Biz sizi çox
sevirik
1 oktyabr Beynəlxalq Ahıllar
günüdür. Bu münasibətlə mədəniyyətimizə
öz töhfələrini verən iki qocaman sənətkarla
görüşüb keçdikləri həyat yoluna birgə
nəzər saldıq. Onları oxucularımıza təqdim
edirik.
Həbibə
Bəhri, rəssam
- Ömrün 75-ci baharını
yola salmışam. Bu yaşa çatmaq mənə nəsib
olduğu üçün Tanrıya minnətdaram.
Dönüb arxaya baxarkən əziyyətli, amma şərəfli
həyat yolu keçdiyimi bir daha yəqin edirəm. Atam 1938-ci
ildə repressiya olunmuşdu, onda iki yaşım vardı. Biz
dörd qızı anam Həzrə xanım təkbaşına
böyütdü. O, həmişə övladlarına
yaxşı oxumağı, dərslərə səy göstərməyi
aşılayırdı: “Atanız günahsız olduğunu
sübut edib üzüağ dönəcək yanımıza.
Onda sizin yaxşı oxuduğunuzu görüb fəxr edəcək”.
Atam bəraət alıb evimizə qayıdanda mən artıq
20 yaşında idim. Uşaqlıqdan
qarşılaşdığım bu haqsızlıq, nisgil mənə
rahatlıq vermirdi, ürəyimi çəkdiyim şəkillərdə
boşalda bilirdim. 1957-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbini bitirdim. Tanınmış rəssamlar
Böyükağa Mirzəzadə, Hafiz Məmmədov, Lətif
Feyzullayev, Eyyub Hüseynov və başqaları bizə dərs
deyirdilər. Xalq rəssamı Vəcihə Səmədovanın
sinfində oxuduğum üçün həmişə fəxr
etmişəm. Onlar həm də sözün əsl mənasında
böyük insan, əsl ziyalı idilər. Təhsili başa
vurduqdan sonra məni “Azərinform”a (indiki AzərTAc) işləməyə
göndərdilər. İstedadlı jurnalistlərlə
yaxından tanış oldum, bilmədiklərimi onlardan öyrəndim,
sonralar SSRİ Jurnalistlər İttifaqına qəbul edildim.
Burada 10 il işlədikdən sonra
“Azərbaycan qadını” jurnalına bədii redaktor vəzifəsinə
dəvət aldım. Jurnalın redaktoru gözəl tərcüməçi
Şəfiqə Ağayeva idi. Sonra redaktorumuz
tanınmış yazıçı Xalidə Hasilova oldu.
Yaxşı yadımdadır, jurnalın 50 illik yubileyi
münasibətilə keçirilən böyük tədbirdə
ümummilli lider Heydər Əliyev də iştirak edirdi. O,
jurnalın ünvanına xoş sözlər söylədi.
Jurnalda çalışdığım 28 il müddətində
çoxlu diplomlar, fəxri fərmanlarla
mükafatlandırıldım, redaksiyanın kollegiya
üzvü seçildim, xarici səfərlərdə oldum. Təvazökarlıqdan
kənar olmasın, bunların hamısının arxasında
böyük zəhmət dururdu. Bədii tərtibat bədii
zövqdür, gözəl forma ilə gözəl məzmunun
vəhdətidir. Materialların səhifələrdə
zövqlə yerləşdirilməsi, arakəsmə
materiallarından, klişelərdən, şəkillərdən
düzgün istifadə edilməsi jurnalın lazımi səviyyədə
çıxmasını təmin edir. Bu, böyük məsuliyyət,
daim axtarışda olmağı tələb edirdi.
İşimin çox olmasına baxmayaraq, axşamlar təhsilimi
Politexnik İnstitutunun arxitektorluq fakültəsində davam
etdirdim. Sonralar Layihə İnstitutunda işləməyə dəvət
alsam da, redaksiyadakı işimdən ayrıla bilmədim. Hər
gün redaksiyamıza gələn maraqlı, cəmiyyətdə
hörmət qazanmış adamlarla ünsiyyətdə
olurdum.
Ailəyə, evə bağlı
insan olmuşam. Həyat yoldaşım Fuad Abaszadə turizm sahəsində
çalışırdı, incəsənətə çox
meyilli insan idi, gözəl piano çalırdı. İndiki
MDB ölkələrinə turist səfərlərinin
reallaşmasında az zəhmət çəkməmişdi.
Hər uğurundan fərəhlənirdi (təəssüf ki,
indi onun haqqında keçmiş zamanda
danışırıq). Qızım Mələk incəsənət
sahəsini seçdi və indi Əməkdar artistdir. Onun
bütün uğurlarına ürəkdən şadam.
Arzulayıram ki, nəvələrim Mikayıl, Cavanşir əsl
vətəndaş kimi böyüsünlər.
Gənclərə tövsiyəm
budur ki, valideynlərinin, ahıl insanların hörmətini
saxlayıb qədrini bilsinlər. Yaşlıların məsləhətləri,
duaları gənclərimizə hər işdə dayaq
olsun.
Solmaz Abdullayeva (solda), xalçaçı
- Əslən qubalıyam, Qonaqkənddən.
Kiçik yaşlarımdan orada hər evdə cəhrə,
hana görmüşəm. Quba qədim ticarət
yollarının, Böyük İpək yolunun kəsişməsində
yerləşdiyi üçün tarixən sənətkarlıq
mərkəzi olub. Quba xalçaları zərif və parlaq
yunu, yüksək sıxlığı, rəngarəng bədii
tərtibatı, ecazkar naxışları ilə hələ
orta əsrlərdə dünya miqyasında şöhrət
qazanıb. Sözsüz ki, Azərbaycanın bütün
rayonlarında toxunan xalçaların öz gözəlliyi
var. Mən də gözümü açıb Quba
xalçalarını görmüşəm. Ailəmizdə
nənəm Gülxanım, anam Mərziyə, xalam
Gülbiçə, əmimin həyat yoldaşı
Güllü xanım, dayımın yoldaşı Ayxanım
(ruhları şad olsun) yaxşı xalça toxuyurdular. Nənəmin
yaşı 100-ü keçsə də, gözündən
bir ilmə belə yayınmırdı. Mən də 10-12
yaşımdan onlara qoşulub xalça toxumağa
başlamışam. Onların gözəl əl qabiliyyəti
vardı ki, məşhur xalçaçı rəssam Lətif
Kərimov da onların işini bəyənirdi. Bakıdakı
evimizin həyəti bir növ xalça emalatxanasını
xatırladırdı. Anamgil işi götürüb
hananı burda qururdular. Biz Lətif müəllimdən
başqa, digər tanınmış rəssamlar Kazım
Kazımzadə, Eldar Mikayılovla da işləmişik. Sovet
dövründə uzun illər keçmiş Lenin Muzeyində
(indiki Muzey Mərkəzi - red.) nümayiş etdirilən
böyük ölçülü “Lenin Oktyabrda”, kosmonavtlar
Y.Qaqarin, V.Tereşkova, G.Titov, bəstəkar A.Skryabin, akademiklər
Y.Məmmədəliyev, Ə.Əlizadə, Ə.Sumbatzadə
(hamısı L.Kərimovundur) və s. portret xalçaları
toxumuşuq. Onu da deyim ki, hər kəs belə xalçalar
toxumağın öhdəsindən gələ bilmir.
Bunları ortaya çıxarmaq üçün yüksək
professionallıq tələb olunur. Çox baməzə,
zarafatcıl insan olan Lətif müəllim toxucularının
qədrini yaxşı bilirdi. Əgər anamgil deyirdilər
ki, bu işi götürüb öz həyətimizdə
toxuyacağıq o, buna qarşı çıxmaz,
razılaşırdı. Bilirdi ki, həyətimizdə yunun
daranması, əyrilməsi, kələf edib boyanması
üçün yaxşı şərait var. Lətif müəllimgillə
demək olar ki, bir ailə kimi idik. O, ensiklopedik biliyə malik,
təvazökar, son dərəcə mədəni, sadə
insan idi. Heç kəsin qəlbinə dəyməzdi. Ədəbiyyatı,
musiqini də xalça qədər gözəl bilirdi. Onun
söhbətlərindən, söylədiyi şeirlərdən
doymaq olmurdu. Allah ona qəni-qəni rəhmət eləsin. Onu
şəxsən tanıdığım, ünsiyyətdə
olduğum üçün özümü xoşbəxt
sayıram.
Xalça toxuyarkən insan hər
şeyi yaddan çıxarıb fikrini ancaq ona yönəldir,
sanki başqa - ilmələr aləminə düşürsən.
İşi başa çatdırıb ona kənardan tamaşa
edəndə fərəh, sevinc hissi keçirib qürrələnirsən
- bu dünyada mənim əməyimdən də nələrsə
qalacaq!.. Qeyd edim ki, hazırda L.Kərimovun adını
daşıyan Xalça muzeyində bizim “komandamızın” ərsəyə
gətirdiyi bir neçə ornamentli xalça qalmaqdadır.
Xalça bizim tariximiz, mədəniyyətimizdir. İnsan
dünyaya gələndə də xalçanın
üstünə qoyulur, dünyadan köçəndə də.
Ona görə də xalçaya müqəddəs bir şey
kimi baxıram. 65 yaşım olsa da, hələ xalçadan
doymamışam. Hər dəfə Xalça Muzeyi
üçün tikilən yeni binanı görəndə
sevinirəm. Arzum budur ki, gənclərimiz də bu peşəyə
həvəslə yiyələnib onu layiqincə gələcək
nəsillərə ötürsünlər.
İradə
Əsədova
Mədəniyyət.-
2011.- 30 sentyabr.- S. 15.