Turizm nəşrlərinə tələbat
artır
Sürətlə inkişaf edən turizm sənayesində
yüksək ixtisaslı kadrlara, geniş hazırlıqlı
personala tələbat da getdikcə artır. Hazırda turizm təkcə
praktik fəaliyyət - səyahət və istirahətin təşkili
sahəsi deyil, həm də nəzəri biliklərin
yayıldığı, tədqiq olunduğu bir sahədir. Bu
baxımdan Azərbaycanda turizm profilli ədəbiyyatın
yaradılması, müvafiq nəşrlərin
hazırlanması aktual məsələlərdən biridir.
Turizm İnstitutu Rusiyadan 800-dən çox turizm nəşri
alıb
Bu istiqamətdə Mədəniyyət
və Turizm Nazirliyi, turizm fəaliyyəti ilə məşğul
olan qurumlar tərəfindən son bir il ərzində xeyli
iş görülüb. Turizm İnstitutunda da keyfiyyətli tədrisi
təşkil etmək üçün tələbələrin
müvafiq dərsliklər, elmi ədəbiyyatla təminatına
xüsusi diqqət verilir. İnstitutun prorektoru Eldar Aslanovun
sözlərinə görə, bu işlər iki istiqamətdə
görülür: “Birincisi, qonşu ölkələrdə,
xüsusilə Rusiyada, Türkiyədə turizm sahəsində
çap olunmuş ədəbiyyatı ölkəmizə gətirməyə
çalışırıq. 2011-ci ilin əvvəlində Mədəniyyət
və Turizm Nazirliyinin köməyi ilə Rusiyadan 800-dən
çox turizm nəşri alıb gətirdik. İlin sonuna qədər
Türkiyədən 500 adda ədəbiyyat almağı
planlaşdırırıq. İşimizin ikinci istiqaməti
özümüzün turizmlə bağlı
kitablarımızın sayını artırmaqdır. Bu
istiqamətdə müəyyən işlər
görülüb. Ölkəmizdə ilk dəfə olaraq
«Turizm tarixi» adlı dərslik bizim ixtisas kafedramız tərəfindən
hazırlanaraq nəşr edilib. Bu yaxınlarda Azərbaycan-Türkiyə
İş Adamları Assosiasiyası ilə birlikdə Azərbaycanda
turizmin vəziyyəti ilə bağlı hesabatı çap
etdik. BMT-nin İnkişaf Proqramı ilə birlikdə turizm
sahəsində çalışanlar üçün
çox nəfis tərtibatlı bir kitab nəşr
etmişik. ATİ-nin Elmi Şurası tərəfindən təsdiq
edilən «Turizm sahəsində informasiya
texnologiyalarının tətbiqi» ilə bağlı
kitabın çap olunması nəzərdə tutulub.
Kafedralarımız tərəfindən müxtəlif
mövzularda dərsliklər hazırlanıb, hazırda 10-a
yaxın kitab üzərində iş gedir. Bu kitablar turizm
iqtisadiyyatı, Azərbaycanın turizm coğrafiyası, hotel
idarəçiliyi və s. mövzuları əhatə edir. Yəqin
ki, ilin sonuna qədər bu sahədə ədəbiyyatlarımızın
sayını artıracağıq”.
Bundan əlavə, il ərzində
ATİ tərəfindən çoxlu sayda reklam-çap məhsulları
da nəşr edilib: “Sonuncu belə nəşrimiz Turizm
İnstitutunun birinci kurs tələbələri üçün
yaddaş kitabçasıdır. Bundan əlavə, ATİ-nin
2016-cı ilə qədər olan dövrü əhatə edən
strateji planını Azərbaycan və ingilis dillərində
çap etmişik. Həmçinin ATİ-nin
tanıtımı, Tədris Mərkəzinin keçirdiyi
treninqlərlə bağlı bukletlərimiz var».
Prorektor Bakıda keçirilən
beynəlxalq kitab sərgi-yarmarkasında turizm haqqında nəşrlərin
də nümayiş etdiriləcəyini dedi: «Turizm geniş bir
sahədir. Azərbaycanın memarlığı, mədəniyyəti,
tarixi, mətbəxi və s. mövzularda kitablar da turizmə
aid vəsaitlər hesab olunur. Ona görə də bu sərgi-yarmarka
bizim üçün də faydalı olacaq”.
Ölkəmizin turizm potensialını təbliğ edən
nəşrlər
Mədəniyyət və Turizm Nazirliyi müvafiq müraciətlər olduğu
halda turizmlə bağlı nəşrlərin
hazırlanmasına dəstək verir. Nazirlik tərəfindən isə daha çox Azərbaycanın
turizm potensialının təbliğinə
yönəlmiş reklam-çap məhsulları
hazırlanır. Nazirliyin Turizm
şöbəsinin Turizmin Marketinqi
və təbliğatı sektorundan
aldığımız məlumata görə, 2011-ci ildə
21 adda reklam-çap məhsulu
nəşr edilib. Bunlar Azərbaycan ərazisində
fəaliyyət göstərən muzey və
teatrlar, tarixi-mədəni abidələrimiz,
Bakının kafe və restoranları,
hotellər, Azərbaycan xalçaçılıq sənəti,
Qobustan qayaüstü
abidələri, Qarabağ, Şuşa, ovçuluq turizmi, MİCE - konfrans turizmi, Böyük İpək
yolu beynəlxalq turizm
marşrutu, «Azərbaycanda 5 gün» turu haqqında məlumatları
əks etdirən nəşrlərdir. Bundan
əlavə, nazirliyin CD formatında da reklam məhsulları var. «Azərbaycana böyük
səyahət» və «Destination Azerbaijan» CD-ləri turistlər tərəfindən
böyük maraqla
qarşılanır. Mədəniyyət və Turizm Nazirliyi son bir ildə iki fotoalbom da
nəşr edib. «Bakı fotoalbomu»
və «Azərbaycan fotoalbomu» adlı reklam-çap məhsullarında ölkəmizin
təbii gözəlliklərini, tarixi mədəni
abidələrimizi, səfalı guşələrimizi əks
etdirən fotoşəkillər yer
alıb. Həmçinin «Guidebook», «National crafts»,
«Travel information», «Turistlər üçün məlumat»
kitablarını da bu sırada qeyd etmək lazımdır. Bir neçə xarici
dildə hazırlanan nəşrlər müxtəlif
tədbirlərdə, beynəlxalq
turizm sərgilərində
ziyarətçilərə təqdim olunur.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 9.