtoğrul Möhsünün «Azərbaycanlıların İstanbula ziyarətləri münasibətilə» adlı məqaləsi dərc edilmiş, birinci səhifədə Mirseyfəddin Kirmanşahlının fotoşəkli verilmiş və fotoşəklin altında «Azərbaycan türk operett və dram kompaniyası rejissoru Mirseyfəddin Kirmanşahlı» sözləri yazılmışdı.

   Dərginin növbəti səhifəsində isə oxuyuruq: «Son dərəcə sevimli, tərbiyəli və nazik olan bu sənətkar (Mirseyfəddin Kirmanşahlı - A.B.) Azərbaycan heyət tamaşasının ilk rəhbərlərindəndir. Burada həcbilicab operetlərdə oynaması və sevdiyi dramlardan məhçur qalması Mirseyfəddinin sənətini bizə tamamilə ibraz etməsini mütəəsər buraxmışdır» (Sitat Mustafa Mərdanovun «Mənim müasirlərim» (Bakı, 1973) kitabından götürülmüşdür).

   Mirseyfəddin Kirmanşahlının rəhbərlik etdiyi truppaya «Tamaşa» dərgisinin 1 aprel 1919-cu il tarixli sayında verilmiş daha bir dəyər: «Üç aydan bəridir ki, azərbaycanlı artistlər İstanbuldadır. Onlar bu müddət içərisində «Millət», «Odeon», «Qaziköy» teatrlarında tamaşa vermişlər. … Qafqazın zəngin səhnələrində tamaşa verməyə alışmış bu aktyorlar, bizim çürük-çarıq səhnələrimizdə yırtıq və arıq dekorların içində, heç də Avropanı təqlid etmədən, milli xəzinədən çıxardıqları əsərlərlə ruhumuzu oxşayan əsərlər verirlər» (Qulam Məmmədli. «Azərbaycan teatrının salnaməsi», Bakı, 1975, s. 523).

   Onu da qeyd edək ki, «Tamaşa» dərgisinin həmin sayının üz qabığında Mirseyfəddin Kirmanşahlının fotoşəkli verilmişdir.

   Bu uğurlu qastroldan sonra Tiflis teatrının fəaliyyəti daha da canlanır, məhz Kirmanşahlının rəhbərliyi və iştirakı ilə hazırlanmış «Nadir şah», «Jorj Danden», «Qaçaqlar» kimi irihəcmli tamaşalar nümayiş etdirilir.

   Mirseyfəddin Kirmanşahlı 1919-cu ilin payızında Bakıya dəvət olunur və 1921-ci ilədək səhnə fəaliyyətini burada davam etdirir. 1921-ci ildə Gürcüstan hökuməti onu Tiflisə rejissor vəzifəsinə dəvət edir. O, burada «Əbülüla» tamaşasını hazırlayır və özü də baş rolda çıxış edir. Bu tamaşa 1922-ci ildə Rustaveli teatrının səhnəsində göstərilir və xüsusi komissiya tərəfindən bəyənilir, teatra dövlət teatrı statusu verilir.

   Beləliklə, 1922-ci ildə M.F.Axundov adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı yaradılır. Elə həmin il yeni yaradılmış Tbilisi Azərbaycan Dövlət Dram Teatrı Mirseyfəddin Kirmanşahlının rəhbərliyi ilə Bakıya qastrola gedir.

   Bu qastrol dövlət teatrı kimi Tiflis teatrının ilk rəsmi səfəri idi. Qastrol repertuarına J.B.Molyerin «Jorj Danden», Hüseyn Cavidin «Uçurum», Böyükağa Talıblının «Keyf içində» və Mirseyfəddin Kirmanşahlının özünün qələmə aldığı «Üç cərəyan» pyesləri əsasında hazırlanmış tamaşalar daxil edilmişdi.

   Qastrol başa çatdıqdan bir qədər sonra teatrın aktyorlarından Mirseyfəddin Kirmanşahlı və Mustafa Mərdanov, habelə Bakı teatrından daha iki aktyor Azərbaycan hökumətinin qərarı ilə professional teatr təhsili almaq üçün Moskvaya göndərilirlər.

   Təhsil alıb qayıdan Mirseyfəddin Kirmanşahlı həyatını Azərbaycan teatrı və kinosuna həsr etmişdir.

   

 

   Adilxan Bayramov,

   filologiya elmləri doktoru

 

   Mədəniyyət.- 2011.- 21 sentyabr.- S. 13.