Kitab güclü təbliğat
vasitəsidir
Regionların İnkişafı İctimai Birliyi sərgi-yarmarkada
rəngarəng nəşrlərlə iştirak edəcək
Bəşəriyyətin
ən böyük kəşflərindən və maddi-mənəvi
sərvətlərindən olan kitab, onun çapı və
yayımı işi ilbəil inkişaf etməkdədir. Bu
gün kitab həm də güclü təbliğat vasitəsidir.
Ölkəmizdə
kitab işinə töhfə verən, tariximizi, mədəniyyətimizi,
o cümlədən bölgələrimizin mədəni zənginliyini
tanıdan, təbliğ edən nəşrləri ilə diqqətçəkən
təşkilatlardan biri də Regionların İnkişafı İctimai
Birliyidir.
2005-ci ildən fəaliyyət
göstərən qurumun həyata keçirdiyi layihələr
sırasında kitab nəşri xüsusi yer tutur. Ötən
müddətdə təşkilatın nəşr etdirdiyi məzmunlu,
yüksək poliqrafik keyfiyyət və estetik baxımdan
zövq oxşayan bir çox kitablar oxucuların diqqətini
çəkib. Bu nəşrlər mədəniyyətimizin və
tariximizin bir çox səhifələrinə işıq
tutur.
İctimai Birliyin “Şəmkir
şairləri”, «Şəmkir alimləri», «Gədəbəy
şairləri», «Qazaxdadır» kitabları bu bölgələrin
Azərbaycan ədəbiyyatına, elminə töhfə verən
tanınmış insanlarına həsr olunub. «Hər kəs
yüz il yaşamasa» kitabı Gədəbəy rayonunda
yaşayan yaşı 100-ü ötmüş insanlar
haqqında albom-kataloq şəklində nəşr olunub. Azərbaycan,
rus və ingilis dillərində təqdim olunan kitabda Vətənimizin
dilbər guşələrindən olan Gədəbəyin zəngin
təbiəti haqqıında dolğun məlumatlar da əksini
tapıb. «Hər kəs yüz il yaşamasa» nəşri
(«Kitab mədəniyyəti» nominasiyası üzrə), həmçinin
filologiya elmləri namizədi, gözdən əlil Vərağa
Almasovun «Peyğəmbər aşiqi - Füzuli» kitabı («Mənim
universitetim» nominasiyası üzrə) MDB ölkələrinin
2006-2007-ci illərdə Moskvada keçirilən III və IV
beynəlxalq kitab sərgisində I və II mükafatlara layiq
görülüb.
Ümummilli lider Heydər Əliyevin
həyat və fəaliyyəti hər zaman nəsillərə
örnək olaraq qalacaqdır. İctimai Birliyin Şəmkir
şəhər Heydər Əliyev Muzeyi ilə birgə layihə
əsasında hazırlanmış «Mən fəxr edirəm
ki, azərbaycanlıyam» kitabı ulu öndərin zəngin həyatı,
dövlətçilik fəaliyyəti haqqında ensiklopedik
topludur. Kitab bir neçə dəfə təkrar çap
olunaraq, geniş oxucu kütləsinə, o cümlədən
orta məktəb şagirdlərinə hədiyyə edilib.
Birliyin kitabsevərlərə bəxş
etdiyi nəşrlər arasında tarixi mövzuda kitablar
xüsusi yer tutur. AMEA-nın A.Bakıxanov adına Tarix
İnstitutu ilə birgə hazırlanmış «Azərbaycanın
Xalq Cümhuriyyəti Böyük Britaniyanın arxiv sənədlərində»
(ingilis və rus dillərində) və «Qarabağ
xanlığı» (Azərbaycan, ingilis və rus dillərində),
eləcə də Atamoğlan Məmmədlinin «Gəlmələr»
kitabları nəşr olunaraq geniş oxucu kütləsinə
çatdırılıb. AMEA-nın müxbir üzvü
Yaqub Mahmudov və tarix elmləri doktoru Kərim
Şükürovun birgə hazırladıqları «Diplomatiya
tarixi» kitabı da uzun əsrlər boyu xalqımızın
apardığı mübarizənin, onun diplomatiyasının
tarixi keçmişindən xəbər verir. Kitabın
dörd hissədə çap olunması nəzərdə
tutulur.
Görkəmli yazıçı
Mir Cəlalın seçilmiş əsərlərinin
üçcildliyi, tanınmış diplomat Hafiz Paşayevin
«Bir səfirin manifesti» (rus dilində), İlyas
Tapdığın «Şeir sevən balalar», sənətşünaslıq
doktoru İlham Rəhimlinin «Məram», Zəlimxan Yaqubun «Gəl»,
«Biz niyə sevməyək bir-birimizi?», Mariya Popovanın
«Slavyankaya salam» (rus dilində) şeirlər kitabı, Taleh Həmidin
dördcildliyi, Əhməd İsayevin «Gəncə və gəncəlilər»
kitabları da birliyin çap məhsulları
sırasındadır.
Mədəniyyətimiz və incəsənətimizin
təbliğinə həssaslıqla yanaşan qurum tərəfindən
etnoqraf-alim Ayna Əliyevanın «Lahıc» kitabı (rus dilində),
kolleksiyaçı Şəfəq Qurbanovanın «Mis»
albom-kataloqu da nəşr edilib. Nəfis tərtibatlı
çap məhsulları sırasında Nurdan Damlanın «365
gündə sevimli Peyğəmbərimlə» və ictimai
birliyin əməkdaşlarının
hazırladığı «Yadda saxla və əməl et» (Azərbaycan
və rus dillərində) kitablarını da qeyd etmək gərəkdir.
Uşaq və yeniyetmələr üçün İslam
dininin tarixinin öyrənilməsində dəyərli vəsait
olan kitablar görkəmli alim, akademik Vasim Məmmədəliyevin
rəhbərliyi və iştirakı ilə hazırlanıb.
Onu da qeyd edək ki, Regionların
İnkişafı İctimai Birliyi 2009-cu ildə Bakıda
keçirilən I Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal
iştirak edərək, fəxri diploma layiq görülüb.
Təşkilat budəfəki sərgi-yarmarkada rəngarəng
nəşrləri ilə iştirak edəcək.
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 13.