Kitab tariximizin dəyərli
səhifələri:
Əlyazmalar
Hər
bir xalqın yazı, kitab mədəniyyətinin önəmli
göstəricilərindən biri əlyazmalardır. Bu əvəzsiz
xəzinə millətin keçmişindən və zəngin
mədəniyyətindən xəbər verən mənbədir.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda
qorunub-saxlanılan, tədqiq olunan minlərlə əlyazma da
mədəniyyət tariximizin dəyərli səhifələridir.
İnstitutun elmi işlər üzrə direktor müavini
Paşa Kərimov bizimlə söhbətində bu barədə
danışdı:
- Əlyazmalar hər bir millətin
yazı mədəniyyətini nümayiş etdirir. Qərinələr,
illər ötdükcə artır və zəngin mədəniyyətin
tərkib hissəsi kimi aktuallığını qoruyub
saxlayır. Ona görə də əlyazmaları əldə
etmək, qorumaq və gələcək nəsillərə
çatdırmaq böyük önəm daşıyır. Əlyazmalar
İnstitutu yarandığı zaman XIX-XX əsrlər Azərbaycan
mədəniyyətinin Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli
Axundov, Əbdülqəni Əfəndi, Hüseyn Əfəndi
Qayıbov, Mir Möhsün Nəvvab kimi görkəmli şəxsiyyətlərin
şəxsi kolleksiyaları, arxivləri fondumuzun əsasını
təşkil edib. Bu gün isə onlarla mədəniyyət
xadiminin şəxsi fond materialları, 40 mindən çox əlyazma,
qədim çap kitabları, inqilaba qədər olan dövri
mətbuat və şəxsi fond materialları
saxlanılır. Onların arasında Mərakeşdən,
İspaniyadan Hindistanadək bütün Yaxın və Orta Şərq,
Şimali Afrika ölkələrinin xalqlarının mədəniyyətinə,
tarixinə aid materiallara rast gəlmək olar.
IX əsrə aid olan və dəri
üzərinə yazılan “Quran”ın “Nisa” surəsi, Məhəmməd
Əbu Nəsr Fərabinin “İhsaül-ülüm” (“Elmlərin
bölgüsü”), İbn Sinanın “Qanun fit-tibb” (“Tibb
qanunları”), Nəsrəddin Tusinin “Zici-Elxani” əsəri, Xəqani
Şirvani və Nizami Gəncəvinin XV-XVI əsrlərdə
üzü köçürülən nəfis rəngli
miniatürü, İmadəddin Nəsiminin, Məhəmməd
Füzulinin, Ömər Xəyyamın, Qövsi Təbrizinin və
başqa klassiklərin əlyazmaları fondun nadir incilərindəndir.
Azərbaycan ədəbiyyatının
bizə gəlib çatan ilk yazı nümunələri
XIII-XIV əsrə aiddir. Onlardan İzzəddin Həsənoğlu,
Nəsir Bakuvi, Qazi Bürhanəddinin əsərlərini qeyd
etmək olar. Əski dövrdə bir-birinin ardınca məsnəvi
şəklində irihəcmli poemalar yaranıb. Azərbaycan
dilində yaradılmış ilk poemalar içərisində
müəllifi hələ də bilinməyən “Dastani-Əhməd
Hərami”, Qul Əlinin “Qisseyi-Yusif”, “Yusif və Züleyxa”,
Yusif Məddahın “Vərqa və Gülşa” , XIV əsrdə
yaşamış Suli Fəqih adlı Azərbaycan-türk
şairinin “Yusif və Züleyxa” poemasını və s. əsərləri
göstərmək olar. Böyük özbək şairi və
dövlət xadimi Əlişir Nəvainin demək olar ki,
bütün əsərlərinin əlyazma nüsxələri,
XVIII əsrdə yaşamış türkmən şairi Məhtumqulu
Fəraqinin əsərlərinin iki əlyazma nüsxəsi və
digər qiymətli əlyazmaları fondumuzda layiqli yer tutur.
İnstitutun fondu yeni yazılı abidələrlə zənginləşir
Son illər əməkdaşlarımızın
respublikanın müxtəlif rayonlarına arxeoqrafik ezamiyyətləri
sayəsində institutun xəzinəsinə yeni əlyazma
nümunələri daxil olub. Xaricdə yaşayan
soydaşlarımız fondumuzun zənginləşməsinə
töhfələrini verirlər. Bu yaxınlarda Almaniyada
yaşayan həmvətənimiz, ədəbiyyat tariximizin tədqiqatçısı
Məhəmmədəli Hüseynin vasitəçiliyi ilə
bir sıra əlyazma abidələrimizin surətlərini və
dəyərli çap kitabları əldə etdik.
İranın Qum şəhərində yerləşən
kitabxananın elmi əməkdaşı, əlyazmalarımızın
yorulmaz tədqiqatçısı Hüseyn Mütəqqi bizə
Tehranın Parlament Kitabxanasında (Kitabxaneye-Məclise-Şuraye-İslamiye-İran)
saxlanan bir neçə əsərin əlyazmasının surətini
göndərib: 1483-cü ildə yazılmış 112 vərəq
həcmində ərəbcə-farsca-türkcə lüğət;
Əli Badkubeyi adlı müəllifin 1853-cü ildə
köçürülmüş 71 vərəq həcmində
mənzum türkcə-farsca lüğəti və s. Məşhəddə
yaşayan digər həmvətənimiz Davud Əsgərpur isə
M.Hüseynin vasitəsi ilə oradakı Astane-Qüdse-Rəzəvi
kitabxanasında saxlanan “Fərhənge-Mirzə İbrahim” əsərinin
əlyazmasının surətini göndərib. Əsərin
bizim üçün dəyəri həm də onunla müəyyən
olunur ki, təxminən XVI əsrin sonu, XVII əsrin əvvəllərində
üzü köçürülən bu əlyazmanın kənarlarında
görkəmli Azərbaycan şairi Qövsi Təbrizinin
öz xətti ilə yazdığı qeydlər var.
Üç əlyazma UNESCO tərəfindən
“Dünyanın yaddaşı”na daxil edilib
Əlyazmalar İnstitutunda saxlanılan
tibbə dair üç əlyazma abidəsi UNESCO-nun təsis
etdiyi “Dünyanın yaddaşı” proqramının
siyahısına daxil edilib. Həmin əlyazmalardan “Zəxireyi-Nizamşahi”
(“Nizamşahın azuqələri”) əsərinin (müəllifi
məlum deyil) üzü təxminən XIII əsrdə
köçürülüb. Əsərdə bitkilərin,
heyvanların, mineralların, mürəkkəb tərkibli dərmanların
farmakoloji xüsusiyyətləri əlifba sırası ilə
göstərilib. Digər əlyazma Əbu Əli ibn
Sinanın “Əl-Qanun fi-tibb” (“Tibbi qanun” ) adlı ərəb
dilində farmakologiya və tibbə aid məşhur əsəridir.
1143-cü ildə Bağdadda üzü
köçürülüb. Dünyada dəqiqliyinə
görə ən nadir nüsxələrdəndir. Tibb elminin
inkişafına ciddi təsir göstərən fundamental əsərlərdən
biridir. Üçüncü əlyazma “Əl-məqalə əs-səlasun”
(“Otuzuncu traktat”) isə Abul-Qasiməz-Zəhravinin ərəb
dilində tibbə aid fundamental əsərinin bir cildidir. X-XI əsrlərdə
İspaniyada (Kordova) yaşayan təbib ilk müəllifdir ki,
cərrahiyyə alətlərinin təsvirini verib, konkret əməliyyatlar
zamanı onların tətbiq edilməsi
üsullarını-qaydalarını göstərib. Əsər
vaxtilə bütün Şərq və Avropa cərrahiyyə
elminin inkişafına təsir edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 15.