Böyük kitab
bayramı
Əbülfəs
Qarayev,
Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri
Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümünə həsr edilən II Bakı
Beynəlxalq Kitab Sərgi-Yarmarkası milli mədəniyyətimizin
gərəkli və ayrılmaz tərkib hissəsi olan kitab sənətinin
inkişafında, Azərbaycan kitabının beynəlxalq aləmdə
təbliği və tanıdılmasında mühüm əhəmiyyət
kəsb etməklə yanaşı, ölkəmizdə nəşriyyat
və poliqrafiya sahəsinin bugünkü inkişaf səviyyəsinin
bariz göstəricisidir.
Məlum olduğu kimi, Azərbaycan
Respublikası müstəqillik əldə edərək bazar
iqtisadiyyatına keçdikdən sonra bu sahə bir çox
çətinliklərlə üzləşmişdir. Sovet
dövründən qalma nəşriyyat sistemi
dağılmış, planlı dövlət nəşriyyatları
tədricən sıradan çıxmışdı. Yeni
yaranan özəl müəssisələr isə maddi
sıxıntılar ucbatından istənilən səviyyədə
fəaliyyət göstərə bilmirdi. 1993-cü ildə
ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə
qayıtdıqdan sonra dövlətin qayğısı sayəsində
nəşriyyat və poliqrafiya sahəsi öz
mövcudluğunu qoruya bilmiş, naşirlərin,
poliqrafçıların birgə səyləri müasir
kompyuter texnologiyasının, dünyanın qabaqcıl nəşriyyat,
poliqrafiya təcrübəsinin mənimsənilməsi nəticəsində
dirçəlməyə başlamışdır.
2000-ci ildə Azərbaycanda bu sahənin
inkişafını tənzimləyən olduqca dəyərli
bir sənəd - “Nəşriyyat işi haqqında” qanun qəbul
edilmişdir. Öz hüquqi xarakterinə görə, qanun
müstəqil dövlətdə vətəndaş cəmiyyətinin
demokratik inkişafına əsaslanır. Burada nəşriyyat
işinin başlıca anlayışları, sahədə
dövlət siyasətinin əsas prinsipləri, dövlətin
vəzifələri, nəşriyyat işinin sərbəstliyi,
fəaliyyətin təşkilati-hüquqi formaları, nəşriyyat
və poliqrafiya müəssisəsinin hüquq və vəzifələri
öz əksini tapmışdır.
Müstəqil Azərbaycan dövlətinin
iqtisadi cəhətdən güclənməsi, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin yeritdiyi uğurlu daxili
və xarici siyasət, ölkəmizin beynəlxalq arenada
nüfuzunun günbəgün artması sosial-mədəni həyatın
bütün sahələrində olduğu kimi nəşriyyat-poliqrafiya
işi, kitab nəşri sahəsində də böyük
uğurlar əldə etməyə münbit şərait
yaratmışdır. Azərbaycanın ən müasir
avadanlıqlarla təchiz olunmuş nəşriyyat-poliqrafiya
müəssisələri indi dizayn, tərtibat, poliqrafik icra
baxımından ən yüksək standartlara uyğun kitablar
nəşr edə bilirlər.
Fərəhli haldır ki, bu
gün müstəqil Azərbaycan dövlətində nəşriyyat
işində sürətli inkişaf prosesi
başlanmışdır. Peşəkar nəşriyyat
redaksiyaları, poliqrafiya müəssisələri müasir tələbata
cavab verən nəşr layihələrini uğurla həyata
keçirirlər.
Mədəniyyət və Turizm
Nazirliyi də yarandığı gündən nəşriyyat
və poliqrafiya sahəsinin müasir tələblər səviyyəsində
inkişafı, əhalinin zəruri çap məhsullarına
olan ehtiyaclarının ödənilməsinin təmin edilməsi
üçün bir sıra mühüm tədbirlər həyata
keçirmişdir.
Bu istiqamətlərdən biri
nazirliyin vəsaiti hesabına zəruri nəşr layihələrinin
hazırlanmasıdır. İndiyədək nazirliyin vəsaiti
hesabına təxminən 200 addan çox kitab kütləvi
tirajla buraxılmış və ölkə kitabxanalarına
paylanmışdır.
Bu kitablar Azərbaycan ədəbiyyatı,
mədəniyyəti və incəsənətinin müxtəlif
sahələrini əhatə edir.
Nazirliyin həyata keçirdiyi digər
bir istiqamət ölkədə nəşriyyat işinin
inkişafını tənzimləyən müvafiq hüquqi
normativ sənədlərin və proqramların
hazırlanması, həyata keçirilməsi və tətbiqi
ilə bağlı olmuşdur.
İlk dəfə olaraq Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən ölkədə nəşriyyat
işi və kitab sənətinin inkişaf etdirilməsi
üzrə 2008 - 2012-ci illəri əhatə edən xüsusi
Fəaliyyət Proqramı yaradılmışdır.
Proqramda nəşriyyat işi və
kitab sənətinin təşviqi, Azərbaycan
kitabının beynəlxalq səviyyədə təbliği
məqsədilə ölkədə müxtəlif səviyyəli
(yerli və beynəlxalq) kitab-sərgi yarmarkaların təşkili
və xarici ölkələrdə keçirilən beynəlxalq
kitab sərgi-yarmarkalarında, kitab nəşri, kitab
yayımı ilə bağlı beynəlxalq konfranslarda,
seminar və digər tədbirlərdə Azərbaycan
kitabının və nəşriyyat-poliqrafiya müəssisələrinin
iştirakının təmin edilməsi xüsusi qeyd
olunmuşdur.
Azərbaycan kitabları 2004-cü
ildən başlayaraq hər il Rusiyanın paytaxtı - Moskva
şəhərində keçirilən MDB ölkələrinin
Beynəlxalq «Kitab Sənəti” Müsabiqəsində
ardıcıl olaraq iştirak etmiş, hər dəfə
müxtəlif nominasiyalar üzrə I, II və III dərəcəli
mükafatlardan birinə və yaxud eyni ildə bir neçəsinə
layiq görülmüş, 2010-cu ildə bir kitabımız
müsabiqənin Qran-Pri mükafatını
qazanmışdır.
2006-cı ildən isə Azərbaycan
kitabı İsgəndəriyyə (Misir), Frankfurt (Almaniya),
Varşava (Polşa), Pekin (Çin), İstanbul (Türkiyə),
Əbu-Dabi (BƏƏ), Saloniki (Yunanıstan), Moskva (Rusiya),
Minsk (Belarus), London (Böyük Britaniya), Tehran (İran), Paris
(Fransa) şəhərlərində keçirilən beynəlxalq
kitab sərgi-yarmarkalarında uğurla nümayiş
etdirilmiş, sərgilərimiz ziyarətçilərinin
böyük marağına səbəb olmuşdur. Ümumiyyətlə
son beş ildə Azərbaycan kitabı 20 beynəlxalq sərgidə
təmsil olunmuşdur.
Azərbaycanda beynəlxalq kitab sərgisinin
təşkili sahəsində ilk addım 2006-cı ildə
atılmışdır. O dövrdə Azərbaycanda qeyd
olunan “Rusiya ili“ çərçivəsində Bakıda I
Beynəlxalq Rus Kitabı Festivalı keçirilmişdir.
Festivala dünyanın bir çox ölkəsindən 150-yə
yaxın rus dilində yazıb-yaradan tanınmış
yazıçı, şair və naşir, 40-a yaxın mötəbər
qonaq qatılmış, Azərbaycanın yaradıcı
ziyalıları təmsil olunmuşlar.
Bu sahədə ən uğurlu nəticəmiz
10-12 sentyabr 2009-cu il tarixlərində Muzey Mərkəzində
Azərbaycanda ilk dəfə olaraq I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
təşkil edilməsi olmuşdur. Həm mətbuatda, həm
də kitabsevərlər arasında böyük marağa səbəb
olan bu sərgi-yarmarkada 20 xarici ölkədən təxminən
35-ə yaxın, Azərbaycandan isə 60-dan artıq nəşriyyat
və poliqrafiya müəssisəsi iştirak etmişdir.
Bütövlükdə 90-dan artıq qurumun təmsil
olunduğu bu tədbir çərçivəsində
keçirilən təqdimat mərasimləri və
görüşlər də iştirakçıların diqqətini
çəkmiş, mətbuatda geniş
işıqlandırılmışdır.
Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümünə həsr olunan II Bakı Beynəlxalq
Kitab-Sərgi Yarmarkasında siz son üç ildə ölkəmizdə
və dünyanın müxtəlif ölkələrində nəşr
edilən kitablar və digər nəşr məhsulları ilə
tanış olacaq, zövqünüzə və seçiminizə
uyğun kitabları əldə edə biləcəksiniz. Sərgi-yarmarkada
ölkəmizi 100-dən çox nəşriyyat və
poliqrafiya müəssisəsi təmsil edir. Eləcə də
ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya,
Slovakiya, Belarus, Latviya, Moldova, Türkmənistan, Özbəkistan,
Qırğızıstan kimi bir çox xarici ölkələrin
20-dən çox nəşriyyatı öz nəşr məhsullarını
sizlərə təqdim edəcəkdir.
Siz eyni zamanda Sərgi-Yarmarkada
respublikamızda və digər ölkələrdə kitab nəşri
sahəsində baş verən yeniliklərlə tanış
olmaq, dəyərli kitabları əldə etməklə
yanaşı sərgi çərçivəsində müxtəlif
təqdimatların, “Azərbaycanın dövlət müstəqilliyi
və kitab sənətinin inkişafı” mövzusunda
konfransın, müstəqilliyimizin iyirmi illiyinə həsr
olunmuş dəyirmi masanın, yaşlı və gənc nəsildən
olan müəlliflərlə görüşlərin və
imza mərasimlərinin, görkəmli Ukrayna şairi Taras
Şevçenkoya və türk dünyasının unudulmaz
söz ustası Abdulla Tukaya həsr olunmuş ədəbi-bədii
kompozisiyaların da iştirakçısı
olacaqsınız.
Mədəniyyət.-
2011.- 28 sentyabr.- S. 3.