Zəngin
tarix, mədəni irs
ölkələrimizin oxşar cəhətləridir
Vyana Dövlət Kamera Orkestrinin
çıxışı maraqlı təəssüratla yadda
qaldı
Kristian Buxman:
«Bu konsert böyük
dostluğun nümunəsidir»
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli
III Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün ölkəmizə gəlmiş
məşhur musiqi kollektivlərindən biri də Vyana Dövlət
Kamera Orkestridir. Bu, məşhur musiqi
kollektivinin ölkəmizə
ilk səfəridir.
Sentyabrın
20-21-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
dünya şöhrətli
orkestrin konsertləri keçirildi. Konserti beynəlxalq müsabiqələr
laureatı, gənc dirijor Əyyub Quliyev idarə edirdi. Konsertdən sonra orkestrin
rəhbəri Kristian Buxman və dirijor Əyyub Quliyevlə həmsöhbət
olduq.
- Cənab Buxman, siz təkcə
Avropada deyil, dünyada nüfuzlu musiqiçi kimi tanınırsınız. Mümkünsə, Azərbaycan oxucularına özünüz haqqında
bir qədər ətraflı məlumat verərdiniz.
- Mən musiqiçi ailəsində
doğulmuşam. 16 ildir ki, bu
orkestrdə fəaliyyət
göstərirəm. Bizim ailə
biznesimiz var və «Buxman» adlı agentliyimiz fəaliyyət göstərir.
Biz Avstriya mədəniyyətini
dünyaya yayır, mədəniyyətlərarası əlaqələrə töhfə
verməyə çalışırıq.
Mədəniyyət insanları birləşdirir
və bu çox vacibdir. Bu baxımdan Bakıya
səfərimiz bizim üçün böyük
əhəmiyyət kəsb
edir.
- Vyana dünyanın mədəniyyət
mərkəzlərindən biridir. Bu şəhərdə
dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin «Arşın
mal alan» tamaşası da səhnəyə qoyulub. Vyana Dövlət Kamera Orkestrinin rəhbəri olaraq Azərbaycanla əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Biz ölkələr
arasında bəşəri
mədəniyyət körpüləri
yaradırıq. Azərbaycanla əlaqələr də bizim üçün çox önəmlidir.
Vyana kimi, Bakı da zəngin tarixi, mədəni ənənələri olan
şəhərdir. Azərbaycan
musiqiçiləri ilə
əməkdaşlığa gəlincə, biz dirijor Əyyub Quliyev və onun atası,
məşhur tarzən
Ramiz Quliyevlə, eyni zamanda bir
neçə Azərbaycan
musiqiçiləri ilə
birlikdə Vyanada dörd dəfə birgə çıxış
etmişik. Ötən
il Vyanada
Avropanın məşhur
konsert salonlarından olan “Vyanakonzerthaus” (Wienerkonzerthaus) zalında “Azərbaycan və Avstriya dostluq görüşü” adlı
konsert keçirildi. Konsertdə bizim kollektivlə yanaşı tarzən Ramiz Quliyev, dirijor Əyyub Quliyev, Ceyhun Allahverdiyev və digərləri iştirak edirdi. Bu əməkdaşlığı
davam etdirmək niyyətindəyik. Bizim Üzeyir
Hacıbəyli festivalında
iştirakımız da
bunun göstəricisidir.
Konsertdə biz Bakıda ilk dəfə
olaraq A.Şönberqin
“Transfiqurasiyalı gecə”,
V.A.Motsartın “Divertisment”i
və F.Mendelsonun re
minor skripka konsertini ifa etdik. İkinci konsertin proqramında isə Azərbaycan bəstəkarlarının - Ü.Hacıbəylinin,
F.Əmirovun, A.Əlizadənin
əsərlərini ifa
etdik. Konsert proqramı çərçivəsində
ilk dəfə olaraq Bakıda V.A.Motsartın iki fortepiano ilə orkestr üçün konserti («Lodron») səsləndi. Biz musiqiləri birləşdirdik
və sintez etdik. Həmişə olduğu kimi
Əyyub Quliyev bizim dirijorumuz oldu. O, çox istedadlıdır və
biz onun sənətini
yüksək qiymətləndiririk.
- Ümumiyyətlə,
Azərbaycan musiqisi haqqında nə deyə bilərsiniz?
- Azərbaycan musiqisi çoxqatlı və zəngindir. Görkəmli bəstəkarlarınız
var. Əlbəttə, biz Azərbaycan
musiqisi ilə zaman-zaman daha yaxından tanış
olacağıq. Məsələn, bizə elə gəlir ki, gələcəkdə də
birgə əməkdaşlıq
çərçivəsində çoxlu ifalar hazırlayacağıq və
buna ümid edirik. Birlikdə işlədikcə, Azərbaycan musiqisini daha yaxından tanıyacağıq. Ola bilsin ki, bizim
musiqi layihələrimiz
bizə bu yöndə əlavə imkanlar verəcək.
Biz oxşar layihəni
Hindistanda da həyata keçirmişik.
Eyni zamanda bu layihə
humanitar yardım məqsədi daşıyır.
Əldə edilən məbləğdən
uşaqlara yardım edildi. Hind musiqisi
də olduqca mürəkkəb, çoxqatlıdır.
Lakin Azərbaycan musiqisi daha enerjilidir və insana böyük ruh yüksəkliyi gətirir.
Bu doğrudan da, hər iki
tərəfi cəlb edir və böyük
ümidlə gələcəkdə
nəzərdə tutulan
uzunmüddətli layihələri
gözləyirik.
Bu baxımdan
bir-birimizdən öyrənməyə
dəyər. Biz fərqli insanlar deyilik. İşlədikcə, musiqidən müsbət
enerji alırıq.
Çünki musiqi həmişə
insana xoş əhval gətirir.
Musiqi həm də
ümumi dildir və bu dili
bütün xalqlar başa düşür.
Hər kəs musiqini eşidə, dinləyə,
zövq ala bilər.
Folklor musiqiləri arasında da müəyyən bağlar
var. Məsələn, ola bilsin ki, Avstriya folklor
musiqisi ilə Cənubi Amerika folklor musiqisi arasında müəyyən
oxşarlıq mövcuddur.
Və ya hind folklor musiqisi ilə Azərbaycan folklor musiqisi arasında da oxşarlıq ola
bilər. Biz bunu
heç nə ilə müqayisə edə bilmərik. Sadəcə
olaraq musiqinin gözəl imkanlarından
yararlanmalıyıq.
“Musiqi ölkənin dünyaya tanıdılmasında
çox vacib elementdir”
- Bakıya ilk dəfədir ki, səfər edirsiniz. Şəhər və onun əhalisi sizdə nə kimi təəssürat
yaradır?
- Orkestrimizin üzvlərinin hamısı
Bakıya ilk dəfədir
ki, səfər edirlər. Bu günə
qədər Vyana Kamera Orkestri dünyanın çox ölkəsində olub.
Bakıya gəldiyim ilk gündən
burada aparılan tikinti işləri məni təəccübləndirdi.
Binaların özləri də
çox gözəldir.
İnsanlar olduqca mülayim
və sülhpərvər
görünür. Küçələrin təmizliyi xüsusilə
məni heyrətləndirdi.
Dənizkənarı bulvar isə
çox əsrarəngiz
və gözəldir.
Burada gəzən insanlar mənə çox sakit, mülayim təsir bağışladılar.
Doğrudur, biz bilirik ki,
paytaxt ölkə demək deyil, regionlarla paytaxt arasında bəzən böyük fərq olur. Əməkdaşlığımız genişləndikcə, əlaqələrimiz artdıqca
qarşılıqlı səfərlərimizin
də sayı artacaq. O halda bizim regionlara getmək imkanımız da olacaq. Bizdə
belə bir hiss yaranıb ki, Azərbaycan çox inkişaf edib. Biz buraya Vyana-Bakı
birbaşa təyyarə
reysi ilə 3 saata gəldik. Və mən təəssüf etdim ki, aramızda
belə yaxın məsafə olmasına baxmayaraq, niyə əvvəllər burada olmamışam. Bakı Avropa
tipli şəhərdir.
Doğrudur, Bakıda Şərqin,
müsəlman dünyasının
elementləri var. Amma mən, Dənizkənarı
bulvarda olarkən özümü Avropada təsəvvür etdim.
Belə çıxır ki, Bakı özündə həm Şərq, həm də Qərb elementlərini birləşdirir. Bu konsert də böyük dostluğun bir nümunəsidir.
Bilirəm ki, gələcəkdə
şəhərlərimiz arasında
da böyük dostluq qurulacaq. Bu isə gözəl
və vacibdir. Avstriya və Azərbaycanı müqayisə edərkən
çoxlu paralellər
ortaya çıxır.
Zəngin mədəniyyət,
tarix, zəngin mədəni irs
ölkələrimizin oxşarlığıdır.
Bu məqamlar qardaşlığa, bacılığa
bənzəyir.
- Sizcə musiqi bir ölkənin
təbliğatında, dünyaya
tanıdılmasında nə
dərəcədə rol
oynayır?
- Musiqi ölkənin təbliğatı
baxımdan çox vacib elementdir. Bəlkə bu ona görədir
ki, hər kəs musiqini eşidir. Musiqini dinləyərkən əhval-ruhiyyəmiz artır.
Mən öz yanaşmamdan çıxış edərək
deyərdim ki, musiqi ölkənin təbliğatında ən
yaxşı yoldur.
Düşünürük ki, Avstriya və Azərbaycan tarixi, maraqlı mədəniyyəti olan ölkələrdir. Ona görə
də, biz birlikdə nələrisə planlaşdıra,
paylaşa bilirik.
- Cənab Buxman, yaxın vaxtlarda Azərbaycanla birgə planlarınız nədən ibarətdir?
- Biz təkcə Bakıda deyil, əgər maraqlı olarsa, Azərbaycanın hansısa bir bölgəsində də konsert proqramı ilə çıxış etməyi planlaşdırırıq. Ola bilsin ki, Azərbaycan musiqiçilərini də məşhur Avstriya səhnələrinə dəvət etdik. Biz bu musiqi əlaqələrinin dərinləşməsinə və mədəni körpünün yaranmasına böyük ümid bəsləyirik. Eyni zamanda da insani əlaqələrin qurulmasına çalışırıq. Məsələn, Bakıda olduğum müddətdə xeyli adamla görüşdüm, aramızda dostluq yarandı və bu çox vacibdir. Bir-birini tanıyanda bu əlaqələr daha da möhkəmlənir.
«Konsert Azərbaycanla
Avropa arasında mədəni əlaqələrin
inkişaf etdiyini sübut edir»
Əyyub Quliyev:
- Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, hər il olduğu kimi, bu il də bizi maraqlı konsertlərlə sevindirir. Hər festivalda yeni kollektivlər, yeni ifaçılar çıxış edir. Budəfəki festivalın qonaqları arasında Vyana Dövlət Kamera Orkestrinin çıxışının özünəməxsus yeri var. Ümumiyyətlə, bu, təkcə Avropada deyil, dünyada ən çox sayılan, seçilən, böyük nüfuzu olan bir kollektivdir. Bu kollektivin Azərbaycana ilk dəfə səfəri doğrudan da, böyük bir hadisədir. Hesab edirəm ki, orkestrin Bakıda iki konsert proqramı ilə çıxış etməsi Azərbaycana, ölkəmizin mədəniyyətinə, musiqisinə, xüsusilə də Üzeyir Hacıbəylinin şəxsiyyətinə olan xüsusi bir münasibətin nümunəsidir. Proqramda dünya klassikləri ilə yanaşı, bizim dahi bəstəkarlarımızın əsərləri də ifa olundu. Bu, dünya şöhrətli kollektivin bizim musiqi mədəniyyətimizə, bəstəkarlarımızın yaradıcılığına olan çox böyük hörmətinin göstəricisidir. Kollektivlə məşq edən zaman da onların Azərbaycan bəstəkarlarının əsərlərinə isti münasibətini hiss etdim. Bu konsert həm də Azərbaycanla Avropa arasında mədəni əlaqələrin inkişaf etdiyini bir daha sübut edir. Festivalın təşkilatçılarına - Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığımı bildirirəm.
Mehparə
Mədəniyyət.-
2011.- 23 sentyabr.- S. 11.