Azərbaycan-Avstriya
turizm əlaqələri genişlənir
Firudin Qurbanov: «Ölkələrimiz arasında əməkdaşlıq
yeni istiqamət alıb»
Sentyabrın
19-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AzPROMO) və Avstriya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı
ilə Azərbaycan-Avstriya biznes-forumu işə
başlayıb. Tədbirdə rəsmi şəxslərlə
yanaşı, iki ölkənin sənaye, kənd təsərrüfatı,
turizm, tikinti, səhiyyə, logistika, alternativ enerji və s. sahələrdə
fəaliyyət göstərən iş adamları iştirak
ediblər.
Forumun ikinci günündə Mədəniyyət
və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin
Qurbanov «Azərbaycanda turizmin inkişafı» mövzusunda
çıxış etdi. O, Azərbaycanla Avstriya arasında
iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın
inkişaf etdirilməsi, iş adamları arasında əlaqələrin
genişləndirilməsi baxımından forumun əhəmiyyətini
vurğuladı: “Azərbaycanda yaradılmış əlverişli
biznes və investisiya mühiti ölkəmizi xarici investisiyalar
üçün cəlbedici edib. Əldə edilmiş nailiyyətlər
ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi
siyasətin nəticəsidir. Azərbaycan Avropa ölkələri
arasında özünəməxsus yer tutan Avstriya ilə əlaqələrin
daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət
verir. Turizm sahəsində əməkdaşlıq da uğurla
davam etdirilir”.
Natiq son illər Azərbaycanla
Avstriya arasında mədəniyyət sahəsində
qarşılıqlı əlaqələrin, görüşlərin
uğurlu nəticələrindən söz açdı: “Azərbaycanla
Avstriya arasındakı əməkdaşlıq mədəniyyətin
demək olar ki, bütün sahələrini əhatə edir.
Bu yaxınlarda Vyana şəhərində dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin büstünün
ucaldılması, «Arşın mal alan» operettasının
premyerası ilə davam edən silsilə tədbirlər nəticəsində
musiqi, teatr, muzey, kitabxana, turizm və digər sahələrdə
əlaqələr yüksək səviyyədə inkişaf
etdirilib. Həmçinin Avstriyanın aparıcı musiqi
kollektivlərinin Azərbaycanda uğurlu
çıxışlarını, eyni zamanda Azərbaycanın
musiqi və incəsənət ustalarının Avstriyada
çıxışlarını xüsusi qeyd etmək istərdim”.
F.Qurbanovun sözlərinə
görə, Mədəniyyət və Turizm Nazirliyi ilə
Avstriyanın bir neçə şirkəti arasında
imzalanmış müqavilələrə uyğun olaraq
Bakıda Akademik Milli Dram Teatrının, Dövlət İncəsənət
Muzeyinin təmiri yüksək səviyyədə başa
çatdırılıb, hazırda «Nizami» kinoteatrında və
Xalça Muzeyində aparılan yenidənqurma işləri də
məhz Avstriya şirkətləri vasitəsilə həyata
keçirilir.
Aparat rəhbəri Azərbaycanla
Avstriya arasında son illər turizm sahəsində də əlaqələrin
çox geniş istiqamət aldığını qeyd etdi.
2006-cı ildə Azərbaycanda ilk dəfə turizm üzrə
mütəxəssis hazırlayan ali təhsil müəssisəsinin
- Azərbaycan Turizm İnstitutunun təsis edildiyini deyən
F.Qurbanov bu institutla ilk gündən əməkdaşlıq edən
təhsil müəssisələrindən birinin məhz
Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti olduğunu
vurğuladı: “İki təhsil ocağı arasında
imzalanmış anlaşmaya əsasən, ATİ-nin və
Krems Universitetinin tələbələri bu ali məktəblərin
ikisinin də diplomunu eyni vaxtda almaq imkanı əldə ediblər.
Ötən il Turizm İnstitutunun 14, bu il isə 19 nəfər
məzunu hər iki ali məktəbin diplomunu aldı. Bundan əlavə,
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə
Avstriyanın Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq
haqqında müqavilə imzalanıb. Sənəddə həm
elmi, həm də tədris sahəsində əlaqələrin
genişləndirilməsi nəzərdə tutulur».
F.Qurbanov Avstriya ilə Azərbaycan
arasında əlaqələrin, bütün sahələrdə
olduğu kimi, mədəniyyət və turizm sahəsində
də bundan sonra uğurla davam etdiriləcəyini bildirdi.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 21 sentyabr.- S. 9.