Azərbaycan-Avstriya:
mədəniyyət və turizm sahəsində
əməkdaşlıq
Sentyabrın
19-da mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Azərbaycanda səfərdə olan Vyana şəhərinin
vitse-meri Renata Braunerin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşdü.
Görüşdə ikitərəfli
əməkdaşlıq, mədəniyyət və turizm sahələrində
təcrübə mübadiləsi barədə
danışıldı. Əbülfəs Qarayev
dünyanın mədəniyyət və incəsənət mərkəzlərindən
biri, eləcə də turistlər məkanı kimi tanınan
Vyananın təcrübəsinin Azərbaycan tərəfi
üçün əhəmiyyətini nəzərə
çatdırdı. Qeyd olundu ki, Vyana şəhəri
nümayəndə heyətinin səfəri III Üzeyir
Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə eyni vaxta təsadüf
edir: “Bu çox sevindiricidir, çünki Vyanada da dahi bəstəkarımızın
əsərləri uğurla səhnəyə qoyulub”.
Nazir muzey və kitabxana işi sahəsində
əməkdaşlığın vacibliyini də
vurğuladı. Vyana şəhərinin vitse-meri Renata Brauner mədəni
sahədə mübadiləni intensivləşdirmək,
Avstriya mədəniyyətini burada tanıtmaq, eyni zamanda Azərbaycan
musiqisini, incəsənətini Avstriyada təbliğ etmək
barədə danışdı. Vyanadakı muzeylərin,
teatrların fəaliyyətindən söz açan qonaq bu sahəyə
gənclərin marağını gücləndirmək istiqamətində
müxtəlif layihələrin həyata keçirildiyini
bildirdi.
Görüşdən sonra
jurnalistlərə qısa müsahibə verən qonaq
Bakıya iş adamlarının da yer aldığı
böyük nümayəndə heyəti ilə gəldiklərini
dedi: “Azərbaycan və Avstriya, Bakı ilə Vyananın
oxşar cəhətləri çoxdur. Bakı və Vyana
inkişaf etməkdə olan şəhərlərdir. Hər
iki şəhərin qarşısında oxşar tələblər
var: nəqliyyat sisteminin təşkili, ekoloji məsələlərin
həlli və s. Bu məsələlərdə Vyananın
kifayət qədər təcrübəsi var və istərdik
ki, bu təcrübəni Bakı ilə bölüşək.
Turizm hər iki şəhərin həyatında önəmli
rol oynayır. Bu sahədə də əməkdaşlıq
etmək istərdik. Təklif etdik ki, musiqi və kino sahəsində
festival və ya tədbirlər keçirək. Arzu edərdik
ki, Bakıda Vyana opera balı keçirilsin. Azərbaycan zəngin
ənənələrə malikdir və bu ənənələrin
Avstriyada tanınmasını istərdik”.
Reyhan
Mədəniyyət.- 2011.- 21
sentyabr.- S. 2.