Ən
bəşəri və ortaq xəzinə
Hamıya yaxın kitaba tele-baxış
Az.TV-nin
“Mədəniyyət” kanalının direktor müavini,
professor İlham Rəhimli ilə müsahibəmizin əsas
mövzusu bu oldu.
- İlham müəllim, “köhnə”
kitablar tərbiyəsindən çıxmış köhnə
oxucu səmimiyyətilə deyim ki, mən son bir ayda kitab
oxumağa macal tapmamışam, bəs Siz?
- Mən hər gün kitab oxuyuram. Kitab oxumadığım gün yadıma gəlmir. Bədii, sənətə aid kitab, fəlsəfə tarixi ilə daha çox maraqlanıram.
- Məncə,
son illər kitaba maraq dövlət, hökumət tərəfindən
daha çoxdur, nəinki xalq tərəfindən. Bəs
Sizcə?
- Ümumilikdə
xalqı yox, cavanları bir az günahlandırmaq
olar. Bu isə
elektron aləmlə bağlıdır. İnternet kitaba
marağın qarşısını
alır. Və elə
buradaca qeyd edim ki, internetlə
kitab oxumaq mənə çatmır.
Çünki insan ən ülvi duyğularıyla ikilikdə olanda daha səmimi olur, daha dərindən
düşünə bilir.
Şəxsən mən kitabdan
daha çox ləzzət alır, daha çox duyğulanıram.
- Bəlkə internetdə həm də texnikanın müdaxiləsi olduğuna
görə belədir?
Yəni, kitabla adam başabaş
- sevgili bir “duel”də qalır...
- Bundan əlavə, kompyuterin geniş imkanları bəzən elə geniş də fəsadlar törədir. Hazırda mən bir ensiklopediya
üzərində işləyirəm.
Yazıçıların, sənət adamlarının,
rəssamların yaradıcılıqları
ilə maraqlanıram.
Görürəm ki, internetdə
olan məlumatların
ən azı 10-15 faizi - xüsusən də tarixçələr
- səhvdir. Amma
kitabda belə səhv ola
bilməz. Çünki hər kitabı
nəşriyyatda xüsusi
redaktor, xüsusi korrektor, məsul cavabdeh insanlar oxuyur və əgər bir səhv gedərsə, bu haqda son səhifədə
məlumat verilir.
Mən əsərləri kitab kimi oxumağın tərəfdarıyam. İnternetdə əlacsızlıqdan oxumaq
olar. Əgər sən kitabı
kitabxanadan götürüb
oxuya bilərsənsə,
niyə də oxumayasan?
- Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə ikinci dəfə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir.
Bir irfan adamı kimi bu tədbirdən
nə gözləyirsiniz?
- Son bir neçə ildə kitabla bağlı da çox böyük
tədbirlər keçirilir.
Buraya Azərbaycanın iştirak
etdiyi beynəlxalq tədbirləri də əlavə etməliyik.
Biz “Kitab köşkü”
adlı proqramımızda
nazirliyin və Axundov adına
Respublika Kitabxanasının
keçirdiyi tədbirləri
vaxtaşırı olaraq
işıqlandırırıq. Bunlar hamısı onu göstərir ki, Mədəniyyət və
Turizm Nazirliyi kitabın təbliği istiqamətində böyük
işlər görür.
II Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkası
da bunun çox ciddi bir formatda davamıdır.
Zahirən kitabın təbliği kimi təzahür edən bu tədbirin bir neçə tərəfi var: birincisi, dünyanın çox yerindən bura gələn insanlarda bu və
ya digər obyektiv-subyektiv informativ səbəblərdən yaranmış
və “məxsusi” yaradılmış “Azərbaycan
təəssüratı”ını fikrən əyani korrektə etmək, irrasional düşüncələri
rassionallaşdırmaq, naxoş
meylləri xoş istiqamətə yönəltmək
və sair. Yəni ölkənin mədəni, ictimai, sosial həyatıyla tanış olan hər bir
əcnəbi - bəlkə
də Azərbaycana
ilk dəfə gələn,
xəritədə Azərbaycanı
tapa bilməyən adam öz ölkəsinin
televiziya və qəzetləri vasitəsilə
ölkəmiz haqda, xalqımızın tərəqqiyə,
elmə, mədəniyyətə
meyli barədə öz sözlərini deyəcək. Ən əsası da
odur ki, kitabı sevənlər bir yerə toplaşacaqlar,
hər kəs “öz guşəsində”
öz maraqları ilə rastlaşacaq.
Bunlar çox ciddi milli-mədəni olaylardır.
Bəzən çap olunan
kitablar haqqında məlumatımız olmur.
“Mədəniyyət” kanalı nəşriyyatlarla
əlaqə saxlayır,
yeni nəşr olunan kitabların siyahısını götürür,
vaxtı gəldikcə
onları əldə edib, təbliğinə başlayırıq. Bütün
bunlardan bir az xəbərsiz
olan geniş oxucu kütləsi bu sərgi-yarmarka sayəsində müfəssəl
məlumatlandırılacaqlar.
- Sözü sizin, ümumilikdə Azərbaycan telekanallarının
kitaba münasibəti
mövzusunda davam etdirmək istərdim.
- O biri telekanalları deyə bilmərəm, amma mən televiziyaya gələn gündən daha çox bu qayğı üstə köklənmişəm.
“Zəka nuru”
verilişi açmışıq.
Onun bir bloku “Kitab
köşkü” adlanır.
Bir ayda iki dəfə
mütləq respublikada
nəşr edilən
- sahəsindən asılı
olmayaraq - yeni kitabları təbliğ edir, ictimai intellektə
daha böyük uğur gətirən kitablar haqda daha ətraflı məlumat verir, bəzən, onlara ayrıca bir veriliş həsr edirik.
Televiziyada kitab təbliğinə
dair müxtəlif xarakterli verilişlər olmalıdır. Bizim “Mədəniyyət”
kanalında “Poeziya” verilişi də var - indiyədək 100-dən
çox buraxılışı
gedib. Elə orada da kitablar təbliğ olunur. “Klassik
irsimizdən” proqramı
da həmçinin.
“Kitab köşkü”
verilişində həm
bədii, həm də sahə ədəbiyyatları haqda
vaxtaşırı məlumatlar
veririk. Ədəbiyyatımızı, milli-mənəvi sərvətimizi, bütövlükdə
isə bəşəriyyətin
bu ən ortaq xəzinəsini müxtəlif səpkilərdə
təbliğ etməyə
çalışırıq.
- Söhbətinizdəki
notlardan belə başa düşdüm ki, müasir dövrümüzdə kitaba,
mütaliəyə maraq
bu gəzəri, “əql bəzəri” abidəyə layiq deyil. Sizcə, elə onlardan
birinin adıyla desək, bu məsələdə “kimdir
müqəssir” - istehlakçılar,
yoxsa istehsalçılar?
- Həyatın
ritmi indi çox dəyişib. Əvvəllər cəmiyyətin ritmində
tələbə ordusunun
və orta təbəqənin səsi
daha güclü idi. Həmin təbəqələr güclü olduğu üçün “hava” da onların sifarişi ilə çalınırdı. İndi
çox çevik ziyalılıqla çox durğun qeyri-ziyalılıq
arasında aktiv yarış yox, təəssüf ki, passiv bir barış
gedir...
Söhbətləşdi: Tahir
Abbaslı
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 10.