Azərbaycan
kitabını beynəlxalq aləmdə layiqincə
tanıtmağa çalışırıq
“Təhsil”
nəşriyyatının direktoru Bəhruz Axundov: «Beynəlxalq
kitab sərgi-yarmarkası ölkəmizin dünyaya təqdimatıdır»
- Müasir dövrdə kitab həm
də hər bir xalqın mədəni irsini, tarixini,
inkişaf səviyyəsini beynəlxalq arenaya çıxaran,
tanıdan, təbliğ edən mühüm vasitədir. Hər
bir xalq onun içində yetişən
yazıçının, alimin yazdığı əsərlə
tanına bilər. Eyni zamanda bu əsəri dünyaya yüksək
kitab mədəniyyətinə uyğun səviyyədə, nəfis,
diqqətçəkən tərtibatlı nəşrlə
tanıtmaq gərəkdir. «Təhsil» nəşriyyatı indiyədək
Azərbaycanı, onun mədəniyyətini, tarixi həqiqətlərini
dünyaya təbliğ edən kitabların məzmun və tərtibatına
görə beynəlxalq müsabiqələrdə
öncül yerlərə layiq görülüb.
2010-cu il isə Azərbaycanın nəşriyyat
tarixində çox önəmli bir hadisə ilə yadda
qaldı. Şair Çingiz Əlioğlunun «Təhsil» nəşriyyatı
tərəfindən çap edilən «Çərçivə»
kitabı Moskvada MDB ölkələrinin VII Beynəlxalq “Kitab
sənəti” müsabiqəsinin baş mükafatına - Qran
priyə layiq görüldü. Bu, təkcə «Təhsil» nəşriyyatının
deyil, ölkəmizin uğuru idi.
Azərbaycan bütün sahələr
üzrə böyük inkişafa nail olub. Bu inkişaf tempi nəşriyyat
sahəsinə də aiddir. Nəşriyyatlar inkişaf edir,
müasir tipli poliqrafiya bazaları yaranır. Beynəlxalq səviyyədə
qazandığımız uğurlar işimizə də
müsbət təkan verir. Biz gərək daha yüksək səviyyədə
Azərbaycan kitabını sevdirə, Azərbaycan mədəniyyətini
tanıdaq. Çünki bu, Azərbaycanın dünyaya
təqdimatıdır.
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 12.