Parisdəki
turizm sərgisində Azərbaycan guşəsi
böyük maraq doğurub
Sentyabrın 20-də Parisin
“Port de Versal” sərgi
salonunda “TOP RESA 2011” beynəlxalq
turizm sərgisi açılıb. Sərgidə
dünyanın 150 ölkəsindən
1200-dən artıq turizm
şirkəti iştirak
edir. Sərgidə Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi iştirak edir.
Nazirliyin nümayəndə heyətinə
turizm şirkətləri,
rəqs ansamblı, muğam üçlüyü
və telejurnalistlər
daxildir. Qeyd edək ki, ölkəmiz
üçüncü dəfədir
ki, “TOP RESA” sərgisində
təmsil olunur. Sərginin açılışında
Azərbaycanın Fransadakı
səfiri Elçin Əmirbəyov iştirak edib.
Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin Xarici turizm sektorunun müdiri Səbinə Zadayeva beynəlxalq sərgi ilə bağlı azərbaycanlı
jurnalistlərə verdiyi
müsahibədə deyib:
“Sərgidə “Geo travel”, “İpək
yolu”, “Baktur”, “Millenium turizm”, “Reqena” və “SW travel” kimi şirkətlər ölkəmiz, onun turizm potensialı, bu sahəyə investisiya yatırımı
və digər sahələr barədə
belə beynəlxalq tədbirə gələnlərdə
ətraflı təsəvvür
yaratmaq üçün
çox işlər görüblər. Ölkəmiz
üçün ayrılmış
guşənin böyüklüyü
bunu sübut edir. Azərbaycan bu cür beynəlxalq
sərgidə üçüncü
dəfə iştirak
etməsinə baxmayaraq,
ölkəmizə maraq
göstərənlərin sayı
ildən-ilə artır”.
Sentyabrın
22-də sərgi çərçivəsində
Azərbaycanın turizm
potensialının təqdimatı
keçirilib. Təqdimat
zamanı ölkəmizin
tarixi, zəngin mədəniyyəti, turizm
imkanları haqqında
ətraflı məlumat
verilib. Ölkəmiz beynəlxalq turizm bazarına yeni turizm marşrutları vasitəsilə inteqrasiya edir. Bu təqdimatda da “Aleksandr Düma
Qafqazda”, “Şərab
yolu” kimi beynəlxalq turizm marşrutları barədə
məlumat verilib.
Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov söhbət
əsnasında bildirib
ki, Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin apardığı əməli
işlərin nəticəsidir
ki, son zamanlar ölkəmizə gələn
turistlərin sayı ildən-ilə artmaqdadır.
Nazirlik daha çox əcnəbi turist cəlb etmək məqsədilə
müxtəlif ölkələrin
müvafiq nazirlikləri,
turizm şirkətləri
ilə danışıqlar
aparır, müqavilələr
bağlayır: “Parisə
bu səfərimiz, beynəlxalq sərgidə
iştirakımız uğurlu
olub. Bakı Turizm İnformasiya Mərkəzi ilə Fransa Turizm İnstitutu
arasında beynəlxalq
əlaqələrin qurulması
barədə müqavilə
imzalanıb. Tərəflər
arasında əldə
edilmiş razılığa
görə, əməkdaşlıq
qurulması, ölkəmizdə
turizmin inkişafı
ilə bağlı proqramların həyata keçirilməsində Fransa
Turizm İnstitutunun əldə etdiyi qabaqcıl təcrübədən
istifadə edilməsi
imkanları nəzərdən
keçirilib. Fransa Turizm İnstitutu ilə bağlanmış
müqavilə nəinki
ölkəmizdə turizmin
inkişafına yeni təkan verəcək, eyni zamanda, fransız
turistlərin Azərbaycana
səfərlərinə müsbət
təsir göstərəcək”.
Azərbaycan üçün ayrılmış
guşədə ölkəmizə
dair müxtəlif bukletlər, onun tarixi və mədəniyyətini, zəngin
abidələrini, gözəl
təbiətini əks
etdirən broşürlər
və digər əyani vəsaitlər sərgiyə gələnlərin
diqqətini daha çox cəlb edir, onlarda böyük
maraq oyadır.
Azərbaycan muğamı və milli rəqslərimizin ifası sərgiyə gələnlərdə xoş
təəssürat yaradıb.
Mədəniyyət.-
2011.- 23 sentyabr.- S. 4.