Səhnə ustalarımız: Əşrəf Yüzbaşov

 

   Əşrəf Yüzbaşov tədqiqatçıların diqqətini o qədər cəlb etməmiş aktyorlarımızdandır. Barəsində çox az yazılıb. Yazanlar da aktyorun siyasi fəaliyyətinə daha artıq yer vermiş, onun 1901-ci ildən inqilabi hərəkata qoşulması, 1905-ci ildə bolşeviklər partiyasına daxil olması, gizli fəaliyyətinə görə dəfələrlə həbsə alınması və sürgün edilməsi ilə bağlı məqamları ön plana çəkmişlər.

  

   Əşrəf Yüzbaşov doğrudan da həyatının böyük hissəsini siyasi mübarizəyə həsr etmiş, «Hümmət» təşkilatının Tiflis şöbəsini təşkil edənlərdən biri olmuşdur. Bununla yanaşı, o, Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Mustafa Mərdanov, Həbib Köçərlinski, Möhsün Sənani və başqa səhnə ustaları ilə bir sırada Tiflisdə Azərbaycan teatrının yaradılmasında, təşkilatlanmasında və yeni aktyorların yetişməsində böyük əməyi olan teatr fədailərindəndir.

   Əşrəf Yüzbaşov 1880-ci ildə Şamaxıda doğulub. Sonradan Tiflisdə yaşayıb, burada dərzilik edib. Teatr sənətinə sonsuz həvəsi də elə burada yaranıb.

   Sənət dostu Mustafa Mərdanovun yazdıqlarından: «Bir aktyor olaraq Əşrəf Yüzbaşov Azərbaycan teatr tarixində özünəməxsus yer tutur. Onun yaratdığı Hacı Səməd, Hacı Həsən, Qubad, Cavad, Həsən, Barabansio, Qoca Moor, Səyyah, Məşədi İbad, Zimzimov hələ də tamaşaçıların yadındadır» (Mustafa Mərdanovun Əşrəf Yüzbaşov haqqında xatirələri oxuculara 1973-cü ildə çatdırılıb - A.B.)

   Professor Abbas Hacıyev «Tiflis Azərbaycan teatrı» kitabında onun sənət fəaliyyətini yüksək qiymətləndirmiş və belə yazmışdır: «Türkiyə və İran, Gəncə və Naxçıvan, Batum, Şəki, Borçalı, Qarayazı, Adıgün və Volqa boyunda qastrollarda olan, ömrünün sonuna qədər səhnədən ayrılmayan Əşrəf Yüzbaşov Tiflis Azərbaycan teatrının inkişafına hərtərəfli kömək etmiş, cavan aktyorlara sənət qayğısı ilə yanaşmışdır. O, xüsusən 1916-cı il Təbriz, 1919- cu ildə isə Türkiyə qastrollarında böyük müvəffəqiyyət qazanmışdır».

   Məlumdur ki, Azərbaycan səhnəsinin böyük aktyoru və rejissoru Hüseyn Ərəblinski həmin illərdə vaxtaşırı Tiflisə gələr, buradakı aktyorların qüvvəsi ilə tamaşalar hazırlayar, özünün tamaşalarında, eyni zamanda, yerli rejissorların tamaşalarında aktyor kimi iştirak edərdi. Bu tamaşalara Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, Həbib Köçərlinski və İbrahim İsfahanlı ilə yanaşı, Əşrəf Yüzbaşov da dəvət edilirdi. Əlbəttə, Hüseyn Ərəblinski kimi sənətkarın hazırladığı tamaşalarda iştirak etməsi, habelə onunla tərəf-müqabil olması Əşrəf Yüzbaşovun istedadını, özünəməxsus yaradıcılıq keyfiyyətlərini üzə çıxardır, həm də bir sənətkar olaraq onun daha da püxtələşməsinə ciddi təsir göstərirdi.

   1910-cu ildə Bakıdan Tiflisə qastrola gəlmiş «Səadət» cəmiyyətinin dram kollektivinin üzvləri yerli aktyorların iştirakı ilə hazırladıqları «Əlmənsur», «Müsibəti-Fəxrəddin», «Gaveyi-ahəngər», «Pəri cadu» tamaşalarını nümayiş etdirmişlər. Bu tamaşalar, xüsusən «Gaveyi-ahəngər» böyük uğur qazanmış, tamaşaçıların marağı nəzərə alınaraq təkrar göstərilmişdir.

   Qeyd edək ki, «Gaveyi-ahəngər»də Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Hüseynqulu Sarabski ilə yanaşı, Tiflis aktyorlarından Əşrəf Yüzbaşov, İbrahim İsfahanlı və başqaları da uğurla çıxış etmişlər.

   «Gaveyi-ahəngər»in digər quruluşda tamaşası barədə məlumata professor Əziz Şərifin xatirələrində rast gəlirik. Professorun öz gündəliyinə və tamaşanın şəxsi arxivində saxladığı proqramına əsasən verdiyi məlumata görə, Tiflis teatrının aktyoru və rejissoru Mirzəli Abbasovun hazırladığı bu tamaşa («Gaveyi-ahəngər») 1914-cü il yanvarın 17-də Tiflisdə, «Gürcü teatrı»nda göstərilmişdir. Tamaşada Hüseyn Ərəblinski ilə birlikdə Tiflis teatrının aktyorları - Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov və başqaları da iştirak etmişlər.

   Əziz Şərif “Keçmiş günlərdən” adlı kitabında bu tamaşanın proqramını vermiş və sonra yazmışdır: «Bu siyahıdan (iştirakçıların siyahısı nəzərdə tutulur - A.B.) əsərin və tamaşanın nə qədər mürəkkəb olduğunu duymaq o qədər də çətin olmamalıdır. İnqilabdan sonra müasir orijinal və tərcümə edilmiş dram əsərlərinin səhnəmizə gəlməsi ilə səhnəmizdə öz yerini itirmiş bu əsər («Gaveyi- ahəngər» - A.B.) o zamanlar tamaşaçıları çox maraqlandırır və cəlb edirdi. Dahi Firdovsinin «Şahnamə»sindən götürülərək məşhur Osmanlı ədibi Şəmsəddin Sami bəy tərəfindən tərtib edilmiş bu əsər o zaman üsyankar bir əsər kimi səslənirdi. Buradakı zəngin səhnə surətləri də aktyorlara öz sənət və istedadını göstərmək üçün geniş imkan verirdi. Buna görədir ki, artistlər də çətin və şərəfli sınaqdan keçmək üçün hər dəfə bu əsəri seçirdilər».

   Hüseyn Ərəblinskinin bu kollektivlə növbəti işi Mehdi bəy Hacınskinin «Sultan Əbdüləziz» tarixi faciəsinin tamaşası olmuşdur. Mirzəli Abbasovun hazırladığı tamaşa 1914-cü il yanvarın 24-də yenə «Gürcü teatrı»nda göstərilmişdir. Tamaşada Sultan Əbdüləziz rolunun ifaçısı Hüseyn Ərəblinski ilə yanaşı Mirzəli Abbasov, Nadir İbrahimov, Əşrəf Yüzbaşov və başqaları da oynamışlar.

   Onu da qeyd edək ki, həmin vaxtlar Əşrəf Yüzbaşovun da iştirakçısı olduğu «Ağa Məhəmməd şah Qacar», «Nadir şah», «Qaçaqlar», «Otello», «Dağılan tifaq», «Arşın mal alan», «O olmasın, bu olsun", «Bəxtsiz cavan», «Pəri cadu» və başqa tamaşalar da uğurla nümayiş etdirilirdi.

   Professor Əziz Şərif öz gündəliyində 1914-cü il martın 26-da Tiflis şəhərində, «Kazyonnı teatr»da Tehrandan gəlmiş məşhur xanəndə və sazəndələr - Mirzə Əbülhəsən xan, Tahirzadə və Dərviş xanın, habelə Hüseyn Ərəblinski və Tiflis teatrının bir qrup aktyorunun iştirakı ilə keçirilmiş «Şərq konserti» barədə müfəssəl məlumat vermişdir. Əziz Şərifin yazdığı «Gündəlik»dən sətirlər: «Konsertin ikinci şöbəsində yalnız bizim artistlər iştirak edirdilər... (Əşrəf) Yüzbaşov və (Mirzəxan) Quliyev «Əlli yaşında cavan» operettasından birinci şəkli çox canlı oynadılar. Onlar teatr paltarında, ancaq qrimsiz idilər. Bu, hamının xoşuna gəldi. Bunlardan sonra Kirmanşahlı Hüseyn Cavidin «Gecəydi» şeirini oxudu. Ondan sonra Ərəblinski çıxdı. Hamletin məşhur monoloqunu oxudu».

   Əlbəttə, Əşrəf Yüzbaşovun belə yüksək səviyyəli tədbirdə məşhur sənətkarlarla birlikdə çıxış etməsi artıq onun bir sənətkar kimi özünü təsdiq etdiyini göstərir.

   Müasirlərinin və həmkarlarının xatirələrindən məlum olur ki, Tiflis Azərbaycan teatrının Təbriz (1917-ci il) və İstanbul (1919-cu il) qastrollarının təşkilində və keçirilməsində də Əşrəf Yüzbaşovun böyük rolu və əməyi olmuşdur.

   Təbriz qastrolunun təşkilatçıları Mustafa Mərdanov və Əşrəf Yüzbaşov olmuşlar.

   İbrahim İsfahanlının xatirələrindən: «1917-ci ilin əvvəllərində Təbriz qastrolunun təşkilat işləri Mustafa Mərdanova və Əşrəf Yüzbaşova tapşırılmışdı. Rejissorluq işi mənim öhdəmə düşürdü... Artistlərdən Mirzəli Abbasov, Mustafa Mərdanov, Əşrəf Yüzbaşov, Məmmədəli Əliyev, Haşım Haşımov, mən və qeyriləri daxil idik». Truppa həmin səfər müddətində «Nadir şah», «Dağılan tifaq», «Arşın mal alan», «O olmasın, bu olsun", «Bəxtsiz cavan», «Gaveyi- ahəngər»,«Pəri cadu» və başqa tamaşaları göstərmişdir.

   İbrahim İsfahanlı daha sonra yazır: «Bizim teatrın artistlərinin iştirakı ilə oynanılan bu əsərlər ( müəllif bu siyahıya bir neçə Azərbaycan operasını da əlavə etmişdir - A.B.) 1917-ci ildə Təbrizdə, 1919-cu ildə İstanbulda, 1922-ci ildə Qarsda, habelə 1926-cı ildə yenə Təbrizdə bizə şöhrət qazandırmışdır».

   Bu qastrolların təşkilində, ayrı-ayrı tamaşaların hazırlanmasında və nümayiş etdirilməsində Əşrəf Yüzbaşov müstəsna xidmətlər göstərmişdir.

   Tiflis teatrının İstanbul qastrolu barədə «Mədəniyyət»in oxucularına məlumat vermişik. İndi isə Əşrəf Yüzbaşov barədə söhbət getdiyini nəzərə alaraq bir daha deməliyik ki, bu qastrolun uğurunda da onun əməyi danılmazdır.

   Müasirlərinin və həmkarlarının dediklərinə və yazdıqlarına istinadən qeyd edək ki, Əşrəf Yüzbaşovun aktyorluq fəaliyyətini yalnız Tiflis deyil, Gəncə, Şəki, Kutaisi, Batumi, habelə Təbriz və İstanbul mətbuatı da geniş işıqlandırırdı.

   Tiflis teatrının truppası 1919-cu ildə İstanbulda qastrolda olarkən Türkiyə mətbuatında çoxsaylı elanlar və resenziyalar verilirdi. İstanbulda çıxan «Nədim» qəzetinin 23 yanvar 1919-cu il tarixli sayında verilmiş elanlardan nümunə: «Azərbaycan dram və operetta kompaniyası qarşıdakı cümə günü saat bir yarımda yalnız xanımlar üçün, nəqliyyat vasitəsi və hazırkı vəziyyət nəzərə alınaraq gündüz və axşam saat 5-də Təpəbaşı qış teatrında, cümə ertəsi gündüz və gecə Şahzadəbaşında «Millət» teatrında, bazar ertəsi günü və axşamı Qazıköyündə «Quşdili» teatrında Qafqaziyanın ən məşhur operetti «Məşədi İbad»ı («O olmasın, bu olsun» nəzərdə tutulur - A.B.) oynayacaqlar». (Qulam Məmmədli. «Azərbaycan teatrının salnaməsi», Bakı, 1975, s. 514).

   «Tamaşa» jurnalında Əşrəf Yüzbaşov haqqında yazılmış məqalədə isə deyilirdi: «...Kompaniyanın pək möhtərəm bir siması olan Əşrəf bəy Yüzbaşov bizə canlı Məşədi İbad surətini göstərdi... Həyat adiyədə də pək təmkinli, pək dərabətli olan bu zat Qafqazın həyat tamaşasının ən əski nadimlərindən biridir. Əşrəf bəyi tanımaqla böyük bir məmnuniyyət duyuruq». (Sitat Mustafa Mərdanovun «Mənim müasirlərim» (Bakı, 1973) kitabından götürülmüşdür).

   Əşrəf Yüzbaşov 1920-ci ildən 1923-cü ilədək Azərbaycanda yaşamış və burada müxtəlif vəzifələrdə işləmişdir. 1923-cü ildə yenidən Tiflisə qayıtmış və ömrünün sonuna - 1938-ci ilədək Tiflis Azərbaycan Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.

  

 

   Adilxan Bayramov,

   filologiya elmləri doktoru

 

   Mədəniyyət.- 2011.- 30 sentyabr.- S. 13