Ekoturizm: canlı təbiət və mənalı
istirahət
Azərbaycan
ərazisinin 8 faizi milli park və qoruqlardan ibarətdir
Dünyada
turizmin aparıcı növlərindən biri də ekoturizm
hesab edilir. Bu anlayış 1980-ci illərdən etibarən
geniş yayılmağa başlayıb. Ekoturizm həm ətraf
mühiti qoruyur, həm də canlı təbiətin qoynunda
turistlərin mənalı istirahətini təmin edir. Ekoturizm
flora, fauna və mədəni irsin bir yerdə olduğu ərazilərə
edilən səyahətləri əhatə edir. Turizmin bu
növü bəzi ölkələrin (məsələn,
Ekvador, Nepal, Keniya, Madaqaskar) milli iqtisadiyyatının
aparıcı elementidir.
Ekoloji turizm Azərbaycanda da
perspektivli və eyni zamanda maraqlı turizm növü hesab
edilir. Turizmin sürətli inkişaf dövrünə qədəm
qoyduğu bir dövrdə ölkəmizin təbii sərvətlərinin
qorunmasına, ekoloji vəziyyətin
yaxşılaşdırılmasına böyük əhəmiyyət
verilir. Ölkə prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı
ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci
ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər
Planında da bu məsələyə ayrıca yer (29-cu bənd:
ölkəmizin milli parklarında və ona yaxın ərazilərdə
ekoturizm, xüsusən də «Bird Watching» turizm növü
üzrə turların təşkili, təşviqi və təqdimatların
keçirilməsi) ayrılıb.
Ölkəmizdə ekoturizmlə bağlı geniş təbii
imkanlar var
Naxçıvan Dövlət
Universitetinin Sosial idarəetmə və turizm
kafedrasının müdiri, fəlsəfə elmləri namizədi
Hafiz Hüseynovla söhbətimizdə Azərbaycanda ekoturizmin
hazırkı vəziyyəti və inkişaf perspektivləri
barədə söhbətləşdik. Mütəxəssisin
fikrincə, ekoloji turizm insanın canlı təbiətlə
bilavasitə təması ilə müşayiət edilən
istirahət növü olmaqla yanaşı, rekreasiya
ehtiyatlarından düşünülmüş şəkildə,
bioloji müxtəlifliyin qorunması şərtilə, təbiətə
ziyan vurmadan istifadəsini nəzərdə tutur: «Ekoturizm ətraf
mühitin mühafizəsini ön görən, ekoloji maarifləndirməyə,
eyni zamanda yerli əhalinin rifah halını
yaxşılaşdırmağa xidmət edən, bu xüsusda
geniş imkanlara malik olan turizm növüdür. Azərbaycan
ekoturizm sahəsində geniş təbii imkanlara malikdir. Təbii
və coğrafi şəraitin unikallığı burada flora
və faunanın növ müxtəlifliyinə, rəngarəngliyinə
şərait yaradıb. Yer üzərində mövcud olan 11
iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkəmizdə
zəngin biomüxtəlifliyin formalaşmasında
mühüm rol oynayır. Azərbaycanda təxminən 4500
bitki növü yayılıb ki, bu da Qafqazın zəngin
bitki aləminin növ tərkibinin 64 %-ni təşkil edir.
Bunlardan 240-ı endemik və relikt növlərdir. Azərbaycan
Respublikasının «Qırmızı kitab»ına 140 nadir və
nəsli kəsilməkdə olan bitki növü, 108 fauna
növü daxil edilib”. Həmsöhbətimizin sözlərinə
görə, hazırda dünyada antropogen təsirə məruz
qalmayan təbiət kompleksləri tapmaq çox çətindir.
Bu baxımdan təbiətin qorunması və öyrənilməsində
xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili
və inkişaf etdirilməsi çox mühüm rol
oynayır və bioloji müxtəlifliyin, bütövlükdə
ekosistemin qorunması və öyrənilməsinə xidmət
edir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin
inkişafı diqqət mərkəzindədir
H.Hüseynov söhbət əsnasında
ölkə ərazisində mövcud olan qoruqlar haqqında da
məlumat verdi: «Azərbaycanın füsunkar təbiətinin
qorunması məqsədilə XX əsrin 30-cu illərində
ilk qorunan ərazilərdən - Göygöl, Zaqatala,
Qızılağac və Hirkan dövlət təbiət
qoruqları yaradılıb, 70-ci illərdə daha 6 xüsusi
mühafizə olunan təbiət ərazisi - Şirvan, Bəsitçay,
Qarayazı, Ağgöl, İsmayıllı, İlisu və
Altıağac dövlət təbiət qoruqları
yaradılıb. Müstəqillik dövründə də
respublika ərazisində milli park və təbiət
qoruqlarının yaradılmasına dövlət tərəfindən
xüsusi diqqət ayrılır. 2000-ci ildə «Xüsusi
mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında» qanunun qəbul edilməsi bu sahədə hüquqi
boşluğun aradan qaldırılmasına, xüsusi
mühafizə olunan təbiət ərazilərinin
inkişafına, ekoloji şəbəkənin
yaradılması istiqamətində tədbirlərin daha
geniş şəkildə aparılmasına şərait
yaradıb. İndi ölkəmizdə 8 milli park, 11 dövlət
təbiət qoruğu və 24 dövlət təbiət
yasaqlığı mövcuddur ki, bu da ölkəmizin
ümumi ərazisinin 8,1 %-ni təşkil edir. Onu da qeyd edim ki,
milli parkların infrastrukturunun müasir standartlara uyğun təşkili,
kadr potensialının gücləndirilməsi ərazidə
ekoloji turizmin təşkilində mühüm əhəmiyyət
kəsb edir».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 21 sentyabr.- S. 9.