Qala qoruğu: turistlərin sevimli məkanı
Burada qonaqların yerləşdirilməsi və
istirahəti üçün
hər cür şərait yaradılıb
Sentyabrın
24-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm şirkətləri və
kütləvi informasiya
vasitələri nümayəndələrindən
ibarət 50 nəfərlik
heyətin iştirakı
ilə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə infotur təşkil olundu.
İnfoturun məqsədi barədə
məlumat verən Mədəniyyət və
Turizm Nazirliyi Turizm şöbəsi müdirinin müavini, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, «Turizm ili»
çərçivəsində nazirlik tərəfindən
müxtəlif tədbirlər
keçirilir. 27 sentyabr
- Dünya Turizm Gününə həsr olunmuş tədbirlər də bu qəbildəndir:
“Mədəniyyət abidələrinin
bərpası və bərpa olunmuş abidələrdən turizm
nümayiş obyekti kimi təbliği nazirliyin bu sahədə
prioritetlərindəndir.
Azərbaycan tarixinin, mədəni
irsinin, xalqımızın
adət-ənənələrinin yaşadılmasında mühüm
rolu olan Qala qoruğunun ərazisində son vaxtlarda
aparılan tikinti-quruculuq
işləri bu turizm nümayiş obyektinin əhəmiyyətini
daha da artırıb.
Qala Etnoqrafik Muzey Kompleksində görülən
işlər ölkə
rəhbərliyinin diqqət
mərkəzindədir. Burada turistlərin qəbul edilməsi üçün
lazımi şərait
yaradılıb, dünya
standartlarına cavab verən infrastruktur yaradılıb, ərazinin
turizm inkişaf planları hazırlanıb.
Ona görə də bu tarixi məkana
infotur təşkil etməyi qərara aldıq. Məqsədimiz belə obyektlərin
turizm şirkətləri
tərəfindən tanınması,
onların ölkəyə
gələn xarici qonaqlar üçün tərtib edilən proqramlara salınmasıdır».
Qoruğa gəzinti dörd marşrut üzrə həyata keçirilir
İnfotur iştirakçılarının
qoruqla tanışlığı
buradakı informasiya mərkəzindən başladı.
Bu il istifadəyə
verilən mərkəz
müasir tələblərə
cavab verən lazımi texniki avadanlıqla təchiz edilib. İdarənin əməkdaşları turistlərə kompleks haqqında, qoruğun ərazisinə baş tutacaq turla bağlı
ilkin məlumat verdilər. Sonra infotur iştirakçıları
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin müdiri Fikrət Abdullayevin bələdçiliyi
ilə qoruqla tanışlığa başladılar.
Ərazisi 190 hektardan çox
olan qoruğa turistlərin gəzintisi əsasən 4 marşrut üzrə keçirilir.
Birinci marşrut memarlıq və arxeoloji abidələr üzrə
tarixi marşrutdur.
İkinci marşrut Açıq
Səma Altında Arxeoloji Etnoqrafik Muzey Kompleksi ilə tanışlığı
əhatə edir.
Üçüncü marşrut yenicə
bərpa olunmuş
X-XII əsrlərə aid qala
kompleksinədir. Bu marşruta qəsrin özü, yeraltı hissəsi, qalaaltı yaşayış yerləri
daxildir. Bu marşrut 2011-ci ildən fəaliyyət göstərir.
Dördüncü marşrut isə
kompleksdə yeni yaradılmış Şahid
Həbibullayevin Əntiq
Əşyalar Muzeyinədir.
Qala kəndi haqqında iştirakçılara məlumat
verən F.Abdullayev bildirdi ki, Abşeronun
ən qədim yaşayış məskənlərindən
olan kənddə və ətraf ərazidə 215 memarlıq
və arxeoloji abidə var: “Burada e.ə. III minilliyə aid tarixi mühit qorunub saxlanılır. Kəndin
ərazisində e.ə
III minillikdən XX əsrə
qədər tarixi əhəmiyyət daşıyan
memarlıq abidələri
- 5 məscid, 3 hamam, 4
ovdan, yaşayış
evləri, kənd təsərrüfatı təyinatlı
binalar, sərdabələr,
məqbərələr, kurqanlar,
qəsrin qalıqları
və s. mövcuddur”.
Bələdçimiz qoruğun yaranması
haqqında da danışdı. Onun sözlərinə
görə, ötən
əsrin 30-cu illərindən
başlayaraq kəndin
ərazisində neft quyuları qazılıb.
Əkin sahələri neft mədənlərinin altında
qaldığından qalalılar
kənddən köçməyə
başlayıblar. Kəndin evləri
sökülüb, tarixi
abidələri dağıdılıb.
1988-ci ildə respublika hökumətinin qərarı ilə Qalanın tarixi hissəsində Dövlət
Tarix-Etnoqrafiya Qoruğunun
yaradılması bu kəndin itməkdə olan etnoqrafiyasını özünə qaytarıb.
Qoruq Azərbaycanın tarixi, mədəniyyəti və
adət-ənənələrinin gələcək nəslə
ötürülməsində mühüm rol oynayır.
2008-ci ildə isə Heydər Əliyev Fondunun təşəbbüsü
və rəhbərliyi
ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Açıq
səma altında Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb. Kompleksin
ərazisində Abşeron
yarımadasında aşkar
edilmiş arxeoloji, memarlıq abidələri
toplanılıb və
bərpa olunub: «Bu ərazidə e.ə.
III-II minilliklərə aid kurqanlar,
yaşayış və
digər memarlıq abidələri ilk görünüşündə
olduğu kimi qurulub. 1,2 hektar
ərazisi olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün gözəl şərait yaradılıb. Abşeronun
qərbində, Qobustan
qayalıqlarında eradan
əvvəlki dövrə
təsadüf edən
qayaüstü təsvirlər,
yeni daş-tunc dövrünə aid mağaralar,
Abşeronun şərqində
Qala kəndi yaxınlığındakı Ağdaş
düzü, Xaşaxuna
və Dübəndi ərazisindəki arxeoloji qazıntılar kəndin nə qədər qədim tarixə malik olduğundan xəbər verir».
Xarici turistlər buraya həvəslə gəlirlər
Qala qoruğunun ərazisində
Etno-Ekoloji Mərkəz
də fəaliyyət
göstərir. Mərkəzin rəhbəri Firuzə Sultanzadə infotur iştirakçılarına bildirdi
ki, burada turistlərin qarşılanması
və 2 gün ərzində qalması üçün hər cür şərait yaradılıb. Mərkəz
bu il
Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilib.
Qala qoruğu turistlərin,
əsasən də əcnəbilərin sevimli
məkanına çevrilib.
Bu ilin 6 ayı
ərzində Qala qoruğuna 7300-dən çox
turist səfər edib. Bunların da 25-30 faizi
xarici ölkələrin
vətəndaşlarıdır. Əcnəbilər əsasən turizm
şirkətlərinin vasitəsilə
gəlirlər. Kompleksin müdiri
F.Abdullayevin sözlərinə
görə, Bakıda
fəaliyyət göstərən
xarici diplomatlar, o cümlədən Almaniya,
Amerika, İngiltərə,
Rusiya, Çin səfirlikləri öz qonaqlarını həmişə
Qala qoruğuna gətirirlər. Qeyd edək
ki, turistlər qoruq ərazisində onların ixtiyarına verilmiş velosipedlər və veloavtomobillər vasitəsilə hərəkət
edirlər.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 9.