Azərbaycan-Rusiya əməkdaşlığına töhfə

 

   Sverdlovsk vilayəti ilə mədəni əlaqələr müzakirə olunub

  

   Sentyabrın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayətinin mədəniyyət və turizm naziri Aleksey Badayev ilə görüşdü.

  

   Nazir rusiyalı qonağın Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalında iştirakını yüksək qiymətləndirdi. Qeyd olundu ki, festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Akademik Opera və Balet Teatrının ifasında nümayiş etdirilməsi Rusiya və Azərbaycanın mədəni həyatında əlamətdar hadisədir.

   Nazir qeyd etdi ki, “Eşq və ölüm” baleti ilk dəfə Bakı səhnəsində 2005-ci ildə tamaşaya qoyulub. Uğurlu premyeradan sonra həmin il tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası tərəfindən Sankt-Peterburq Dövlət Akademik Opera və Balet Teatrının və Moskvadakı Böyük Teatrın səhnələrində müvəffəqiyyətlə oynanılıb.

   Əbülfəs Qarayev Rusiya nümayəndə heyətinin səfərinin turizm, muzey və kitabxana işləri sahəsində əməkdaşlığın inkişafı baxımından da əhəmiyyətini qeyd etdi.

   Sverdlovsk vilayətinin mədəniyyət və turizm naziri Aleksey Badayev bu fikri dəstəkləyərək təmsil etdiyi vilayətin mədəniyyət və turizm potensialı barədə ətraflı məlumat verdi. Bildirdi ki, quruluşçu xoreoqraf Nadejda Malıginanın təşəbbüsü ilə 2010-cu ildə Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Akademik Opera və Balet Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. 2011-ci ildə isə balet Yekaterinburq teatrının balet truppası tərəfindən Rusiya Böyük Teatrında və Ankarada səhnəyə qoyulub.

   Nazir Əbülfəs Qarayev Sverdlovsk vilayətinin televiziyasında Azərbaycandan bəhs edən verilişlərin yayımlanmasına görə qonağa təşəkkürünü bildirdi. Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu və ölkəmizin Sverdlovsk vilayətindəki baş konsulu Soltan Qasımov da iştirak edirdilər.

  

 

   Reyhan İsayeva

 

   Mədəniyyət.-2011.- 21 sentyabr.- S. 2.