Kitab cəmiyyətin tərəqqisində
müstəsna rol oynayır
“Oxucuların yaxşı kitaba hər zaman marağı
var, sadəcə, bu yaxşı kitabları nəşr etmək
lazımdır”
Mətbuat
səhifələri və telekanalların vaxtaşırı
müzakirə etdikləri məsələlərdən biri də
müasir dövrdə Azərbaycan oxucusunun kitaba münasibətidir.
İstər ziyalılar, istərsə də naşirlər əhali
arasında kitaba marağın azalmasından gileylənirlər.
Mütəxəssislər isə məhz geniş oxucu
marağının təmin olunacağı təqdirdə
kitab işinin inkişafına təkan veriləcəyini
düşünürlər.
II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
ərəfəsində mövzu ilə bağlı BDU-nun
Kitabşünaslıq və nəşriyyat işi
kafedrasının müdiri, tarix elmləri doktoru, professor
Bayram Allahverdiyevlə söhbət etdik. Azərbaycanda mükəmməl
oxu mədəniyyətinin formalaşdığını deyən
mütəxəssisin fikrincə, bu sahədə problemlər
daha çox nəşriyyatların fəaliyyətindən
qaynaqlanır, kitaba marağın azalması isə oxucu tələbatına
cavab verməyən çap bumu ilə əlaqədardır:
- Azərbaycanda kitaba münasibət
tarixən çox yaxşı olub, ona müqəddəs məfhum
kimi dərin hörmət və ehtiram göstərilib. Bu da
daha çox müqəddəs kitabımız olan «Qurani-Kərim»lə
bağlıdır. Çünki Azərbaycanda kitabın
yaranması İslam dininin yayıldığı dövrə
təsadüf edir. İslamın təbliği məqsədilə
müqəddəs kitabın üzü xəttatlar tərəfindən
köçürülərək geniş coğrafiyada
yayılırdı. Ölkəmizdə kitab tarixinin əsasını
əlyazma kitabları təşkil edir. Zəngin və
özünəməxsus əlyazma ənənələri sayəsində
fərqli formaya malik Azərbaycan əlyazma kitabları
yaranıb, sonradan çap işi, kitabın kütləvi nəşri
prosesinin ilkin mərhələsi başlanıb. Azərbaycanda
əlyazma kitabları XVIII əsrədək çox məşhur
olub, bu gün də dünyanın məşhur kitabxana və
muzeylərində minlərlə belə nümunələr
qorunub saxlanılır. Məsələn, təkcə Nizami Gəncəvinin
əsərlərinin 900-dən çox əlyazma nüsxəsi
var. Bunun özü xalqın kitaba, yazılı fikrə
münasibətinin göstəricisidir. Bu nümunələr həm
də sənət əsəri kimi istər zamanında, istərsə
də indi yüksək bədii dəyərə malik olub. Əlyazma
sənəti və onun inkişafı dövrün dövlət
rəhbərlərinin də diqqət mərkəzində
olmuş, məşhur nəqqaş və xəttatlar saraylara
dəvət edilərək əlyazma sənətinin
inkişafına yönləndirilmişlər. Bu sənətkarların
gözəl ornamentlərlə bəzədikləri nümunələr
isə, təbii ki, saray kitabxanalarını zənginləşdirməklə
yanaşı, həm də Azəbaycan xəttatlıq məktəbini
tanıtmışdır.
- Kitabşünaslar Azərbaycanda
kitab çapının geniş təşəkkül
dövrü olaraq ötən əsrin 20-30-cu illərini qeyd
edirlər. Təbii ki, sovet hakimiyyəti o dövrdə kitabdan
həm də güclü təbliğati və ideoloji vasitə
kimi istifadə edirdi. Sonrakı dövrləri necə xarakterizə
edərdiniz?
- Kitabdan ideoloji təbliğat vasitəsi
kimi hər zaman yararlanıblar. Bu da təbiidir. Çünki
kitab digər informasiya vasitələrinə nisbətdə
daha əhatəli və məzmunludur. Sovet hakimiyyəti də
bunu yaxşı dərk edərək, kitabdan ideoloji vasitə
kimi istifadə edib. Təsadüfi deyil ki, 1930-1931-ci illərdə
Azərbaycan SSR-də 1576 adda 10 milyon nüsxə kitab
çap olunaraq yayılıb. Bununla yanaşı, sovet rejimi kitaba geniş
repressiyalar da tətbiq edib. İstər müqəddəs
kitablar, istərsə
də milli-ideologiyanı
təbliğ edən mütəfəkkir və
ədiblərin əsərləri
ya ciddi senzuradan keçib, ya da ümumiyyətlə
çap olunmayıb.
Amma bütün bunlarla yanaşı Azərbaycan kitabının intibahı
sovet dövrünə
tasadüf edib. Ötən əsrin 70-80-ci illərində
respublikamızda kitab nəşri daha da genişlənib. 80-ci illərdə 1200-1300 adda 14-15 milyon nüsxə kitab çap olunub.
- 90-cı illərin
əvvəlində, digər
sahələrdə olduğu
kimi, kitab nəşri sahəsində
də zəifləmə
özünü göstərdi.
Bir tərəfdən
kitab nəşri işində ideoloji buxovlardan qurtularaq sərbəstlik əldə
etdik, digər tərəfdən kitab çapında, yayımında
tənəzzül yarandı...
- 90-cı illərin
əvvəli bizə dövlət müstəqilliyini,
suverenliyi gətirdi. Onilliklər boyu hökm sürən rejim, ideoloji sistem dağıldı. Təbii ki,
bu, iqtisadi və siyasi tərəfləri ilə
yanaşı, mənəvi
baxımdan da təsirsiz ötüşmədi.
Xüsusilə ilk dövrlərdə nəşriyyatların maddi-texniki
bazaları zəifləyərək
günün tələblərilə
ayaqlaşmaqda çətinlik
çəkdi, oxucu tələbatını ödəyə
bilmədi. Çünki sovet dönəmində nəşriyyatlar birbaşa
dövlətdən maliyyələşirdi.
Bu maliyyə mənbəyi
olmadığından kitab
nəşrində həm
kəmiyyət, həm
də keyfiyyət baxımından problemlər
yarandı. Bütün bunlar
kitab-oxucu əlaqəsini
də zəifləti.
Amma
90-cı illərin sonundan
vəziyyət düzəlməyə
başladı. Ümummilli
lider Heydər Əliyevin mətbuatda senzuranın ləğvi ilə bağlı 6 avqust 1998-ci il
tarixli fərmanı mətbuatla yanaşı, nəşriyyat işinin inkişafına da təkan verdi. 2001-ci ildə Mətbuat
və İnformasiya Nazirliyi ləğv edildi, nazirliyin tabeziliyindəki mətbəə
və nəşriyyatların
əksəriyyəti özəlləşdirildi.
Özəl nəşriyyat sektoru
yarandı ki, bu da prosesi
müsbət yönə
dəyişdi. Hazırda
Azərbaycanda qeydiyyatdan
keçən 400-dən çox
nəşriyyat tərəfindən
hər il
4-5 min adda kitab buraxılır.
- Bayram müəllim, mütəxəssis
olaraq bu gün kitab nəşrində kəmiyyət
və keyfiyyət məsələsində necə,
tarazlıq görürsünüzmü?
Etiraf edək ki, əksər
çap məhsullarına
baxdığımızda onların
mövzu ilə yanaşı, texniki tərtibatında da qüsurlar görürük.
Baxmayaraq ki, ümumilikdə kitab nəşri sahəsində
mühüm texniki inkişaf var....
- Düzdür,
istər kəmiyyət,
istərsə də keyfiyyət sarıdan ciddi narahatlıq var. Amma əsas nöqsan çap olunan kitabların oxucu sorğularına əsaslanmaması, bu tələbata yönəlməməsidir.
Hər nəşriyyat isdədiyini
çap edir, oxucu da bu
kitabları alıb oxumayanda xalqın kitaba maraq göstərməməsindən
şikayətlənirlər. Hələ sən gör, bu kitab
alan nə
istəyir, sonra gileylən. Əvvəllər kitablar müəyyən
oxucu sorğularına
əsasən çap
olunurdu və elə ona görə
də mütaliə problemindən danışılmırdı.
İndi bu yoxdur. Bu da onu göstərir ki, hələ naşirlərin
işi istənilən
səviyyədə deyil.
Onlar kitab çapı nöqteyi-nəzərindən oxucu
marağını, xalqın
mənafeyini düzgün
qiymətləndirə bilmirlər.
Belə olan halda da
kitab nəşri bir çox hallarda sırf kommersiyaya çevrilir.
Sifarişçi nə istəyirsə,
nəşriyyatlar da onu çap edirlər. Təbii ki, nəticədə
bu, Azərbaycan kitabına, kitab işinə ziyan vurur. Bu baxımdan
mən kitab nəşri və yayımına dövlət
tərəfindən nəzarətin
tərəfdarıyam.
Digər tərəfdən bu, həm də
bəzi naşirlərin
“xalqın kitaba marağı azalıb”, “mütaliə səviyyəmiz
çox aşağıdır”
kimi gileylərini azaldar. Necə yəni millətin
mütaliə səviyyəsi
aşağıdır? Mən bu fikirlə qətiyyən razı deyiləm. Xalqımız tarixən mütaliəyə
bağlı olub.
Azərbaycanın istənilən ailəsində
şəxsi kitabxana, heç olmasa 30-40 adda kitab var. Bunun özü mütaliəyə, kitaba sevgi deyilmi? Oxucuların yaxşı kitaba hər zaman marağı var, sadəcə, bu yaxşı kitabları nəşr etmək lazımdır. Kadr çatışmamazlığından
da şikayətlənmək
yersizdir. Çünki
hər il
Bakı Dövlət Universitetini nəşriyyat
işi və redaktəetmə ixtisası
üzrə onlarla gənc bitirir. Naşirlərin də vəzifəsi
o kadrları öz nəşriyyatlarına cəlb
etməklə keyfiyyətli
kitablar çap etməkdir. İndi kitabların bir
çoxu korrektura və redaktə səhvləri ilə doludur, texniki redaktə və bədii tərtibat məsələləri aşağı
səviyyədədir. Kitabı sevdirmək üçün
kitabın bədii tərtibatını, mövzu
gərəkliyini daim diqqətdə saxlamaq lazımdır. Kitab həm
də böyük ideologiyadır. Məhz ona
görə də kitaba dövlət nəzarəti lazımdır.
Heç
olmazsa nəşriyyat
şurası və ya elə naşirlərin
toplaşaraq təsis edəcəkləri bir qurum olmalıdır.
Kitabın keyfiyyəti, məzmunu
və tərtibatı
kompleks şəkildə
nəzarətdə saxlanılmalıdır.
- Bayram müəllim, son olaraq paytaxtımızda keçirilən
kitab bayramı, II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası barədə fikirlərinizi
öyrənmək istərdik.
- Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
artıq ikinci dəfə belə beynəlxalq tədbirin keçirilməsini müsbət
qiymətləndirirəm. Düşünürəm ki, Azərbaycan kitabının beynəlxalq
miqyasda təbliğinə
yönələn bu tədbir bayaqdan sadaladığımız problemlərin
aradan qaldırılmasına
da təsir edəcək. Kitaba sevgi
və diqqətin təzahürü olan bu tədbiri alqışlayır, sərgi-yarmarkaya
uğurlar diləyirəm.
Müasir dövrdə Azərbaycan
kitabı və oxucusunun, kitabsevərlərin
belə böyük tədbirdə bir araya gələrək kitab bayramını qeyd etmələri sevindirici haldır.
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 12.