Gecikmiş
məktub
Kino tariximizdən
Mircəfər Bağırovun məktubu SSRİ Kino Komitəsinin
sədrini niyə hövsələdən
çıxartdı?
Ötən əsrin 30-40-cı illərində Azərbaycan
kinosunda baş verən proseslərə nəzər
saldıqda kinematoqrafiyamızın mərkəz dairələrin
diqqətindən kənarda qaldığını və bu səbəbdən
yerli kinostudiyanın fəaliyyətində nəzərəçarpacaq
dəyişikliklərin olmadığını görürük.
Ona görə də kinonun vəziyyəti istər “Bakı”
kinostudiyasında, istərsə də respublika K(b)P MK-da dəfələrlə
müzakirə olunmuş, müvafiq qərarlar qəbul
edilmiş, hətta kinostudiyanın rəhbərliyi bir
neçə dəfə dəyişdirilmişdir. Bununla belə
çəkilən filmlərin keyfiyyəti dəyişməmiş
və bu fakt respublika rəhbərliyini qəti addımlar
atmağa məcbur etmişdir.
Milli kinematoqrafiyamızın tarixi və inkişafı ilə bağlı silsilə məqalələrimizdən növbətisi də bu mövzunu əhatə edir. Məqalədə qısa ixtisarlarla Azərbaycan K (b) P MK katibi M.Bağırovun ÜK(b)P MK katibi A.Jdanova ünvanladığı 18 mart 1941-ci il tarixli şikayət məktubu və onun nəticələri öz əksini tapmışdır. M.Bağırov üç səhifəlik məktubunda “Bakı” kinostudiyasındakı vəziyyətlə əlaqədar narahatlığını bildirmiş, qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməyə çalışmışdır.
Məktubda etiraf olunur ki, Azərbaycanda kinematoqrafiya Sovet İttifaqının kinematoqrafiyasının səviyyəsindən, eləcə də respublika mədəniyyət və incəsənətin ümumi tempindən geridədir: “Onu demək kifayətdir ki, Azərbaycanda Sovet hakimiyyətinin mövcud olduğu bütün illərdə respublika bir dənə də olsun yaxşı film buraxmamışdır. Bu təkcə bizim yox, SSRİ Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə Komitənin də günahıdır. Azərbaycan Respublikası hələ də texniki cəhətdən təchiz edilmiş kinostudiyaya malik deyil. Məsələ ilə əlaqədar İttifaq Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşçiləri üzrə Komitəyə dəfələrlə müraciət etmiş və “Bakı” kinostudiyasının rəhbərliyinə həm yaradıcı kadrlarla, həm də maddi-texniki bazanın gücləndirilməsilə bağlı kömək göstərməsini xahiş etmişik.
İttifaq XKS yanında Kinematoqrafiya İşləri üzrə Komitənin Bakıya gələn nümayəndələri fikirlərimizlə razılaşıb, kömək göstərəcəklərinə vədlər versələr də, elə bu vəd olaraq qalıb. 1939-cu ilin dekabrında yol. Bolşakov Bakıya gəlmiş, kinostudiyanın vəziyyəti ilə şəxsən tanış olmuş, konkret köməklik göstərəcəyinə söz vermişdir. Vədini yerinə yetirmək üçün yol. Bolşakov 1939-cu il dekabrın 13-də “Bakı” kinostudiyasının işinin yaxşılaşdırılması haqqında 796 nömrəli əmr imzalamışdır. O vaxtdan düz 15 ay keçib. Əmr isə yerinə yetirilməmiş qalır.
Belə bir fakta da diqqət
yetirməmək olmaz. Komitə bizimlə razılaşmadan
açıq-aydın qüsurlu ssenariləri (“Yeraltı sərvətlər”,
“Ayna”, “Qalanın alınması” və s.) təsdiq edir və
onları istehsala buraxır. Filmlər isə
son nəticədə ekrana yox, rəflərə gedib
çıxır.
Son vaxtlar kinostudiya, nəhayət
ki, “Səbuhi” adlı mükəmməl ssenari
hazırlamışdır. Burada Azərbaycan
xalqının ən ləyaqətli oğullarından
maarifçi M.F.Axundovun obrazı göstərilmişdir.
Filmin istehsalına hərtərəfli hazırlıq işləri
görülməsi, çəkiliş üçün
kinostudiyanı lazımi materiallarla təchiz etmək əvəzinə,
Komitə kinostudiyanı bu filmin çəkilişlərinə
başlaması və onu cari ilin oktyabr ayında ekranlara
buraxması haqqında 1941-ci il 3 mart
tarixli, 94 nömrəli əmr vermişdir. Başqa
cür desək, Komitə özünün qeyri-ciddi münasibəti
ilə bu filmi də əvvəlcədən uğursuzluğa
düçar edir.
Belə misallardan
çox göstərmək olar.
Və nəhayət, Sizin diqqətinizi müstəqil fəaliyyət
göstərən və bilavasitə Komitəyə tabe olan
çoxlu filiallara yönəltməyi vacib hesab edirik. Azərbaycanda Az. SSR XKS yanında Kinematoqrafiya
İdarəsi fəaliyyət göstərir. Bu idarə filmlərin istismarı ilə məşğuldur
və bilavasitə Komitəyə tabedir. “Bakı”
kinostudiyası filmlərin istehsalı ilə məşğul
olur. “Baş kinoprokat”, “Bakı foto” idarəsi
və s. mövcuddur.
Bununla bərabər
Bədii Filmlər Baş İdarəsi aparatının təcrübəsinə
əsasən hədsiz mərkəzləşdirilmə
kinostudiyanın hər cür operativliyini və təşəbbüsünü
əlindən alır. İstehsalat işi
ilə bağlı ən xırda məsələlərlə
əlaqədar çox vaxt işçilərin bütöv
bir qrupu Moskvaya gedir və həftələrlə, bəzən
aylarla bu və ya digər məsələlərin həllini
gözləyirlər.
“Bakı” kinostudiyasının geri
qalmasını ləğv etmək, onun işini kökündən
yaxşılaşdırmaq, eyni zamanda Azərbaycanda
kinematoqrafiyanın işini qaldırmaq məqsədilə
aşağıdakı məsələlərin həllində
köməklik göstərməyinizi xahiş edirik:
1. SSRİ XKS yanında
Kinematoqrafiya İşləri üzrə Komitəyə bir vəzifə
olaraq tapşırılsın ki, yaxın vaxtlarda “Bakı”
kinostudiyasının yeni binasının layihəsini başa
çatdırsın, təsdiq etsin və tikinti işlərinə
başlasın;
2. Azərbaycan XKS
yanında İncəsənət İşləri üzrə
İdarənin nümunəsində Kinematoqrafiya işləri
üzrə İdarə yaradılsın. Respublika
kinematoqrafiyasının bütün obyektlərinə (kinostudiya,
kinolaşdırma, kinoprokat, kino kursları, kino təchizatı,
tikinti və s.) rəhbərlik bu İdarədə cəmləşdirilsin.
3. SSRİ XKS yanında
Kinematoqrafiya İşləri üzrə Komitəyə bir vəzifə
olaraq tapşırılsın:
a) Kino sənətinin ən
böyük sənətkarları arasından “Bakı”
kinostudiyasına bədii rəhbər təyin olunsun;
b) Sovet İttifaqının ən
yaxşı kino ustalarından bilik və təcrübə
almaq məqsədilə bir qrup gənc yaradıcı
işçini “Lenfilm” və “Mosfilm” kinostudiyalarına təcrübə
keçməyə göndərmək üçün
Bakı kinostudiyasına icazə verilsin;
v) Azərbaycan SSR, Zaqafqaziya
respublikaları və Orta Asiya üçün kinematoqrafiya
kadrları hazırlamaq məqsədilə 1942-ci ilin
planına Bakıda kino texnikumunun tikintisi daxil edilsin;
q) Normal iş üçün
kinostudiya lazımi maddi-texniki baza ilə təchiz edilsin;
d) Kinostudiya
işçilərinin yaşayış evinin üst
qatının tikilib başa çatdırılması
üçün müvafiq vəsait ayrılsın”.
Bolşakovdan
sərt cavab
Məktubda
yazılanlar “Bakı” kinostudiyasının mövcud vəziyyətini
tam əks etdirirdi. Vəziyyət həqiqətən
xoşagəlməz idi. Lakin Azərbaycan K(b)P MK katibi
M.Bağırovun kinomuzdakı ağır vəziyyətlə
bağlı birbaşa A.Jdanova məktub ünvanlaması
SSRİ XKS yanında Kinematoqrafiya İşləri üzrə
Komitənin sədri İ.Bolşakovu bərk narahat etmişdi.
O özünü təmizə çıxartmaq, bütün
günahları kinostudiyanın direktoru Şəmsəddin
Abbasovun üstünə yıxmaq üçün təcili 8
səhifəlik məktub hazırlatdırıb (1941-ci il
aprelin 16-da) ÜK(b)P MK katibi A.Andreyevə, surətini isə
Azərbaycan K (b) P MK katibi M.Bağırova göndərmişdir.
Məktub ixtisarla dərc olunur:
“Yol. Bağırov “Bakı”
kinostudiyasındakı vəziyyət haqqında düzgün
məlumatlandırılmadığından Komitəyə bir
sıra əsassız ittihamlar irəli
sürmüşdür. Mən bu
ittihamlarla razılaşa bilmərəm.
Yol. Bağırov təsdiq edir ki, Komitə kinostudiyaya
“heç bir şeylə real köməklik göstərməmişdir”.
Bu təsdiq həqiqətə
uyğun deyil.
1. Yaradıcı kadrlar məsələsi
üzrə. Komitə hesab edir ki, yerli milli
yaradıcı kadrlar hazırlanmayınca milli kinematoqrafiya
inkişaf edə bilməz. Buna əməl
edərək biz çalışırıq ki, digər
studiyalardan yaradıcı kadrları yerli kadrlarla əvəz
etməyək. Əksinə, yerli kadrlara
köməklik göstərərək, onları praktik işdə
möhkəmləndirək. Bu məqsədlə
Komitə tərəfindən 1940-cı ilin noyabrında
“Lenfilm”in rejissoru yol. Armand “Ayna” filmi üzrə gənc
rejissor Mikayılova kömək məqsədilə rejissor-məsləhətçi
kimi, 1940-cı ilin oktyabr ayında “Yerevan”
kinostudiyasının bədii rəhbəri, rejissor Beknazarov gənc
rejissor Təhmasiblə birgə “Səbuhi” filminə
quruluş vermək, 1940-cı ilin avqustunda “Mosfilm”
kinostudiyasının rəssamı yol. Utkin “Ayna” filminin eskizlərinə
məsləhət üçün “Bakı“
kinostudiyasına göndərilmişlər. Həmin vaxt “Ayna” filmində işləməkdən
ötrü “Soyuzdetfilm” kinostudiyasının operatoru yol. Aptekman da ezam olunmuşdur.
“Bakı”
kinostudiyasına digər kinostudiyalardan bədii rəhbər təyin
olunmasını isə hal-hazırda məqsədəuyğun
hesab etmirəm. Çünki kinostudiya
1941-ci ildə yalnız bir film istehsal edəcək. Hazırda həmin film üzərində yerli milli
şəraiti yaxşı bilən və kadrlara kömək
göstərə biləcək rejissor Beknazarov işləyir.
Belə vəziyyətdə başqa bir rejissorun
gəlib bekar qalması məqsədəuyğun deyil. Kinematoqrafiyanın yüksək ixtisaslı
rejissorlara ehtiyacı vardır.
Yeni milli kadrlara, o cümlədən
kinoaktyorlara gəldikdə, 1939-cu il dekabr
tarixli əmrimlə ÜDKİ-də “Bakı” kinostudiyası
üçün xüsusi qrupun təşkili nəzərdə
tutulmuşdur. Təəssüf ki, studiyanın
rəhbərləri və yerli təşkilatlar bu qrup
üçün adamların seçilməsində olduqca diqqətsizliyə
yol vermişlər. İnstituta yoxlama
zamanı 14 nəfərdən yalnız 2 nəfər qəbul
olunmuşdur.
2. Kinostudiyanın texniki-təchizatı
məsələsi. Yol. Bağırov
təsdiq edir ki, “Bakı” kinostudiyasının texniki-təchizatı
dəyərli filmlər yaratmağa imkan vermir”. Bu həqiqətə uyğun deyil. Çünki kinostudiyada film çəkmək
üçün vacib olan hər şey var. 1939-cu ildə bu
studiyada “Kəndlilər”, 1940-cı ildə isə “Yeni
horizont” filmləri çəkilmişdir. Bundan
başqa bir sıra bədii-sənədli filmlər
yaradılmışdır.
1939-cu ilin dekabrında verdiyim əmrə
görə 1940-cı ilin sonu və 1941-ci ilin əvvəlində
1 çəkiliş aparatı PSK, 1 çəkiliş
aparatı KC-5, 1 tonvaqen və 1 “Dolli” arabacığı
Bakı kinostudiyasına göndərilmişdir. Digər
material və avadanlıqlar Komitəyə az
verildiyindən “Bakı” kinostudiyasını təmin edə
bilməmişik.
3. “Yerin dərinliyi”, “Ayna” və
“Qalanın alınması” ssenariləri yerli təşkilatlarla
razılaşdırılmadan və “Bakı” kinostudiyası tərəfindən
qəbul edilmədən Komitəyə təqdim oluna bilməz.
4. Bakıda kinematoqrafiya
işçiləri üçün binaların üst tikililərinin
başa çatdırılması haqqında yol. Bağırovun təklifini Komitə qəbul edir.
1941-ci ildə xərclənmiş 58.000 rubldan
başqa Komitə yaşayış evinin üst tikililərinin
başa çatması üçün 314.000 rubl
ayıracaqdır.
5. Bakıda kinostudiyanın tikintisi
haqqında. Milli respublikalarda, o cümlədən
Bakıda studiya tikintisi üçün Komitə tərəfindən
hazırlanmış sənədlər Dövlət Plan Komitəsində
təsdiq olunsa, texniki nümunəvi layihə 1941-ci ildə
başa çatdırılacaqdır. Digər tərəfdən
1941-ci il üçün Komitəyə
yeni obyektlərin tikintisinə icazə verilməyib.
6. Azərbaycan SSR XKS yanında
Kinematoqrafiya İşləri üzrə İdarənin
yaradılması məsələsində yol. Bağırovun
təklifi ilə mən razı ola bilmərəm.
Çünki belə bir idarənin
yaradılması və kinostudiyanın, kino şəbəkəsinin
və kinoprokatın bu idarədə birləşməsinin
xeyri yoxdur. Kinolaşdırma İdarəsi
kino şəbəkəsinin inkişafı və istismarı
ilə məşğul olur. Onun kino
istehsalı məsələsi ilə heç bir əlaqəsi
yoxdur. Prokat kontoru Azərbaycan
Respublikasına xidmət edir.
Azərbaycan
kinematoqrafiyasının uğurlu inkişafı artıq
qurumların təşkilindən deyil, kinostudiya
üçün rəhbər kadrların düzgün
seçilməsindən, Azərbaycan K(b)P MK tərəfindən
studiyaya gündəlik rəhbərlikdən və kömək
göstərilməsindən asılıdır. Təəssüf
ki, Azərbaycan K(b)P MK studiyanın işinə
az diqqət yetirir. Yol. Bağırov
öz məktubunda haqlı olaraq bunu düzgün qeyd edir.
Azərbaycanda kino
texnikumun tikintisini də məqsədəuyğun hesab etmirik.
1940-cı ildə Alma-Atada yeni kino texnikumu
açılmışdır. Bu təhsil
ocağı Orta Asiya və Zaqafqaziya respublikalarını
kinotexnik ixtisasına yiyələnən kadrlarla təmin edə
bilər”.
SSRİ XKS yanında Kinematoqrafiya
İşləri üzrə Komitənin sədri
İ.Bolşakov ÜK(b)P MK katibi A.Andreyevə
yazdığı məktubla kifayətlənməyib,
özünü sığortalamaq məqsədilə erməni
rejissoru A.Beknazarovdan “Bakı” kinostudiyası haqqında bildiklərini
yazıb ona göndərməsini xahiş edir. Təbii
ki, erməni rejissor da sədrin
tapşırığını can-başla yerinə yetirir.
Bu barədə
növbəti yazılarımızda.
Aydın
Kazımzadə,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2011.- 21 sentyabr.- S. 12.