Kino onun mənəvi dünyası idi

 

   Milli kinomuz estetik sərvətimiz, xəzinəmizdir. Bu sənət xəzinəmizin zənginləşməsində görkəmli kinorejissor Lətif Səfərovun müstəsna xidmətləri olmuşdur. Onun adı çəkiləndə 1950-1960-cı illərdə Azərbaycan kinosunun təəssübünü çəkən, bütün həyatını, varlığını kinoya bağlayan kino sənət fədaisini xatırlayırıq.

  

   Lətif Səfərov kinoya 7 yaşında gəlib. 1928-ci ildə kinorejissor Leo Murun ekranlaşdırdığı “Gilan qızı” filmində Gülgül roluna çəkilib. Həmin filmin rejissor assistenti kimi çalışan, sonralar isə Azərbaycan kinosunun zəngin irsini yaradan Mikayıl Mikayılov kiçik Lətifin obrazı duyaraq yaratmasına heyran qalır. Buna görə də o, iki ildən sonra 1930-cu ildə “Lətif” filmini çəkəndə balaca aktyoru baş rola dəvət edir. Azyaşlı uşağın ifadəli gözləri, hadisələri öz ifaçılığında təhliletmə bacarığı filmin yaradıcı heyətini həm sevindirir, həm də təəccübləndirirdi. Elə buna görə də onlar filmi balaca qəhrəmanın adı ilə (“Lətif”) adlandırmağı qərara alırlar. Səssiz çəkilən bu ekran əsərində yeni kolxoz quruculuğu uğrunda gedən mübarizədən bəhs edilir. Lətif doğuluşundan sosial ədalətsizlikləri, miskinlikləri gördüyündən sanki vaxtından qabaq böyümüş bir uşaqdır. Ögey anasının (akt. H.Rzayeva) himayəsində, taleyin acı hökmü ilə təkbətək, üz-üzə qalan kiçik Lətifin acınacaqlı yaşam tərzinə biganə qala bilmir, filmi birnəfəsə izləyirsən. Balaca Lətif əslində həmin illərin cəhalət məhkumiyyətinə düçar olan uşaqların ümumiləşdirilmiş bir obrazıdır.

   Bu filmdən sonra Lətif Səfərov “Sevil”, “Şərqə yol”, “Qızıl kol” filmlərinə də çəkilir.

   Lakin sonralar balaca Lətifə xəstəliyi rahatlıq vermədiyinə görə o, Bərdəyə - anasının yanına qayıdır. Kiçik yaşlarından anası ilə birlikdə atası tərəfindən tərk edilən Lətif bəlkə də doğulduğu (1920-ci il 30 sentyabr) günə dəfələrlə lənətlər yağdırıb. Çünki ömründən gedən illərinin, günlərinin hər anında həyat ona (səhhəti və ətraf mühiti baxımından) sevincdən çox kədər bəxş edib.

   Kinoda yaratdığı rollarda olduğu kimi, həyatda da savadsızlığa, mövhumatçılığa nifrət yağdıran Lətif daim mütaliə edir, mükəmməl təhsil alması üçün çalışırdı. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna qəbul olub qiyabi təhsil alır. Lakin sonra yenə Bakıya qayıdıb, illərlə sevgisini ürəyində gəzdirdiyi məkana - kinostudiyaya üz tutur. Kinostudiya, arzuları beynində, ürəyində tüğyan edən gənc Lətif üçün sənət məbədi idi. Lətif uşaqlıqdan gəlib-getdiyi bu yaradıcılıq məkanına elə vurulmuşdu ki, bu illər ərzində bir gün də olsun onu unutmamışdı. Əvvəlcə o, kinostudiyada dublyaj şöbəsində, sonra isə rejissor assistenti kimi fəaliyyət göstərdi. Sonra Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda ali təhsil alır.

   Kinostudiyada işə düzələnə qədər isə gənc Lətifin əynindəki nazik pencəyini üstünə salıb parklardakı oturacaqların üstündə gecələdiyi vaxtları bu gün də kinematoqrafçılar çox ürək ağrısı ilə xatırlayırlar. Bir sözlə o, kinostudiyaya cansız kağız üzərində olan şablon ssenariləri ekranlaşdırmağa, karyera qurmağa yox, illərlə qəlbində, düşüncələrində gəzdirdiyi, acılı taleyinə nur səpəcək arzularını gerçəkləşdirməyə gəlmişdi. Kino onun mənəvi dünyası idi.

   İstedadlı rejissorun sonralar çəkdiyi bədii filmlərdə (“Bəxtiyar”, 1955, “Qızmar günəş altında”, 1957, “Leyli və Məcnun”, 1961) həyatın gözəlliklərini vəsf edən məqamları, valideyn məhəbbətini, sevginin müqəddəsliyini, böyük-kiçiyə hörmətin labüdlüyünü, insanlığı dəyərləndirən keyfiyyətləri görəndə bir daha kamil sənətkarın istinad mənbəyinin həyatın özü olduğunu başa düşürsən. Çünki həmin illərdə çəkilən filmlərimizin çoxu ya sovet ideologiyasının təsiri altına düşür, ya da yadelli ssenaristlərin ucbatından milli yox, beynəlmiləl ruhlu olurdu. Lətif Səfərovun torpağına, elinə, sənətinə bağlılığı isə filmlərə düzgün traktovka verməsinə, doğru kompozisiya qurmasına imkan verirdi. O, emosional sənət növü olan kinonun əsas duyğu vasitəsinin musiqi olduğunu çox yaxşı bilirdi. Buna görə də filmlərində həmişə düzgün musiqi seçimi edirdi. Təsadüfi deyil ki, çəkdiyi filmlərdəki mahnı və musiqilər sonralar şəxsi repertuarlara köçərək müxtəlif ifalarda məşhurlaşdı, dillər əzbəri oldu.

   Qeyd etdiyimiz kimi, Lətif Səfərovun yaşam tərzindən irəli gələn səbəblərdən həyat fəlsəfəsi zəngin, həyata olan məhəbbət eşqi çox güclü idi. Onun daxilində insan sevgisinə, mərhəmətinə ehtiyac duyduğu bir poetiklik, hüzn vardı. İstedadlı rejissorun ilk böyük işi “Bəxtiyar” filmi oldu. Musiqili janrda olan filmin tamaşaçı qəlbində iz salan əsas cəhətlərindən biri də ibrətamiz mənəvi, əxlaqi dəyərlərin, yüksək ideyaların daşıyıcısı olmasıdır. Lətif müəllim hadisələrə şəxsi prizmadan yanaşaraq filmdə dostluq mövzusunu qabartdı, sevgi müqəddəsliyini, isti ocaq-ailə xoşbəxtliyini ön plana çəkdi.

   Lətif Səfərovun filmlərindəki baş qəhrəmanları onun daxili dünyasını təcəssüm etdirirdilər. O, öz filmlərində həmişə insan ruhunun azad, xoşbəxt olduğu qüsursuz məkanı yaradırdı. Cəmiyyətdə ictimai ziddiyyətlər yaradan nadanlara qarşı meydan oxuyan personajların replikaları, ifadələri onun bütün dövrlərə ünvanladığı ürək sözləri, yaradıcılığı bütünlükdə mənəviyyatının bədii inikası idi. Peşəkar rejissor öz yaradıcılığında mühiti və daxili aləmi ilə mübarizə aparan insan mənəviyyatını tədqiq etməyi çox gözəl bacarırdı. Filmlərində müsbət cəhətli, örnək timsallı personajları ərsəyə gətirməklə Lətif Səfərov cəmiyyətdə, tamaşaçılar arasında psixologiyası və mənəviyyatı xəstə, düşüncəsi çaşqın adamları müalicə etmiş olurdu. O, müsahibələrində haqlı olaraq qeyd etmişdir ki, “mən həkim, pedaqoq, mühəndis və başqa peşələrin sahibi də ola bilərdim. Lakin kinematoqrafçı olmağa ona görə qərar verdim ki, filmlərimdə bütün sənət adamlarının həyat tərzini xarakterizə edə bilim”.

   Süjetindən, janrından asılı olmayaraq istedadlı rejissorun çəkdiyi filmlərin hamısında insan mənəviyyatının formalaşması prinsipi əsas götürülüb. Onun 1957-ci ildə çəkdiyi “Qızmar günəş altında” filminin əsas qəhrəmanları kolxoz quruculuğunun inkişafı, öhdəlik, plan üzərindəki qələbənin fonunda işıqlı gələcək quran personajlardır. Filmdə kolxoz birinciliyinin göstərilməsi dövrünün tələbinə uyğun olan əsas şərt idi. Lakin rejissor prototiplərin daxili təmizliyini cəmiyyətə təlqin etməklə əməlisaleh insanların cəmiyyətə həmişə lazım olduqlarını vurğulayır.

   Onun filmlərində məzmun formanı üstələyirdi. Bütün filmlərdəki yüksək ideyalar bəşəri mövzudur. Kinematoqrafçılar və tamaşaçılar dünyanı gözəlləşdirmək prinsipinə heç vaxt biganə qalmırlar. Yüksək ideyalara, estetik prinsiplərə xidmət edən filmlər öz aktuallığını həmişə qoruyub saxlayırlar. Kino nəzəriyyəsini yaxşı bilən kinematoqrafçılarımız da, sovet ideologiyasının təsiri altında inkişaf edən kinomuzda belə, bu tendensiyanı sözün əsl mənasında həqiqət carçısına çevirirdilər. Lətif Səfərov kimi sənətkarların bütün dövrlərdə olması vacib şərtdir. Kino illər ötdükcə formaca (texniki təsvir vasitələri ilə) zənginləşib mürəkkəbləşsə də, onun gücü dramaturgiyada, məzmunundadır. Buna görə sadə süjetində daxili dinamikası bol olan belə filmlərimiz onlardan ibrət götürməyə bizi sövq edir.

   “Qızmar günəş altında” filminin baş qəhrəmanı olan Aydın Zeynalovun (akt. Ə.Fərzəliyev) mənəviyyatı mübarizələrlə aşılanır. O, Eldarı sağaltmaq üçün kəndə gəldiyi gündən kolxoz sədri Sərdarov (akt. A.Gəraybəyli), kənd həkimi Mürsəl (akt. C.Əliyev), mühəndis Cəlal (akt. F.Mustafayev) və b. tərəfindən xoş qarşılanmır. Film ilk kadrlarında bizə biri digərini inkar edən qütbləri (yalançı, xudpəsənd rəftarları) təqdim edir. Lakin bir az romantik, bir az həssas qəlbli olan həkim Aydın Zeynalovun kəndə getməsi, orda ilk baxışda vəzifə borcunu yetirməyə çalışan, əslində isə mənəviyyatı çürümüş, mövhumatçılıq prinsipini şüurlarında keçmişdən miras saxlamış insanların vicdanlarının, yatmış ruhlarının oyanmasına səbəb olur. Həyatda rastlaşdığımız ziddiyyətlərə, qaranlıqlara aydınlıq gətirən insanları hər dövrdə mövcud olan riyarkarların oyuncağına çevrilməsindən qoruyan, agah edən bir personajdır doktor Zeynalov.

   1961-ci ildə istedadlı rejissor Məhəmməd Füzulinin eyniadlı əsərinin motivləri əsasında “Leyli və Məcnun” filmini çəkdi. İki nakam gəncin könül iniltisini, dünyaya və insanlara olan küskünlüyünü görkəmli bəstəkar Qara Qarayevin musiqisi müşayiət edir. Bu film ekran poetikasıdır. Cahil insan əməllərinin dövrünü qaranlıqladan, səhra kimi boz rəngə boyayan məkanda bir ali duyğu var: sevgi. İki insanının ölümünə qədər canının içində, qəlbinin dərinliklərində bədxah insanlardan qoruyub saxladığı məhəbbət.

   Lətif Səfərovun filmlərində məhəbbət, ləyaqət, insanı dəyərləndirən cəhətlər həmişə yüksək səviyyədə əks olunub. Onu Azərbaycan kinosunda ən dramatik həyatı olan rejissor adlandırırlar. Lakin biz onun yaradıcılığında həmişə qarşılıqlı sevgi, nikbin əhval-ruhiyyəli həyat eşqi gördük. Bu isə istedadı ilə yaddaşlarımızdan silinməyən rejissorun həyat məngənəsindən sıxılanda doğma məkan bildiyi kinostudiyaya üz tutub arzularını ekrana köçürməsi demək idi.

  

 

   Şəhla Bürcəliyeva,

   Kinoşünas

 

   Mədəniyyət.- 2011.- 23 sentyabr.- S. 13.