Qərb
texnologiyası ilə Şərq qabiliyyətini birləşdirməyə
çalışırıq
Müsahibimiz “Şərq-Qərb” nəşriyyat evinin nəşriyyat
və beynəlxalq əlaqələr üzrə baş
direktorunun müavini Rasim Müzəffərlidir
"Şərq-Qərb"
Nəşriyyat evi 1986-cı ildən fəaliyyət göstərir
və hər il ümumi tirajı 1 milyondan çox yüksək
səviyyəli çap məhsulları istehsal edir. Prezidentin
"Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi
haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamın
icrası ilə əlaqədar olaraq, "Şərq-Qərb"
tərəfindən yüzlərlə kitab nəşrə
hazırlanıb və milyonlarla tirajla çap olunub.
Ölkə
başçısının "Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin əsərlərinin
Azərbaycan dilində nəşr edilməsi haqqında"
24 avqust 2007-ci il tarixli sərəncamının icrası ilə
bağlı 150 cildlik "Dünya ədəbiyyatı
kitabxanası" da nəfis tərtibatla burada nəşr
edilir.
"Şərq-Qərb" Nəşriyyat
evində 200-dən çox nəşriyyat və poliqrafiya sahəsində
təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislər
çalışır. Nəşriyyat evi 2007-ci ildə Moskva
şəhərində keçirilən MDB ölkələri
"Kitab mədəniyyəti" Beynəlxalq müsabiqəsinin
I dərəcəli diplomuna layiq görülüb. 2009-cu ildə
I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal
iştirakına görə diplomla təltif olunub. 2010-cu ilin
oktyabrında "Şərq-Qərb" Nəşriyyat evi
Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan şirkətləri
arasında ilk dəfə ayrıca stendlə iştirak edib.
- Rasim müəllim, artıq ikinci dəfədir ki, Bakıda Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Bu sərgiyə necə hazırlaşmısınız?
- Kitab yarmarkalarının, kitab
sərgilərinin nəşriyyatlar, kitabsevərlər,
ümumilikdə cəmiyyətimiz üçün
böyük əhəmiyyəti var. Son zamanlar elektron
informasiya daşıyıcıları,
internet kitaba, jurnala marağı bir qədər azaldıb. Amma kitabdan
alınan zövq hələ uzun müddət yəqin ki, qalacaq. Necə ki, istər
kompyuterdə, istər
DVD-də filmlərə
baxırıq, amma kinoteatra gedib filmə baxmağın və yaxud teatra
gedib tamaşaya baxmağın tamam başqa ab-havası, başqa ləzzəti var.
Bu nöqteyi-nəzərdən cəmiyyətimizdə, xüsusi
ilə də gənclər arasında kitaba, mütaliəyə olan marağın artırılmasında belə
sərgilərin əhəmiyyəti,
şübhəsiz ki,
böyükdür. “Şərq-Qərb” nəşriyyat
evi mütəmadi olaraq bu yarmarkalarda,
sərgilərdə iştirak
edir, öz məhsullarını geniş
oxucu kütləsinə
çatdırmağa çalışır.
Builki sərgi-yarmarkada 2011-ci ildə
çap etdiyimiz 200 adda çap məhsulları ilə iştirak edəcəyik.
Nəsiminin şeirləri
ilk dəfə alman dilində təqdim olunacaq
Nəşriyyatımız xarici ölkələrdə
keçirilən sərgilərdə
də fəal iştirak edir. Hər il
Frankfurtda dünyanın
ən iri kitab yarmarkası keçirilir. 2010-cu ildə biz həmin yarmarkada Azərbaycan şirkətləri arasında
ilk dəfə ayrıca
stendlə iştirak etdik. Hazırda oktyabrın 12-16-da növbəti Frankfurt sərgisinə
də hazırlaşırıq.
Bu dəfə xüsusi bir töhfəmiz də olacaq, Frankfurt Beynəlxalq
Kitab Yarmarkasında klassik Azərbaycan şairi Nəsiminin alman dilində şeirlər kitabının
təqdimatını keçirəcəyik.
Bu çox böyük
bir layihədir. Artıq bir ildir ki,
bu layihə üzərində işləyirdik.
Nəsiminin 120 şeiri
əvvəlcədən seçilmişdi,
sonra Almaniyanın Mayns universitetinin türkoloqları, Almaniyada
nəsimişünas kimi
tanınmış alimlər
tərəfindən bu
şeirlər hərfi
tərcümə olundu,
sonra Almaniyanın tanınmış şairləri
bu şeirləri Nəsimi tərzinə uyğun şəkildə
hazırladılar. Daha sonra
bunun üzərində
yenidən türkoloqlar,
dilşünaslar işləyib
Nəsimi ruhuna daha da yaxınlaşdırdılar.
Kitab yaxın günlərdə
çap olunub sərgiyə göndəriləcək.
Nəşriyyat işində
Almaniya təcrübəsini
örnək aldıq
- 2010-cu ildə “Şərq-Qərb” nəşriyyat evi Almaniyanın Frankfurt şəhərində nümayəndəlik də açıb. Niyə məhz Almaniyanı seçdiniz?
- Almaniya çap texnologiyalarına, keyfiyyətli çap məhsullarına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Nümayəndəlik açılmamışdan əvvəl də biz Almaniyanın ən qabaqcıl nəşriyyatlarının çap məhsullarını alırdıq və yenə alırıq. ”Şərq-Qərb”in nəşriyyat departamenti ilk növbədə orta məktəb dərslikləri ilə əlaqədar fəaliyyət göstərməyə başladı. Təhsil Nazirliyinin keçirdiyi tenderlərdə iştirak etdik və uğur qazandıq. Bu istiqamətdə Almaniyanın təcrübəsini öyrənmək bizim üçün çox önəmli oldu. Çünki Almaniyanın təhsil sistemi, dərslikləri Avropada ən qabaqcıl təcrübələrdən sayılır. Biz bu nəşriyyatların təcrübəsini öyrənməyə başladıq. Alman dərsliklərinin tərtibatı, materialı təqdim etmək üsulları, formaları ilə tanış olduq, tək dərslik sahəsində yox, ümumiyyətlə, nəşriyyat sahəsində alman təcrübəsini örnək kimi qəbul etdik. Həmin nümayəndəliyin açılmasının da əsas səbəblərindən biri məhz alman təcrübəsini həm çap, həm nəşriyyat, həm kitab biznesi sahəsində öyrənmək idi. Bu addım artıq öz bəhrələrini verməkdədir.
- “Şərq-Qərb” nəşriyyat evini başqa nəşriyyatlardan fərqləndirən başlıca cəhətlər hansılardır?
- Bu fərqli cəhətlərdən biri bizim iş təcrübəmizlə bağlıdır. “Şərq-Qərb” vaxtı ilə 4 nömrəli Bakı mətbəəsi bazasında yaranmış bir müəssisədir. Ona görə də bizdə mətbəəçilik ənənəsi çox yüksəkdir və bizim mütəxəssislərimiz var ki, artıq 25 ildən çoxdur burada işləyirlər. “Şərq-Qərb”in daha bir üstünlüyü ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən nəşriyyatların çoxunun mətbəəsi, mətbəələrin də bir çoxunun nəşriyyatı yoxdur. Sözün əsl mənasında nəşriyyat evi deyiləndə daxilində həm mətbəə, həm operativ çap, həm nəşriyyat və digər yardımçı xidmətlərin bir məkanda, müəssisədə mövcud olması nəzərdə tutulur. “Şərq-Qərb”də bu saydıqlarımın hamısı birləşib. Əgər vaxtı ilə bir sıra çap məhsulları Birləşmiş Ərəb Əmirliklərində, Rusiyada, Almaniyada, Türkiyədə, hətta Çində çap olunurdusa, bu gün həmin məhsulları burada və rəqabətə davamlı qiymətlərlə hazırlamaqda və çap eləməkdə heç bir çətinlik yoxdur. “Şərq-Qərb”in adında da bir üstünlük var. Biz Qərb texnologiyaları ilə Şərq qabiliyyətini birləşdirməyə çalışırıq.
- Nəşriyyatınız 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”nı nəşr edir. Bu sahədə işlər nə yerdədir?
- 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”ndan 75 kitab artıq hazırdır, onlardan 60-a yaxını artıq çap olunub. Slavyan Universiteti ilə “Şərq-Qərb” nəşriyyat evinin nəşriyyat departamenti bu cildlər üzərində işləyir. Güman edirəm ki, istər tərtibat, istər məzmun nöqteyi-nəzərindən çox müasir kitablar çap edirik.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 7.