«Qarabağnamə»
Əzizinəm,
Qarabağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Əsrlər əvvəl Tehrana
siyasi gəlin köçən məşhur Ağabəyim
ağanın çəkdiyi bu bayatı sadəcə doğma
vətən vəsfimi, qəriblik yanğısımı? Bir
qəlbin illərlə daşıdığı qubarmı?
O, Qarabağsız xoşbəxt ola bilməyəcək.
Qarabağı unuda bilməyəcək və xoşbəxt
olmayacaq. Bunu bilib.
Hüsnünün tərifini həşrə
qədər yazalar,
Nə tərifin qurtarar, nə həsrətim azalar…
Bəlkə elə Ağabəyim
ağa bu misraları da vətəninə həsr
edib?
Bir bayatıyla ruhumuz
silkələnəcək. Aləm cənnətə dönür.
Qarabağ yaddan çıxırmı?
Qarabağsız xoşbəxt olurlarmı?
Hər bayatı bir
tale yazısı kimidir.
Bayatı çəkib talelərini
oxşayır qadınlar
çox zaman.
Son illər
hər mövsüm açılışına bu
bayatını eşitməyə
gəlirik. Akademik
Milli Dram Teatrında,
«Hökmdar və qızı», yəni «Qarabağnamə» tamaşasına.
Ötən illərdə olduğu
kimi, bu mövsümü də Akademik Milli Dram Teatrı Xalq yazıçısı İlyas
Əfəndiyevin pyesi
əsasında hazırlanmış
«Qarabağnamə» tamaşası
ilə açdı.
«Qarabağnamə» Azərbaycan tarixinin ağrılı bir dövrünü əhatə
edir. Xanlıqlara parçalanmış Azərbaycan, Rusiya və İran kimi nəhənglərin siyasi hədələri altında çabalayan xanlar, hökmdar taleyinə boyun əyərək oğlunu
və qızını
girov vermiş Qarabağ xanı İbrahim xan. Bir tərəfdə doğma
qızının xoşbəxtliyi,
bir tərəfdə siyasi müvazinət saxlayıb güclənmək
arzusu. Bir tərəfdə qızı
qədər doğma vətən, bir tərəfdə xanların
ətrafının qınağında
əzab çəkmək
qədəri... Bu çıxılmazlığı
səhnədə Qarabağ
xanının taxtının
üstündə asılmış,
tiyəsi ilə düz xanı nişan almış
böyük bir qılınc ifadə edir. Bu qılınc
çox sadə səhnə dekorasiyasının
ən nəzərəçarpan
dekorudur. Həmçinin xanlıqların sərhədləri
ilə cadar-cadar olmuş böyük Azərbaycanın xəritəsi
də.
Səhnə həllindən, bədii
keyfiyyətlərindən asılı
olmayaraq bu, tarixi tamaşadır.
Bütöv Azərbaycan arzusu,
siyasi hədələr,
doğmalarını qurban
vermək, ürəyinə
daş bağlamaq və hamısının əvəzində qazandığın
daxili tənhalıq.
Budur İbrahim xanın qədəri. Bu mövzuda çəkilən
və tamaşa boyunca xatırladığımız
filmi nahaq yerə «Hökmdarın taleyi» adlandırmayıblar.
Film təsirli idi, tamaşasa sanki əl uzatsan
çatar kimi bir həyəcan yaradır bu tarixi əhvalat qarşısında.
Tamaşaçılar bu əhvalatı
həssaslıqla izləyir.
Cavad xanın cəsarəti alqışlanır, erməni
casusunun səhnələri
reaksiyasız qalmır.
Tamaşaçılar Akademik Milli
Dram teatrında mövsümü
açan «Qarabağnamə»
(rejissor Mərahim Fərzəlibəyov) tamaşasına
baxırlar. Musiqi
ürəkləri titrədir:
«Şuşanın dağları»,
«Qarabağ şikəstəsi»...
Tamaşa bitir. Qaranlıq zal
işıqlanır. Mobil
telefonlar açılır.
Dünya
göz qırpmağa
qoymadan bizi qoynuna çəkir.
Rəngbərəng işıqlar,
reklam lövhələri,
monitorlar, yeni mağazaların qarşısındakı
rəngbərəng bayraqlar...
Aləm cənnətə dönüb. Yaddan çıxar
Qarabağ?
Aliyə
Mədəniyyət.-
2011.- 23 sentyabr.- S. 7.