Moldovada keçirilən etnomədəniyyət
festivalında Azərbaycan sərgisi maraq doğurub
Moldovanın
paytaxtı Kişineu şəhərinin Puşkin adına bağında ənənəvi
XI Etnomədəniyyət festivalı keçirilib.
Azərbaycanın Moldovadakı səfirliyindən bildiriblər ki, festivalda Moldovada yaşayan bütün milli azlıqlar - 48 etnik cəmiyyət iştirak edib. Festivalın əsas məqsədi Moldovada yaşayan milli azlıqların ənənələri ilə tanış olmaq, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, müxtəlif xalqlar arasında dostluq münasibətlərini möhkəmləndirməkdir.
Tədbirdə Moldova prezidenti vəzifəsini icra edən parlamentin sədri Marian Lupu, baş nazir Vladimir Filat, hökumət rəsmiləri, Kişineuda akkreditə olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, Moldovada fəaliyyət göstərən diasporların və digər milli azlıqların təmsilçiləri iştirak ediblər.
Moldova dövlətinin banisi Ştefan çel Marenin abidəsinin ziyarəti ilə başlanılan festival Puşkin adına parkda davam edib. Burada Moldovada yaşayan müxtəlif xalqların nümayəndəliklərinin təşkil etdiyi “evlər” - səyyar sərgilər iştirakçılara təqdim olunub.
Ölkə rəhbərliyinin nümayəndələri bu “evlər”i növbə ilə ziyarət edib və Moldovada yaşayan hər bir xalqın tarixini, mədəniyyətini, bugünkü nailiyyətlərini əks etdirən fotosərgi, kitablara və müxtəlif eksponatlara baxıblar. Eyni zamanda, qonaqlar festival müddətində xalq yaradıcılığı, milli mətbəxlərin nümunələri, mahnı və rəqslər ilə də yaxından tanış olublar.
Azərbaycanın Moldovadakı səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin təşkil etdiyi “Azərbaycan evi” sərgisi böyük maraq doğurub. Sərgidə Azərbaycanın milli geyimləri, xalçaları, qədim mis qabları və musiqi alətləri nümayiş olunub. Azərbaycanın milli musiqiləri səsləndirilib, rəqslər nümayiş etdirilib.
Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev və Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov qonaqlara Azərbaycan haqqında ətraflı məlumat veriblər.
Qonaqlar
Azərbaycanın tarixi, siyasəti,
iqtisadiyyatı ilə yaxından tanış olub,
milli mətbəximizin ləziz yeməklərindən
dadıblar. Onlara həmçinin Azərbaycan
haqqında müxtəlif nəşrlər paylanıb.
Mədəniyyət.-
2011.- 23 sentyabr.- S. 5.