Üzeyir Hacıbəylinin irsi
dünya musiqisinə tarixi
töhfədir
18
sentyabr - Milli Musiqi Günü təntənəli şəkildə
qeyd edildi
“Bu
gün təkcə musiqisevərlərin deyil, bütün Azərbaycan
xalqının bayramıdır”
Fəxri
xiyabanda musiqi korifeyləri anıldı
Hər il olduğu kimi, bu il də
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin
anadan olduğu 18 sentyabr tarixi - Milli Musiqi Günü istər
respublikamızda, istərsə onun hüdudlarından kənarda
geniş tədbirlərlə qeyd edildi. Dahi bəstəkarın
anadan olmasının 126-cı ildönümü münasibətilə
bayram tədbirlərinə Fəxri xiyabanda start verildi. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev başda olmaqla
nazirliyin rəhbər şəxsləri, tanınmış mədəniyyət
və incəsənət xadimləri, musiqisevərlər Fəxri
xiyabana gələrək dahi bəstəkar Üzeyir Hacıbəylinin
məzarını ziyarət etdilər. Nazir Əbülfəs
Qarayev tədbir iştirakçılarını Milli Musiqi
Günü münasibətilə təbrik edərək
bildirdi ki, bu gün təkcə musiqisevərlərin deyil,
bütün Azərbaycan xalqının bayramıdır:
“Böyük bəstəkarın doğum gününün
bayram kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər
Əliyev tərəfindən qoyulub. Ümummilli liderimizin
1995-ci ildə - dahi bəstəkarın anadan olmasının
110 illik yubileyi ərəfəsində imzaladığı fərmanla
hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi
Günü kimi qeyd olunur”.
Nazir Üzeyir bəylə eyni
gündə, 1885-ci ilin 18 sentyabrında dünyaya göz
açan digər tanınmış Azərbaycan bəstəkarı
Müslüm Maqomayevin də musiqi mədəniyyətimizin
inkişafında tarixi xidmətləri olduğunu
vurğuladı. Sentyabrın 18-dən 30-dək Bakıda Heydər
Əliyev Fondunun dəstəyi və Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi
Festivalının keçiriləcəyini nəzərə
çatdıran nazir bu tədbirin ölkəmizin mədəni
həyatında növbəti əlamətdar hadisə
olacağını vurğuladı.
Bəstəkarlar
İttifaqının sədri, professor Firəngiz Əlizadə
də Üzeyir Hacıbəyli
yaradıcılığının böyük məktəb
olduğunu vurğuladı. Dahi bəstəkarın
yaratdığı musiqi ənənələrindən
danışaraq “Bu ənənələri yaşatmaq hər
birimizin borcudur” deyə vurğuladı.
Dahi bəstəkarın məzarı
önündə Dövlət Xor Kapellasının ifasında
“Leyli və Məcnun” operasından bir parça ifa olundu.
Sonra tədbir
iştirakçıları görkəmli musiqiçilər
Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayev, Rəşid
Behbudov, Bülbül, Tofiq Quliyev, Vasif Adıgözəlov və
digərlərinin məzarını ziyarət etdilər.
Ümummilli lider Heydər Əliyevin
xatirəsi ehtiramla anılaraq, məzarı önünə tər
güllər düzüldü. Görkəmli oftalmoloq alim,
akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu, məzarı
üzərinə gül dəstəsi qoyuldu.
Musiqi Akademiyasının qarşısında bayram tədbiri
Sonra Milli Musiqi Gününə həsr
olunmuş bayram tədbiri Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının qarşısında davam etdi.
Tədbirdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Azərbaycan
musiqisinin inkişafında müstəsna xidmətləri
olmuş Ü.Hacıbəylinin zəngin
yaradıcılığından söz açdı. Nazir son
illər ölkəmizdə mədəniyyət və incəsənət
xadimlərinə göstərilən dövlət
qayğısından danışdı və bildirdi ki, bu
günlərdə prezident İlham Əliyevin sərəncamı
ilə bir qrup mədəniyyət xadiminin təltif olunması
buna əyani sübutdur.
Tədbirdə Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə,
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli
çıxış edərək Üzeyir Hacıbəylinin
Azərbaycan musiqisinin, incəsənətinin inkişafı, təbliği
və bu günümüzə gəlib çıxması sahəsindəki
xidmətlərindən danışdılar.
Xüsusi olaraq diqqətə
çatdırıldı ki, Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş
“Üzeyir dünyası” layihəsi çərçivəsində
böyük bəstəkarın mədəni irsi kitab və
CD-lər şəklində işıq üzü görərək
yayılır, musiqi mədəniyyətimiz dünyada təbliğ
olunur. Üzeyir bəyin musiqisi bütün dünyada yüksək
qiymətləndirilir, Avropanın musiqi beşiyi sayılan
Vyanada onun əsərlərinin tamaşaya qoyulması, abidəsinin
ucaldılması bunun parlaq göstəricisidir.
Mərasimdə Ü.Hacıbəyli
adına Dövlət Simfonik Orkestrinin, Dövlət Xor
Kapellasının, Müdafiə Nazirliyinin nümunəvi hərbi
orkestrinin ifasında dahi bəstəkarın əsərlərindən
parçalar səsləndi.
Üzeyir Hacıbəyli III Beynəlxalq
Musiqi Festivalına
start verildi
Sentyabrın 18-də Azərbaycan Dövlət Filarmoniyasında
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli III Beynəlxalq
Musiqi Festivalının
təntənəli açılış
mərasimi keçirildi.
Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümünə
həsr olunmuş festivalın açılışında
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edərək
Üzeyir Hacıbəyli
irsini Azərbaycan və dünya musiqisinə tarixi töhfə adlandırdı:
“Onun əsərləri
dünyanın ən möhtəşəm teatrlarının
səhnəsində dönə-dönə
tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur
müğənnilər tərəfindən
sevə-sevə ifa olunur. Üzeyir bəyin əsərləri
milli olduğu qədər də bəşəridir”.
Qeyd olundu ki, Üzeyir
Hacıbəyli adına beynəlxalq musiqi festivalının keçirilməsi dahi bəstəkarın xatirəsinin
yad olunması ilə yanaşı, musiqi mədəniyyətimizin
dünyada təbliği
sahəsində görülən
işlərin, musiqi sənətimizin inkişafının
parlaq təcəssümüdür.
Nazir Əbülfəs Qarayev
son illər Bakının
bir-birindən maraqlı
beynəlxalq mədəniyyət
tədbirlərinə ev sahibliyi etdiyini vurğuladı: “Bu
tədbirlərin Azərbaycan
musiqisinin tanınmasında,
təbliğində xüsusi
çəkisi var. Bu, dövlətimizin
mədəniyyətə, incəsənətə
göstərdiyi diqqət
və qayğının
göstəricisidir”.
Nazir Azərbaycan mədəniyyətinin
təbliği, tədqiqi
və inkişafı sahəsində böyük
layihələrə imza
atan Heydər Əliyev Fondunun və Fondun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da əvəzsiz xidmətləri
olduğunu xüsusi qeyd etdi. Bildirildi ki,
bu işlərin məntiqi davamı olaraq paytaxtımızda Üzeyir Hacıbəyli
III Beynəlxalq Musiqi Festivalı işə başlayır.
Sonra Üzeyir Hacıbəyli
III Beynəlxalq Musiqi Festivalının ilk konsert
proqramı təqdim olundu. Festivalın açılış mərasimində Elnarə
Kərimovanın rəhbərlik
etdiyi “Buta” kamera xorunun ifasında Ü.Hacıbəylinin
və digər yerli və xarici
bəstəkarların əsərlərindən
parçalar səsləndi.
“Buta” kamera
xoru Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü
ilə 2010-cu ildə yaradılıb. Xorun əsas
məqsədi Azərbaycan
xor musiqisini və müxtəlif dövrlərə aid olan dünya musiqi nümunələrini milli
və beynəlxalq festivallarda, müxtəlif
tədbirlərdə ifa
edib respublikamızı
layiqincə təmsil etməkdir.
“Buta”nın
ifasında britaniyalı
musiqişünas Conathan
Rathbonenin aranjimanında
Ü.Hacıbəylinin “Leyli
və Məcnun” operasından Xalq artisti Alim Qasımov
və Əməkdar
artist Fərqanə Qasımovanın
solistliyi ilə bir parça ifa olundu. Həmçinin Arif Məlikov, Ramiz Mirişli, Faiq Sücəddinov və başqa bəstəkarların
əsərləri fərqli
aranjimanda səsləndi.
Xorun ifası tamaşaçıların
marağı və alqışları ilə
qarşılandı.
Qeyd edək ki, Üzeyir Hacıbəyli
III Beynəlxalq Musiqi Festivalının proqramı
olduqca zəngindir.
Festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Koreya Respublikası, Macarıstan, Almaniya və digər ölkələrdən görkəmli
ifaçılar, musiqi
kollektivləri iştirak
edirlər. Festival sentyabrın 30-dək davam
edəcək.
Reyhan İsayeva
Mədəniyyət.-
2011.- 21 sentyabr.- S. 4.