Həm
biznesi, həm də maarifçilik
ənənəsini saxlamağa
çalışırıq
“Azərbaycanda
geniş oxucu kütləsi var, sadəcə olaraq oxucuların
zövqünə uyğun kitab təklif etmək
lazımdır”
Müsahibimiz
“Altun kitab” nəşriyyatının direktoru Rafiq
İsmayılovdur.
-
Rafiq müəllim, öncə “Altun kitab” nəşriyyatı
barədə oxucularımıza bir qədər ətraflı
məlumat verməyinizi istərdim.
- “Altun-kitab” nəşriyyatı
2004-cü ildə yaranıb. Yarandığı gündən
də uşaq ədəbiyyatı və dərsliklər nəşr
edir. Biz öz nəşriyyat layihələrimizi
hazırlayıb satışa çıxarırıq. Elə
kitablar da var ki, onların xüsusi nəfis tərtibatda
hazırlanması sponsorlar tərəfindən həyata
keçirilir. Nəşr etdiyimiz “Qabusnamə”, “Azərbaycan
musiqi alətləri” belə kitablardandır. “Qabusnamə”
Moskvada keçirilən MDB ölkələrinin III Beynəlxalq
“Kitab sənəti müsabiqəsində” dizayn işinə
görə birinci yerə layiq görülüb. Bu cür
kitablar istisna olmaqla, yerdə qalan kitablarımız geniş
oxucu kütləsi üçün nəzərdə tutulub.
Uşaq ədəbiyyatını yaş qrupları üzrə,
silsilələrlə nəşr edirik. Məsələn, 4-7
yaşlılar üçün “Mənim kitabım”, 9-14
yaşlılar üçün “Dünya ədəbiyyatından
seçmələr” və “Şifahi xalq ədəbiyyatı”
seriyaları var. Müasir yazıçıların uşaqlar
üçün əsərlərini də çap edirik. 100-ə
yaxın kitabımız var, daha 100-dək kitabımız isə
plandadır.
- Bu gün kitab bazarında
dırnaqarası nəşrlər də çoxdur. Necə
düşünürsünüz, nəşriyyat bütün
sifarişləri qəbul etməlidirmi?
- Əgər təqdim olunan
kitabın perspektivi yoxdursa, biz o sifarişdən imtina edirik. Bu
bir biznes sahəsidir, eyni zamanda, “Altun kitab” maarifçi bir nəşriyyatdır.
Məzmunu yaxşı olan bir kitaba görə bəzən
biznesi də qurban veririk. Ancaq özümüz kitab layihələrini,
seriyalarını düşünəndə, həm biznesi, həm
də maarifçilik ənənəsini saxlamağa
çalışırıq. Bizə təqdim olunan ucuz bir
detektivin və yaxud melodramın yaxşı
satılacağına əmin olsaq belə, imicimizə ziyan gətirəcəyindən
ehtiyat edərək çap etmirik. Oxucu zövqünü nəzərə
almağa çalışırıq.
- Uşaq ədəbiyyatı məsuliyyətli
bir sahədir. Maraqlıdır, niyə məhz bu sahəni
seçdiniz?
- Nəşriyyat sahəsində 20
ilə yaxındır çalışıram. Publisistik əsərlərdən
tarixi əsərlərə qədər müxtəlif
janrlı kitablar nəşr etmişik, reklam nəşriyyatı
işində də bir qədər
çalışmışıq. Bu işə
başlamamışdan əvvəl oxucu tələbatını
öyrənmək üçün araşdırmalar
apardıq, sorğular keçirdik, məlum oldu ki, Azərbaycanda
ən çox satılan kitablar uşaq ədəbiyyatı və
dini ədəbiyyatdır. Dini ədəbiyyat bir qədər
həssas mövzudur. Mən bu mövzunu kifayət qədər
bilmədiyim üçün qəlbimin səsinə qulaq
asıb uşaqları maarifləndirmək, onların
zövqünü yüksəltmək üçün
uşaq ədəbiyyatını seçdim. İkinci sinifdən
yeddinci sinfə kimi Azərbaycan dili dərsliklərinin əsas
müəllifiyəm. Məktəblərdə, açıq dərslərdə
oluram, uşaqların nə istədiyini, müxtəlif
yaş qruplarının oxucu tələbatını müəyyən
qədər öyrənmişəm.
- Yenə də uşaqların
zövqünü oxşamaq çətindir.
- Uşaq kitablarında mətnlə
illüstrasiyalar bir-birini tamamlamalıdır. Elə
seriyamız olub ki, bədii texniki tərtibat baxımından
8-9, ancaq mətnlər 14-15 yaşlılar
üçündür. Bu kitablar heç də uğur
qazanmadı. Bu sahədə uğur əldə etməkdən
ötrü uzun müddət işləməlisən, illərlə
külüng döyməlisən ki, axırda nəticə əldə
edəsən. O ki qaldı illüstrasiyalara, bizimlə birlikdə
işləyən Elçin Cabbarov geniş profilli rəssamdır.
Mən onun rəsmlərini təsadüfən
görmüşdüm və o an da hiss etmişdim ki, onun dəst-xətti
kitab qrafikası janrına çox uyğundur. Ondan xahiş
etdik ki, bizimlə işləsin, dəvətimizi qəbul etdi.
Elçin Cabbarov uşaqların nə istədiyini bildiyi
üçün onların zövqünü tuta bilir.
- II
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hansı nəşrlərlə
iştirak edəcəksiniz?
- Sərgi-yarmarkada təxminən
100 adda kitabla çıxış edəcəyik. Bu
kitabları sərgiyə gələn istənilən oxucu ala
bilər. Yarmarkada seriyaların təqdimatını da
keçirməyi planlaşdırırıq. Azərbaycanda
geniş oxucu kütləsi var, sadəcə olaraq oxucuların
zövqünə uyğun kitab təklif etmək
lazımdır. Çox istərdim ki, bu sərgi ənənəvi
keçirilsin və hamı bu tədbiri böyük kitab
bayramı kimi səbirsizliklə gözləsin.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 15.