Leyli və Məcnun”: 103 il səhnədə

 

   Üzeyir Hacıbəylinin ölməz əsəri beynəlxalq musiqi festivalının iştirakçılarında böyük maraq doğurub

  

   Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 21-də Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dahi bəstəkarın “Leyli və Məcnun” operası nümayiş etdirilib.

  

   Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı Xalq rəssamı Rafiz İsmayılovdur.

   Leyli rolunu Xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu Xalq artisti Mənsum İbrahimov ifa ediblər.

   Tamaşaçılar - musiqi ictimaiyyətinin nümayəndələri və beynəlxalq festivalın iştirakçıları dahi Üzeyir Hacıbəylinin ölməz operasını maraqla seyr ediblər.

  

   * * *

 

   Sentyabrın 21-də Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert olub. Azərbaycan Milli İncəsənət Muzeyində “Gəncliyin səsi” konsert proqramı təqdim edilib. Konsertdə beynəlxalq müsabiqələr laureatı Kamran Ömərlinin (violin) və Ramiz Sevdiməliyevin (vibrafon) maraqlı çıxışları dinlənilib.

   Musiqiçilər əsərləri konsertmeysterlər Tatyana Qarayusiflinin və Arzu Səfərovanın müşayiəti ilə səsləndiriblər. Gənc istedadların ifasında İ.Baxın “Çakana”, Q.Venyavskinin “Palanes”, “Legenda”, F.Əmirovun “Muğam poeması”, “1001 gecə” baletindən “Orgiya rəqsi”, H.Rzayevin “Konserlilo”, “Cahargah”, V. Mantinin “Çardaş” kompozisiyaları təqdim olunub.

 

 

   Mədəniyyət.- 2011.- 23 sentyabr.- S. 8.