Uşaq musiqi, incəsənət
və rəssamlıq məktəblərində ötən tədris
ilinin yekunları
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə
müşavirə keçirildi
Sentyabrın 26-da Bakı şəhər Qara Qarayev
adına 8 saylı Onbirillik Musiqi Məktəbində respublikanın
uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri
üzrə 2010/2011-ci tədris ilinin yekunlarına həsr
olunmuş müşavirə keçirildi. Müşavirədə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları,
uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin
direktorları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə
açan mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev ölkə rəhbərliyi tərəfindən mədəniyyət
və incəsənətin inkişafına daim diqqət və
qayğı göstərildiyini vurğuladı. Bu diqqət və
qayğı uşaq musiqi və incəsənət məktəblərinə
münasibətdə də özünü göstərir.
“2009-2013-cü illər üçün Azərbaycan
Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq
məktəblərinin fəaliyyətinin
yaxşılaşdırılması üzrə
İnkişaf Proqramı”, “2009-2013-cü illər Bakı
şəhəri və qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı”, “2009-2013-cü
illər üçün Azərbaycan Respublikasının
regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı” çərçivəsində uşaq musiqi, incəsənət
və rəssamlıq məktəblərinin maddi-texniki
bazasının möhkəmləndirilməsi sahəsində
görülən işlər buna bariz sübutdur.
Qeyd olundu ki, hazırda respublikada Mədəniyyət
və Turizm Nazirliyi sistemi üzrə 238 uşaq musiqi, incəsənət
və rəssamlıq məktəbi fəaliyyət göstərir.
Məktəblərdən 39-u Bakıda, 27-si Naxçıvan
Muxtar Respublikasında, 172-si respublikanın şəhər və
rayonlarındadır: “Bu məktəblərdə 71 min
şagird təhsil alır, 16 min 500-dən çox müəllim
çalışır. Məktəb direktorları, müəllimlər
bu gənc insanların təhsili üçün məsuliyyət
daşıyırlar. Biz ənənəvi olaraq hər ilin
sentyabrında ötən tədris ilinin yekunlarını
müzakirə edirik. 2010/2011-ci tədris ili bir sıra
uğurlarla yadda qaldı. Musiqi məktəblərinin
şagirdləri dünyanın müxtəlif ölkələrində
keçirilən festivallarda, tədbirlərdə nailiyyətlər
qazandılar. Biz bu istiqamətdə işlərimizi daha da təkmilləşdirməli,
daima yaxşılaşdırmalıyıq. Məktəblərdə
tədris prosesi və yaradıcı işin keyfiyyətini daha
da artırmağa çalışırıq.
Gördüyümüz işlərin başlıca məqsədi
Azərbaycan incəsənətinin davamlı
inkişafını təmin etməkdir”.
Nazir Əbülfəs Qarayev
uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin
inkişafı üçün prioritet vəzifələr - məktəblərin
modernləşdirilməsi, onların maddi-texniki
bazasının gücləndirilməsi, kadr potensialının
möhkəmləndirilməsi, şagird
hazırlığının keyfiyyətinə nəzarət
mexanizmlərinin təkmilləşdirilməsi barədə
konkret tapşırıqlar verdi: “Məktəblərdə təhsilin
məzmunca yenilənməsi təmin olunmalıdır. Əgər
biz bu gün musiqi, incəsənət və rəssamlıq məktəblərinə
yeni düşüncəni, dünyanın müasir
inkişafını əks etdirən, ədəbi, bədii və
yaradıcı proseslərə uyğunlaşdıra bilməsək,
bir neçə ildən sonra bunun mənfi nəticələrini
görə bilərik. Ona görə də yaradıcı təşəbbüslər
qiymətləndirilməlidir”.
Müşavirədə Mədəniyyət
və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin
müdiri Yaşar Əliyev “Respublikanın uşaq musiqi, incəsənət
və rəssamlıq məktəblərində təlim-tərbiyə
işinin vəziyyəti: 2010/2011-ci tədris ilinin yekunları
və qarşıda duran vəzifələr” mövzusunda məruzə
etdi. Qeyd olundu ki, məktəblərdə tədris prosesi diqqət
mərkəzində saxlanılır, hər il təhlillər
aparılaraq müvafiq tədbirlər görülür.
Ötən dövrdə Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəz tərəfindən kurslar
təşkil olunub, bölgələrdə xoreoqrafiya məktəbinin
müəllimləri üçün ustad dərsləri
keçirilib. Görülən işlərin nəticəsi
olaraq bir sıra məktəblərin şagirdləri beynəlxalq
tədbirlərdə uğurlar qazanıblar.
Sonra Qara Qarayev adına 8 saylı
Onbirillik Musiqi Məktəbinin direktoru Kamal Paşazadə,
Ş.Ələkbərova adına 20 saylı Uşaq Musiqi Məktəbinin
direktoru Sevda Məmmədova, Xan Şuşinski adına
Ağdam Rayon Uşaq Musiqi Məktəbinin direktoru Rafiq
Rüstəmov, Sumqayıt şəhər 1 saylı Uşaq
Musiqi Məktəbinin direktoru Elxan Məmmədov
çıxış etdilər. Qeyd olundu ki, son illər musiqi
məktəblərinin fəaliyyətinə diqqət
artıb, məktəblərin maddi-texniki təchizatı
yaxşılaşıb. Çıxış edənlər
ötən tədris ilinin yekunlarına dair rəhbərlik
etdikləri müəssisələrdə görülən
işlərlə bağlı məlumat verdilər, fikir və
təkliflərini səsləndirdilər.
Müşavirədə respublikada
bədii təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində
qarşıda duran vəzifələrdən
danışıldı. Qeyd olundu ki, uşaq və gənclərin
müasir standartlara cavab verən təhsilə yiyələnmələri,
istedadlı uşaqların yaradıcılıq
potensialının inkişaf etdirilməsi üçün
dövlət tərəfindən əlverişli şərait
yaradılıb, öz növbələrində tədris
müəssisələri də işlərini günün tələbləri
səviyyəsində qurmalıdırlar.
Müşavirəyə yekun vuran
nazir Əbülfəs Qarayev səslənən təklif və
təşəbbüslərə baxılacağını,
uşaq musiqi və incəsənət məktəblərinin
maddi-texniki bazasının möhkəmləndirilməsi siyasətinin
davam etdiriləcəyini bildirdi: “Bu gün Azərbaycan mədəniyyəti,
Azərbaycan incəsənəti inkişaf edir. Ölkə rəhbərliyi
tərəfindən bu sahəyə daim diqqət yetirilir.
Musiqi məktəblərinin uğurları bu gün ictimaiyyəti
qane edir. Amma biz əldə olunan nailiyyətlərlə kifayətlənməməli,
Azərbaycan incəsənətinin daha da inkişafına nail
olmalıyıq”.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 5.