Lənkəran - Azərbaycanın folklor paytaxtı

 

   Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsi və Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəz “Lənkəran - Azərbaycanın folklor paytaxtı” mövzusunda dəyirmi masa keçirib. Tədbir çərçivəsində el sənətkarlarının əl işlərindən ibarət tətbiqi sənət nümunələrinin sərgisi nümayiş olunub.

  

   Tədbiri giriş sözü ilə mədəniyyət və turizm şöbəsinin müdiri Vasif Fərzullayev açaraq Lənkəran şəhərinin 2011-ci ildə “Azərbaycanın folklor paytaxtı” elan olunması ilə bağlı görülmüş işlər, keçirilmiş tədbirlər haqqında geniş məlumat verdi. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin nümayəndəsi Polad Zeynalov tədbirdə çıxış etdi. Dəyirmi masada çıxış edən folklorşünas alim Mirhaşım Talışlı, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, folklorşünas alim Asif Rüstəmli, Lənkəran Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov və digərləri folklorun tarixi, müasir cəmiyyətdə rolu, dövlətimiz tərəfindən bu sahəyə olan diqqət və qayğıdan söz açdılar. Dəyirmi masada “Lənkəran - Azərbaycanın folklor paytaxtı” ilə bağlı keçirilmiş tədbirləri əks etdirən təqdimat da oldu.

   Tədbirin bədii hissəsində Separadi kənd Mədəniyyət evinin “Nənələr” folklor mahnı və rəqs kollektivi maraqlı repertuarla çıxış etdi. Sonda folklorumuzun təbliğ olunması və inkişafındakı xidmətlərinə görə Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsi, folklorşünas alim Mirhaşım Talışlı, qocaman mədəniyyət işçiləri - Türkəkəran kənd mədəniyyət evinin bədii rəhbəri Surxay Əliyev, Şağlaser kənd mədəniyyət evinin bədii rəhbəri Yəhya Hətəmov, Girdəni mədəniyyət evi, Boladi kənd klubu, C.Cabbarlı adına Uşaq musiqi məktəbi, Vilvan kənd klubu, Uşaq evi klubunun folklor mahnı və rəqs kollektivləri Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin fəxri fərmanları ilə təltif olundular.

 

 

  Mədəniyyət.- 2011.- 30 sentyabr.- S. 15.