Uşaqların
kitab dünyası
“Uşağın necə qidalanması nə qədər
əhəmiyyətlidirsə, onun nə oxuması da o dərəcədə
önəm daşıyır”
Müstəqillik illərində respublikamızda
uğurlu inkişaf yolu keçmiş sahələrdən biri
də nəşriyyat və kitab işidir. Bu kontekstdə uşaq
ədəbiyyatının nəşri ilə məşğul
olan nəşriyyat evləri və redaksiyaların fəaliyyəti
xüsusilə önəm kəsb edir. Çünki yetişən
nəslin mənəvi aləmi və
dünyagörüşünün formalaşmasında
uşaq kitabları və nəşrlərinin müstəsna
yeri var. Beynəlxalq kitab sərgi-yarmarkası ərəfəsində
bu sahədə vəziyyəti öyrənmək
üçün bir neçə nəşriyyat və
redaksiya ilə əlaqə saxladıq.
“Xəzər” və “Bərəkət”
nəşriyyatları birgə müqavilə əsasında
uşaq ədəbiyyatının nəşri ilə məşğuldurlar.
Son dövrdə çap olunan ədəbiyyatlar
siyahısına “Məktəbdə davranış
qaydaları”, “Ailə və cəmiyyətdə
davranış qaydaları”, ”Soyuq su” və s. nəşrlər
yer alıb. Əsas mövzular uşaqlara ədəb və nəzakət
qaydalarının, düzgünlüyün, xeyir əməllərin
təbliği ilə bağlıdır. “Hörümçək
tuneli”, “Ulu ağacın tilsimi”, “Nə, necə, nə
üçün” adlı kitablar əlvan şəkillərlə,
nəfis tərtibatda azyaşlı oxuculara təqdim olunur.
Nəşriyyatın əməkdaşı
Firdovsi Səfərli yeni nəşrlərdə tərcümə
ilə bağlı bəzi problemlərin olduğunu qeyd etdi.
Onun sözlərinə görə, uşaq nəşrlərində
milli ruhda yazılara, mövzulara daha çox ehtiyac duyulur.
1995-ci ildən fəaliyyət
göstərən “Tumurcuq” uşaq qəzeti balaca oxucuları
mütəmadi olaraq yeni nəşrlərlə sevindirir. Sinifdənxaric
oxu kitablarının üstünlük təşkil etdiyi nəşrlərdə
tarix, vətənpərvərlik mövzusunda yazılar,
nağıl və hekayələrlə yanaşı, Şərq
ədəbiyyatına, klassiklərimizin
yaradıcılığına da müraciət olunur.
“Tumurcuq” nəşrlərindən “Bu yurdu kim sevməz ki...”,
“Alnımın yazısı Vətən”, “Sağsağan
yumurtası” və s. kitablar uşaqlar tərəfindən maraqla
oxunur. Qəzetin məsləhətçisi Əli Çərkəzoğlu
söhbət əsnasında bildirdi ki, bu gün uşaqlar
üçün dəyərli materiallara ehtiyac var:
“Uşaqların nə oxuması çox mühüm və
böyük mövzudur. Yeni düşüncə
mövzuları olmalıdır. Uşağın necə
qidalanması nə qədər əhəmiyyətlidirsə,
onun nə oxuması da o dərəcədə önəm
daşıyır”.
“Təhsil” nəşriyyatında
son illər 40-dan çox uşaq kitabı çap olunub.
Burada bir neçə kitabı işıq üzü görən
yazıçı Sevinc Nuruqızı qeyd edir ki, uşaq ədəbiyyatı
hər zaman gələcəyə ünvanlanıb. Uşaq nəşrlərinə
ehtiyac duyulan bir dövrdə özündə bədii, öyrədici,
intellektual əsasları birləşdirən nəşrlərə
başladıq. 2009-cu il Azərbaycanda “Uşaq ili” elan
edilmişdi. Həmin il dörd dəst kitabım işıq
üzü gördü. “Qəribə kəndin
nağılı”, “Paltar dolabında gizlənqaç”,
“Bozqulaq və fəsillər”, “Muradın yuxusu”. “Tap-tapmaca”,
“Bapbalaca əlifba”, “Aysu və Ay”, “Xortumlu dağ” və digər
kitablar da “Təhsil” nəşriyyatında işıq
üzü görüb.
«Beşik» nəşriyyatının
direktoru Nərgiz Cabbarlı: «Uşaqların kitaba, mütaliəyə
marağı var. Biz bu marağı keçirilən sərgilərdə
görmüşük. Uşaq kitablarının nəşrindən
danışarkən böyük bir qrupu - rəssam,
yazıçı, tərtibatçı və digərlərinin
birgə əməyini nəzərə almalıyıq. Bu
kitablarla uşaqların zövqü formalaşır. Uşaq
ilk baxışdan xoşuna gəlməyən kitabı
oxumayacaq. Buna görə də bu sahədə peşəkarlar
işləməlidir. Son illər naşirlərin uşaq ədəbiyyatına
marağı artıb. Bu məsələdə «Beşik» nəşriyyatının
da rolu az olmayıb. Çünki, biz il yarım ərzində
150-dən artıq uşaq kitabı nəşr etdirib, balaca
oxuculara çatdırmışıq. Bizim «Mən və mənim
dünyam» adlı layihəmiz 600-dən çox kitabın nəşrini
nəzərdə tuturdu. Lakin müəyyən problemlərə
görə, layihəni dayandırası olduq və layihə
çərçivəsində 150 kitab çap etdirə
bildik. Lakin işlər davam edir və 100-ə yaxın
çapını gözləyən kitab var”.
Uşaq yazıçısı,
«Kiçik dünya» uşaqların maarifləndirməsinə
kömək İctimai Birliyinin sədri və «Sehrli dünya»
uşaq jurnalının baş redaktoru Gulzar İbrahimova:
«Uşaqlar hər dövrdə bir yenilik axtarırlar. İndi
onlara daha dərin, düşündürücü, öyrədici
kitabı təqdim etmək lazımdır. Çünki
uşaqlar dövrün tələbatı ilə əlaqədar
olaraq televiziya, internet vasitəsilə çox şey öyrənirlər.
Ona görə də, bizim əsas istəyimiz oxucuların tələbatını
ödəmək və onların arzuladığı kimi
yazmaqdır. Buna çalışsaq, böyük işlər
görmüş olarıq. Biz daha çox
çalışıb, uşaqlara öz
nağıllarımızı təqdim etməliyik. Xarici
nağılların tərcüməsindənsə, öz
nağıllarımızı təqdim etsək, onlar daha
çox öyrənə bilərlər».
Lalə
Azəri,
Gülər Abdullayeva
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 11.