Üzeyir ömrü kitablarda
Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan
olmasının 126-cı ildönümü münasibətilə
ölkəmizin mədəniyyət müəssisələrində
müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdən
biri də böyük musiqiçinin ev-muzeyində təşkil
olunan «Üzeyir ömrü kitablarda» adlı sərgidir. Bəstəkarın
həyat və yaradıcılığına, ömür
salnaməsinə, əsərlərinə həsr edilmiş sərgi
gələn qonaqların diqqətini cəlb edir. Sərgi
kitablar altı vitrində nümayiş olunur.
I vitrində Üzeyir bəyin
öz əsərləri nümayiş etdirilir. Sərgini Nazim
Əliverdibəyovun redaktorluğu ilə AMEA-nın
Memarlıq və İncəsənət İnstitutunun nəşri
olan «Üzeyir Hacıbəyov. Əsərləri» toplusu
açır. Burada Mirabbas Aslanovun tərtibi, Mirzə
İbrahimovun redaktorluğu ilə 1985-ci ildə çap
edilmiş Üzeyir Hacıbəylinin «Seçilmiş əsərləri»,
klassik Azərbaycan ədəbiyyatı silsiləsindən bəstəkarın
2005-ci ildə çap olunmuş «Seçilmiş əsərləri»
yer alıb. Üzeyir bəyin 125 illiyinə həsr edilmiş
iki hissəli «Nəşrlərdə kənara qoyulmuş mətbu
əsərlər», 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü ilə
çap edilmiş «Bayrağımız sarsılmaz»
kitablarını da göstərmək olar. Bəstəkarın
20 il üzərində işlədiyi «Azərbaycan xalq
musiqisinin əsasları» fundamental kitabı da sərgidə
nümayiş olunur.
II vitrinə bəstəkarın həyat
və yaradıcılığını əks etdirən rus
dilində kitablar daxildir. Burada Üzeyir bəyin birinci
bioqrafı Xurşud Ağayevanın 1955-ci ildə nəşr
olunan «Üzeyir Hacıbəyov», Qubad Qasımovun «Üzeyir
Hacıbəyov», Moskva və Leninqradda çap olunmuş
«Üzeyir Hacıbəyov» adlı kitabları da nümayiş
olunur. Fotomateriallarla zəngin olan «Üzeyir Hacıbəyov
ensiklopediyası» da sərginin ziyarətçiləri tərəfindən
maraqla qarşılanır. Onu da qeyd edək ki, dahi bəstəkarımızın
ensiklopediyası isə Azərbaycanda yaranan ilk şəxsiyyət
ensiklopediyasıdır. Ensiklopediya 1996-cı ildə Azərbaycan
dilində (kiril əlifbası ilə), daha sonra 2003-cü ildə
rus dilində nəşr edilib.
Sonuncu ensiklopediya isə 2008-ci ildə
UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə işıq üzü
görüb. Qeyd edək ki, bu kitab «Üzeyir dünyası»
layihəsinə daxildir. Heydər Əliyev Fondunun «Üzeyir
dünyası» layihəsi üzrə 7 kitab nəşr edilib.
Bunlar Üzeyir Hacıbəylinin «Leyli və Məcnun», «O
olmasın, bu olsun», «Arşın mal alan», «Koroğlu» əsərlərinin
klavirləri, «Bədii və publisistik əsərləri», onun
«Ömür salnaməsi» və «Üzeyir Hacıbəyli
ensiklopediyası»dır.
Sərginin III və IV vitrinlərində
bəstəkarın publisistikasına, jurnalistikasına,
ictimai-siyasi və pedaqoji görüşlərinə həsr
edilmiş, bəstəkarın
yaradıcılığında nəzəri və estetik
problemləri əks etdirən kitablar nümayiş edilir.
Burada Qulam Məmmədli tərəfindən tərtib
edilmiş «Üzeyir Hacıbəyov (1885-1948) həyat və
yaradıcılıq salnaməsi» kitabı özünəməxsus
yer tutur. Bundan əlavə, Üzeyir bəyin komediyaları və
onların əsasında çəkilmiş filmlər
haqqında, bəstəkarın sənətkarlığı
haqqında kitablar nümayiş etdirilir.
V vitrində Üzeyir bəyin həyat
və yaradıcılığı haqqında xarici dillərdə
yazılmış kitablar düzülüb. Vitrində bəstəkarın
yubileylərinə (100, 120) təsadüf edən monoqrafiyalar,
Rəhim Rəisniyanın 1979-cu ildə Tehranda fars dilində nəşr
edilmiş «Üzeyir Hacıbəyov və iki inqilab» kitabı
yer alıb.
Sərginin sonuncu vitrinini BMA-nın
nəşri olan «Bəstəkar və zaman» kitabı
açır. Bu məcmuədə Azərbaycan və rus dillərində
Üzeyirşünaslığa, bəstəkar
yaradıcılığına, musiqi tarixinə,
ifaçılıq problemlərinə aid məqalələr
daxildir. Kitab dahi bəstəkarımızın «Leyli və Məcnun»
operasının 100 illiyinə (2008) həsr olunub. Mustafa
Çəmənlinin «Leyli və Məcnun 100 il səhnədə»
kitabı da nümayiş etdirilir.
Sərgidə Azərbaycanın
görkəmli şəxsiyyətləri silsiləsindən
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəşri
olan və bəstəkarın 125 illiyinə həsr olunmuş
«Üzeyir Hacıbəyli biblioqrafiyası» kitabını da
görmək olar.
Bəstəkarın 125 illiyi ərəfəsində
çap edilmiş kitablar arasında muzeyin də nəşrləri
sərgidə təqdim olunur. Bunlar muzeyin direktoru Sərdar Fərəcovun
«Bəstəkarın xatirəsinə ithaf» kitabı və
muzeydə keçirilən elmi konfrans məruzəçilərinin
toplusudur.
Səbinə
Hafizova,
Üzeyir Hacıbəylinin
ev-muzeyinin
elmi işçisi
Mədəniyyət.-
2011.- 21 sentyabr.- S. 5.