Mədəni irsimiz kitab işığında

 

   Milli mədəniyyətimizin, tariximizin, azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində mühüm layihələr həyata keçirən Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri də kitab nəşridir.

  

   Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn kitablar Azərbaycan həqiqətlərini, zəngin mədəni irsimizi, vətənimizin təbii gözəlliklərini, müasir inkişaf səviyyəsini dünyaya tanıdan dəyərli nəşrlərdir. Fondun fəaliyyət göstərdiyi 6 il ərzində işıq üzü görən onlarla kitablar həm mövzu, həm də tərtibat baxımından rəngarəngdir.

   İkicidlik «Muğam ensiklopediyası» Azərbaycan muğam sənəti barədə 1300-dən çox məqalənin toplandığı zəngin topludur. Layihə çərçivəsində hazırlanan «Azərbaycan xanəndələri» səs yazısı kolleksiyasında görkəmli muğam ustalarının təkrarsız ifaları yer alıb. Azərbaycanın məruz qaldığı hərbi təcavüz, Qarabağ münaqişəsinin tarixi, işğal altındakı torpaqlarımızda düşmən tərəfindən törədilən vəhşiliklər, maddi-mədəni irsimizin amansızlıqla məhv edilməsi barədə nəşrlərin hazırlanması da Fondun diqqət mərkəzindədir. Xarici dillərdə nəşr edilən «Qarabağ həqiqətləri» toplusu, «Müharibə və tarixi mədəniyyət abidələrimiz», «Şuşa: qrafika», «Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması» və s. kitablar beynəlxalq sərgi və tədbirlərdə Azərbaycan gerçəkliyinin təbliğinə xidmət edir.

   Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış mühüm nəşrlərdən biri də 2010-cu ildə işıq üzü görən “Azərbaycan” kitabıdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab Fondun prezidenti Mehriban xanım Əliyevanın “Ön söz”ü ilə başlayır. Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanmış nəşrdə toplanmış 1000-dən çox fotoşəkil xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, ölkəmizin müasir simasını təcəssüm etdirir. 11 bölmədən ibarət kitab oxucuya Azərbaycanı qarış-qarış gəzmək imkanı yaradır. Qeyd edək ki, ötən müddətdə kitabın bir neçə xarici dildə nəşrləri də hazırlanıb.

   Fondun nəşriyyat sahəsində layihələri sırasında “Üzeyir dünyası”, "Qarabağ xanəndələri" musiqi albomu, görkəmli yazıçı Mir Cəlal Paşayevin roman və hekayələri, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, “Arif Babayev 70” musiqi albomu, istedadlı cazmen, pianoçu və bəstəkar Rafiq Babayevin yaradıcılığına həsr olunmuş musiqi albomu, "Habil Əliyev 80" musiqi albomu, Əlibaba Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş musiqi albomu, “Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan” kitabı və s. nəşrləri də qeyd etmək lazımdır.

   Fond Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək xarici nəşrlərin dilimizə tərcümə edilərək çap olunması kimi əhəmiyyətli layihə də həyata keçirir.

 

 

   Mədəniyyət.- 2011.- 28 sentyabr.- S. 6.